HƏSƏD (roman) 89

Arzu bacısının qoluna yavaşca toxundu:
-Sevil,gecdir əzizim,gəl gedək.Evdə söhbət edərik.
Sevil sanki yuxudan ayıldı.Əlini bacısının əlinə toxundurub gülümsədi:
-Gedək bacı.Gedək öz xanəmizə.Sən demə əsl xoşbəxtlik elə ordaymış.
Qonaqların ayağa qalxdığını görən Çingiz atası ilə tələsik nəsə danışıb onlara yaxınlaşdı:
-Niyə belə tez?Bizim qarşıda hələ sürprizlərimiz olacaqdı.
-Narahat olma oğlum,-Zəhra mehribanlıqla dilləndi,-hər şeyə görə sağ olun.Artıq gecdir,biz bu saatlarda evdə olmağa adət etmişik.Siz isə bizə görə narahat olmayın,-Xavərə və yoldaşına baxıb gülümsədi,-istirahətinizə davam edin.
Xavər də onlara yaxınlaşdı.Hər üçünün üzündən-gözündən öpüb razılığını bildirdi.Zəhraya isə astadan:
-Sizə zəng vuracağam,-deyə pıçıldadı.
Zəhranın qəti etirazına baxmayaraq,Çingiz onları düz qapılarına qədər gətirdi.Pillələri enmək istəyirdi ki,Zəhra onu dayandırdı:
-Çingiz…
-Bəli,Zəhra xanım,-Çingiz geriyə döndü.
-Əgər…əgər tələsmirsənsə…keç evə…bizimlə bərabər bir stəkan çay iç.
Çingiz məhz bu təklifi gözləyirmiş kimi cəld ayaq saxladı.Arzuya baxıb gülümsədi:
-Tələsən yerim yoxdur.Anamgili evə sürücü aparacaq.
-Elə isə…,-Sevil qapını açdı,-buyura bilərik.
Hamılıqla evə daxil oldular.Sevil otaqların işığını bir-bir yandırıb dərindən nəfəs aldı:
-İlahi…əsl cənnət elə bu evimiz imiş,-qollarını yana açdı,-əsl səadət burda imiş!!!
-Sözünə qüvvət,-ana gülümsədi,-haraya getsəm öz uçuq daxmam üçün darıxıram.
Hamı rahatlanana qədər Arzu mətbəxə keçib çaydanı qaynamağa qoydu.
-Zəhra xanım,-Çingiz keçib divana əyləşdi,-sizdən bir söz soruşmaq istəyirəm…əgər…cavab vermək çətin olsa…təkid etməyəcəyəm.
-Buyur oğlum,-Zəhra sanki onun nə soruşacağını əvvəlcədən bilirdi.Cavab verməyə də tam hazır olduğu simasından bəlli idi.
-Mənə elə gəlir ki…siz xalam Zivər xanımı əvvəldən tanıyırdınız.
-Bəli,-Zəhra qətiyyətlə cavab verdi,-özü də çox yaxşı tanıyıram.Elə…elə o da məni yaxşı tanıyır.
-Maraqlıdır…hardan və necə?
-Mən …mən uzun illərdir ki,onun evində işləyirəm.Gecə gündüz hər bir buyruğuna əməl edib balalarıma çörək qazanmışam.Əməyimə qiymət verən vaxtları da olub,verməyən vaxtları da,-qadın köks ötürdü,-canı sağ olsun,hər halda çörəyimi qazanmışam…
-Belə…,-Çingiz dodağını çeynədi.
Qızlar eşitdikləri cavabdan heyrətlənib bir-birinə baxdılar.
Zəhra isə heç nəyi gizlətmək fikrində deyildi.
-Ailə olduqca kübar bir ailədir.Özünün də çox sərt qanunları var.Evdə işləyən hər bir kəs də o qanunlara sözsüz-sovsuz əməl etməlidir.Nə deyim…bəzən insanın qüruru dilə gəlir,nələrəsə etiraz edir…amma bəzi şeyləri düşünəndə o qürurunu yola gətirməyə məcbur olursan.Razılaşırsan…
-Elədir,-Çingiz deyilənləri təsdiqlədi,-bu barədə qadınlar daha dözümlü olurlar,çünki analıq hissi hər şeydən üstündür.Dünyanın ən ağır zərbələrini də dəf etməyə qadirdir.
-Hə bala,elədir,-Zəhra onun ağıllı gözlərinə baxdı,-bala üçün nələr etməz ana?
Çingiz qəhərlənsə də,özünü toparladı:-
-Anamla xalam doğma bacı olsalar da,xasiyyətləri çox fərqlidir.Anam nə qədər rəhmdil,xoşxasiyyət,səmimidirsə,xalam bir o qədər şöhrətpərəst,yekəxana,zəhmlidir.Nə etmək olar,-gülümsədi,-hərə bir xasiyyətdədir.Amma sizi tam əmin edirəm,bir kimsə xətrinizə toxuna bilməz,-Zəhranın əlini öpdü,-siz bu gün mənə bir neçə dəfə “oğul”dediniz…bu sözün məsuliyyətini çox gözəl dərk edirəm.Elə bu gün burda sizə əsl oğul olacağıma söz verirəm.
Zəhranın dodaqları əsdi,gözləri doldu.Əllərini onun qara qalın saçlarına çəkdi:
-Sağ ol bala…Allah da səni istəsin.Mənim Arzuma arxa dayaq ol,bəsimdi.
