TÜRK OĞLU!



Zəfər qoxusu gəlir türkün ayaq səsindən,
Qeyrət, hünər boylanır türkün hər kəlməsindən,
Bir millət, iki dövlət hayqıran nəfəsinlə,
Vətəndə sədd çəkəni yandırıb- yax, Türk oğlu!


Otuz ildir Qarabağ ayaq altda inləyir,
Qəlbi səngər yurdumuz haray, imdad diləyir,
Şəhid qanlı torpaqlar səndən qisas gözləyir,
İldırım tək yağının başına çax, Türk oğlu!


Vətən sağolsun deyib torpağa qan verənin,
Vətən libası geyib, Vətənə can verənin,
Şəhidlik zirvəsinə sevərək yüksələnin,
Düşməninə silinməz çək sinədağ, Türk oğlu!


Tanrı pay eləyibdi, sarsılmaz qüdrətini,
Dünyaya bəyan etdin mərdlik, cəsarətini,
Qanınla yaz tarixə döyüş məharətini,
Qaliblik zirvəsinə bayrağı tax, Türk oğlu!


Aslan kimi düz durar, Türkün başı əyilməz,
Yağını məhv etməyə çarpışar, qorxu bilməz,
Bil ki vətən bölünməz, bil ki, şəhidlər ölməz,
Haqqın haqq dərgahına üzüağ qalx, Türk oğlu!


Xalide Nuray.15.09.2020-ci il

www.kafiye.net