YUXU




Gecələr yuxuma gələrdin hərdən,
Gələrdin gülərüz, şirim, mehriban.
Yaşın həmin yaşdı, saçlarınınsa,
Elə bil üstündən keçməmiş zaman.


Yenə gəldiyintək dönüb gedərdin,
Sorğusuz, sualsız, səssiz, sədasız.
Dumanlar içindən çevrilib, hərdən,
Əl də eyləyərdin çox etinasız.


Sanki sevgimiz də qısqanıb səni,
Hər zaman yuxuma gətirərdi gec.
Əllərin əlimə toxunan kimi,
Bir ömür ayılmaq istəməzdim heç.


Sarılıb yatardım xəyallarına,
Yenidən yuxuma gələsən deyə.
Ürəyim sinəmdə çırpınardı hey,
Yaman tələsərdi səni görməyə


Başımı yastığa söykəyən zaman,
Bütün xatirələr gələrdi dilə.
Kipriyim örtəndə nəmli gözləri,
Səni axtarardı yuxumda belə.


İndi yuxulardan çıxıb gəlmisən,
Sevginlə bərabər ta yanımdasan.
Hər sabah gözüm ilk axtarır səni,
Qorxuram yenə də yuxu olarsan.



Müəllif.M.Duyğulu.
28.07.2021
www.kafiye.net