-Biz bir ailəyik Zəhra ana,-Çingiz yenidən onun əlini öpüb ovcuna aldı,-sona qədər də birlikdə olacağıq.
Zəhranın gözlərində sevinc yaşları parıldadı.
Arzunun süzdüyü çaydan bir neçə qurtum içib ayağa qalxan Çingiz sağollaşıb qapıdan çıxanda :
-Zəhra ana,-dedi,-sabahdan o evə getməyə bilərsiniz.
Qızlar da,ana da məmnunluqla baxıb gülümsədilər.
Qonağı yola saldıqdan sonra divana əyləşən Zəhra dərindən nəfəs aldı,sanki çiynindən ağır bir yük götürülmüşdü.
-Dünyanın işinə bax e,-Sevil özünə mürəbbə çəkdi,-gərək elə sənin o Zivər xanımın gəlib ora çıxaydı? Özü də Çingizin xalası olaydı? Forsu,ədası adamı yıxır…
-Hər şey Allahın əlindədi qızım,-Zəhra güldü,-hər işdə bir xeyir var.Demək belə lazım imiş.
-Hə,-Arzu da söhbətə qarışdı,-biz ki,heç nəyimizi heç kimdən gizlətmirik.Kimsənin də yanında başımızı aşağı əyəcək bir işimiz yoxdur.Bizi bəyənən hər halımızla bəyənsin.Bəyənməyənlə də ki,işimiz yoxdur.
-Iş bəyənməkdə deyil,-Zəhra yerini rahatladı,-mənimlə bərabər o evdə işləyən qadınlardan biri mənə söyləmişdi ki,xanım öz qızını bacısının oğluna vermək istəyir.Bunun üçün də dəridən-qabıqdan çıxır.Amma bacısının oğlu bu işə qol qoymur,”Aytən mənim bacımdır”deyir.Doğrudur,Aytən həqiqətən çox yaxşı qızdır,amma…ürəyə zor yoxdur.
-Hə,belə çıxır ki,dünən Xavər xanım ona telefonda ucundan-qulağından nəsə danışıb,-Sevil çoxbilmiş görkəm aldı,-o da etməyib tənbəllik,durub gəlib Çingizin seçiminə baxmağa,-əllərini bir-birinə vurub güldü,-amma nə olub!
Ana da,qızları da güldülər.
-Onu təəccübləndirən başqa şey idi,-Zəhra əlini səliqə ilə yığılmış saçına çəkdi,-o məni bu illərdə heç belə səliqə-sahmanda görməmişdi.Adi qulluqçu geyiminə adət etmiş adam üçün əlbəttə ki,bu gözlənilməz bir şey idi.
-Sənin adi dediyin o mənəviyyatın onun o bərbəzəkli mənəviyyatından daha varlıdır,-Sevil gülümsədi,-heyf mane oldunuz mənə…hələ deyəcəklərim vardı ona.
Arzu bacısını qucaqladı:
-Bax bacı,-dedi,-indi həyatı dərk etməyə başlayırsan.Özünə də sübut olur ki,hər bərbəzəkli insanın daxılı varlı deyil.Hər bəzək-düzəkli məkan rahat deyil.Onun içində mütləq səmimiyyət,saflıq,təmizlik olmalıdır.Hiylədən,məkrdən,ədabazlıqdan uzaq olmaqdır insanın əsl xoşbəxtliyi…
-Yaxşı,qızlar,-Zəhra yerindən qalxdı,-gecdir,çayınızı için,gedin yatın.Səhər iş günüdür.
-Ana,-Arzu astadan dilləndi,-bəlkə doğrudan da,daha o evə getməyəsən…
-Əlbəttə getməyəcək,-Sevil stəkanları süfrədən yığdı,-mən təhsilimi qiyabi davam etdirəcəyəm,demişdim sənə,-Arzuya baxdı,-özüm də işləyəcəyəm.Açığı evdə oturmaq məni bezdirdi.Bir neçə yerə müraciət etmişəm.Doğrudur,təkliflər var,amma əməkhaqqı məni qane etmədiyinə görə razılıq verməyə tələsmirəm.
-Dayan,dayan,-Arzu nə isə fikirləşdi,-necə olub ki,bu mənim ağlıma gəlməyib?…Çingiz Könülü azad etdikdən sonra məni onun yerinə təyin etdi.Mənim yerimsə hələ ki boşdur,-gözləri sevincdən parıldadı,-əlbəttə ki,günü sabah onunla bu barədə danışacağam.Şöbəmizdəki qızlarla da tanış olarsan,mənimlə bərabər şirkətimiz üçün də çalışarsan.
Sevil qaçıb bacısının boynunu qucaqladı:
-Bu lap əla olar!,-gözü bacısının sırğasına sataşdı,-hədiyyən də mübarəkdir bacı,sən hər şeyin ən gözəlinə layiqsən.Çingizlə də xoşbəxt olacaqsan.
Zəhra da qızını qucaqlayıb öpdü:
-Hədiyyən də mübarəkdir,ad günün də!
–Deyirdiniz bu gün yaddaqalan olacaq,-Sevilin gözləri güldü,-doğrudan da qeyri-adi bir gün oldu…yaddaqalan…

ARDI VAR.
Govher Rüstamova
www.kafiye.net