ÖMRÜNDE BİR DEFA


Bizim uşaqlığımızda şax modda idi. Üstünə hər növ şokolad, konfet bakkuşa qədər asılırdı. Bəyin siqareti, çaxmağı, şərabı, yanında iki qədəhi. Köynək, corab- dəsmalı. Alma, nar bircə kartof asılmırdı, indi məni kimsə sağdış tutsa, kartof da asardım, hətta üz gözünü də bəzəyərdim ki, bilməsinlər o nədir. Deməli, bacımı sinif yoldaşı sağdış tutub, bəy gəlib çıxmır gəlini kəndin o üzündən bu üzünə geyindirib gətirsinlər.

Ailəmiz böyük olduğuna görə atam pul ehtiyatı tutan kişi olub, təkcə o da deyil yetim böyüyüb, ailə yükü çiyninə düşüb, bizdən ayrı bir çay evinə gedib çay içməyib. Ustalıqdan qazandığı pulla həm bizə təhsil verib, həm də kiminsə qabağında işləməyə yol verməyib. Əkin sahəsidəki maşallah elə bir ucdan ək becər ye.

Sözüm onda ki, kişi artıq yerlərə pul xərcləməyi sevməyib, dayım aşıqdır, səsi olmasa da şirin saz çalır, əslində səsi varmış, cavanlığında dərman verib korlayıblar səsini.

Oğlanlarına neçə toy edibsə, məsələn birinə beş toy edibsə, ancaq dayımı gətirib. Pul veribsə də, ona verib. İndi xına yaxdıya da iki ayağını bir başmağa dirəyib dayımı çağırıb, dayım da kürəkənini, bir saz çalan oğlunu və əmisi oğlu ilə əmisi oğlunun oğlunu gətirib.

Saz, qarmona, qarmon dəfə uyğun gəlmir, bunlar dınqıldadır, mən də qızları bir – bir çıxarıb dınqıltıya oynayıram, yazıq qızlar da sözümü yerə salmır qaz suda çırpınan kimi çırpınırlar. Gəlin gəlib çıxmır. Özü də soyuq dekabr ayıdır, saat üçü keçir, qızlar aclıqdan təntiyiblər. Yemək bişirən də anamdır, atamın iki əmisinin gəlinləridir. Qollarını çırmalayıb dolma bozartma bişirirlər.

Oynamaqdan ölmüşəm, adam nə qədər dınqıltıya özünü zorlayar, rəsmən işgəncə yaşayıram. Qabağı zərli koftalar yenicə mod olanda anam bir alverçiyə sifariş verib, Nərgiz arvada o isə düz bir ildən, moddan düşəndən sonra gətirib çıxartdı, onu da geyinib forslanıram. Nə isə gəlin bəy yarım yamalaq vağzalı ilə evimizin dalında atam qardaşlarımı yanına alıb əyri -üyrü tikdiyi navesə girdilər, bacım evdə bapbalaca bir tort bişirib, yeməyi yedilər qızların gözünə işıq gəldi, tortu da kəsdilər, qızlardan biri, sinif yoldaşım eviniz şen olsun dedi, məndə sağ ol deyib gülümsədim. Birdən atamın içib keyfi kökləndi. Dayıma Məşədi İbad havasını zakaz elədi. Gözü qaşı ilə sən qızı mənə verginən gör səni necə şad elərəm dedi, davamı kişi dizini anamın qarşısında yerə qoydu. Birdən yerindən sıçrayıb anamın yanağından öpdü. Məclisə gülüşmə düşəndə, əsəbləşdim, mağarı tərk elədim. Dayım əlini atdı qartal kimi çiynimdən tuta, jaketim əlində.

Jaketim əlində qaldı, a qızım…. Qızı getdi. Üstündən iyirmi il keçdi, atam, anama və o kasetə baxanda kədərləndim, atam anam qocalıb, heç anam yazıq qara günlərdən gün də görməyib, səkkiz uşaq böyüdüb. Ömründə bir dəfə belə xoş an yaşayıb bəlkə də… Anamla atam çox ağrılar yenib, çox zor günləri bərabər keçib, heç qızıl sırğa alıb qulağına taxmayıb. İndi də söz düşəndə atama bircə sırğa alıb qulağıma taxmadın tənəsini vurur. O da özünü sındırmır, Qeybalılar elə hamısı sırğalı gəziblər deyib təbəssüm edir.

.. Bax adama deyərlər kişi öz arvadını öpüb bax sənə nə?!..


Gülnare İsrafil
www.kafiye.net