A Y Q Ə L Ə M



Necə deyim alışmadım,yanmadım,

Alovlandım,axı yandım, ay qələm!

Görüb səni,sözü boynubükülü,

Param-param paralandım,ay qələm!




Bir söz dedim,min-bir yerə yozuldum,

Min dərdə,min qəmə bir kor göz oldum,

Gur ocaqda heç sönməyən köz oldum,

Öz üstümə mən qalandım,ay qələm!




Zildə dindim,mənə kimsən dedilər,

Bəmdə dindim,sarı simsən dedilər,

İnamı dandılar,haqqı yedilər,

Öz-özümü özüm dandım,ay qələm!




Bu hansı havadı,hansı avazdı?

Oxuyan da,oxunan da dayazdı,

Bu avaza,sözə şair nə yazdı?

Nə anladım,nə də qandım,ay qələm!




Salam verdim, duyan salam almadı,

Doğru-dürüst xəyallara dalmadı,

Tarda,sazda haqq bir hava çalmadı,

Ta hər şeyi ölü sandım,ay qələm!




Bir dil-dildən,bir əl-əldən yamandı,

Bu ona,o buna dedi amandı,

Bu necə məkandı,hansı zamandl?

Söz tapmadım,mən utandım,ay qələm!




Dümdüzə pis,pisə də düz dedilər,

Gözə qulaq,qulağa göz dedilər,

Bir dil saxla,mənə də döz dedilər,

Min büküldüm,min çattadım,ay qələm!



MƏZAHİR İSGƏNDƏR

21.10.2021

www.kafiye.net