Sona Abbasəliqızı İsmayılova

Yazıçı Sona Abbasəliqızı İsmayılova 20.12.1961-ci ildə Göyçə mahalında anadan olub. İlk orta tehsilini də orada alıb və 1980- ci ildə başa vurub.Ali təhsilini BDU-nun Jurnalistika fakültəsini bitirib. İlk əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində başlayıb. Hal-hazıradək ARDNŞ-də çalışır. Vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyi üçün müxtəlif Dövlət mükafatlarına layiq görülüb.
İstehsalatda əmək fəaliyyəti ilə yanaşı yaradıcılıqla da məşğuldur. Müxtəlif dövrlərdə bir sıra nüfuzlu qəzet və jurnallarda redaktor və baş redaktor olaraq məsul vəzifələr icra edib. Dörd yüzdən çox kitabın redaktorudur. Şeirləri, hekayələri və publisistik yazıları tanınmış qəzet, jurnal və almanaxlarda çap olunub, böyük oxucu kütləsinin rəğbətini qazanıb. Əsasən yazıçı kimi tanınıb. Xalq yazıçısı Əzizə Cəfərzadədən sonra tarixi roman yazan ikinci yaradıcı qadındır. Kitablarına Azərbaycanın Xalq şairi Nəbi Xəzri, xalq


şairi Nəriman Həsənzadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, Fililogiya elmləri doktoru, professor Nadir Məmmədli, Əməkdar jurnalist Eldar İsmayıl Böyüktürk və digər görkəmli şair və yazıçılar ön söz yazıb. Azərbaycanlı yazarlarla yanaşı Türkiyə yazarları da Sona İsmayılovanın yaradıcılığına diqqətlə yanaşıb. Atatürk Universitetinin professoru Kərəm Karabulut “Qar altındakı xatirələr” adlı nəsr əsərinə ön söz, professor Məlik Bülbül isə “Sözün Xaqanı” romanına son söz yazıb. Müəllifi olduğu 2 tarixi roman, 4 povest, 4 hekayə, 2 şeir və 1 uşaq şeirlərindən ibarət kitabı işıq üzü görüb.


Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Jurnalistlər İttifaqının, İraq Türkmən Ədəbiyyatı Yazarlar Birliyinin üzvüdür. Türkiyənin “Kaya haber”, “Avropa haber” Ajansının və ASKEF-in (Avrasiya sanat kültür edebiyyat federesyonu) Azərbaycan üzrə təmsilçisidir. Prezident mükafatçısıdır. “Səmənd Behrəngi”, “Qızıl qələm” mükafatlarına layiq görülüb. İki kitabı Türkiyə və Özbəkistanda dərc olunub. Romanları türk və gürcü dilinə tərcümə olunub. 60 illik yubileyi münasibətilə bir sıra ödül və təltiflərə layiq görülüb, Türkiyədə, Gürcüstanda və Azərbaycanın bir sıra bölgələrində yaradıcılıq gecələri keçirilib, oxucularla görüşləri təşkil olunub.14-cü kitabı çapa hazırlanır. Kitabda epik siqləti ilə diqqət çəkən tarixi “Sözün Xaqanı” romanı yer alıb.
Həyat yoldaşı Arif Abdullayev 2010-cu ildə vəfat edib. 2 övladı var. Qızı Samirə Arif qızı Həziyeva müəllimədir. Oğlu Samir Arif oğlu Abdullayev Dövlət Neft Şirkətində çalışır. 5 nəvəsi var.


Sona Abbasəliqızı İsmayılova




Həm nəvəmsən, həm oğlum

(Dünyama işıq səpən nəvəm Yusifin ad gününə)



Nə yaxşı ki, doğuldun,
Xoşbəxtlik dolu köçəm.
Sən mənim ömrüm boyu
Məkkəm, Mədinəm, Göyçəm.


Ömrü boyu gözünü
Qoy sarmasın qəm, oğlum.
Sən həyat çırağımsan –
Həm nəvəmsən, həm oğlum.


Adın peyğəmbər adı,
Həyatın da xoş olsun.
Gələcək uğurların
Halalındı, nuş olsun.


Gəl, öpüm üz-gözündən,
Bu gün sənin şad günün.
On dörd yaşa keçirsən,
Mübarəkdir ad günün!


Gülüşün, baxışın da
Mənə hər şeydən baha.
Sən varsan, mən də varam, –
Sona nə desin daha.




Sona Abbasəliqızı İsmayılova
www.kafiye.net