OĞUL DÜŞMƏN ÇƏPƏRİDİR.



7-Cİ HİSSƏ.



Qabilin dünyaya göz açması, nəvə sevgisi ilə yanıb tutuşan Həlimə və Kazımı daha da fərəhləndirir, həyata olan nikbin baxışlarını daha da alovlandırırdı. Onların başı nəvələrə elə qarışmışdı ki, günlərin necə gəlib keçdiyini belə hiss etmirdilər. Habilin şıltaq gülüşləri, Qabilin isə qığıltı səsi sanki bu böyük evi daha da genişləndirib, işıqlandırırdı. Əkrəm işdən evə gələn kimi, gah yenicə ayaq açıb yeriyən Habil ilə vaxtını keçirir, gah da qığıltısı ilə qağayıya bənzəyən Qabilin süd qoxsunu ciyərlərinə çəkirdi.

Məsmənin nisbətən ruhən sakitləşməsi isə evə daha da rəng qatırdı. Başı Qabilinə qarışdığından Mənsurəyə də dəyib dolaşmırdı.

Mənsurə isə Habil ilə Qabilə fərq qoymadan hər ikisini də bağrına basıb onlara ana sevgisi bəxş edirdi.Axı hər iki uşaq da onun canından artıq sevdiyi Əkrəminin idi. Onun başı bu səs-küyə o qədər qarışmışdı ki, öz dərdini tamamən unutmuşdu.

Habil böyüdükcə, Mənsurə onun tərbiyəsi ilə ciddi surətdə məşğul olmağa başlayırdı.

Çünki, anasının ona verdiyi məsləhətlər qulaqlarında sırğa idi.

-Qızım, uşağı bələkdə, gəlini gərdəkdə tərbiyə edərlər.Əgər ilk gündən ipin ucunu buraxdınsa daha çətin yığıb-yığışdırarsan.

Mənsurə də övladının bu gününü deyil hər zaman gələcəyini düşünərək addım atırdı.

Habil ilk ata -ana deyən gündən etibarən, valideyinlə davranışı ona öyrədərdi.

Məsələn ata evə gələrkən, atanı qarşılayıb salam vermək, əlindən tutub masaya gətirmək. Ananı səsləmək kimi və sairə.

Məsmə isə Qabilə o qədər bağlanmışdı ki, aşırı dərəcədə olan sevgi, sanki onun gözlərini kor etmişdi. Hər gün alış-verişə gedir, Qabil üçün lazıb olub olmayan nələrsə alardı. Övladına olan sevgi ona hər kəsi, hətta hər addım başı qısqanclıq etdiyi ərini belə unutdurmuşdu. Daha Əkrəm onun otağına gəlib -gəlmədiyinin belə fərqinə varmırdı.

Beləcə aylar, illər keçdi. Habil və Qabilin məktəb vaxtı gəlib çatdı. Habil qardaşından bir yaş böyük olduğu üçün ondan bir il öncə məktəbə getdi. Elə məktəbə ilk ayaq basdığı gündən də müəllimlərinin sevgisini qazandı.

Məktəbdən evə gəldikdə isə, paltarlarını səliqə ilə soyunub yerinə asar, yeməyini yeyib dərslərini oxuyar, sonra isə həyətə çıxıb Qabil ilə oynayardı.

Qabil isə çox ərköyün böyümüşdü. Hər şeyə görə ağlayar, nə istədiyini heç özü də bilməzdi. Məsmə əlində yemək onun arxasınca sürünər, ac olub olmadığı halda belə yedizdirməyə çalışırdı.

Bir gün Mənsurə Məsməyə üzünü tutub dedi.

-Ay Məsmə bu uşağı az yedirt axı uşağın da bir yemək vaxtı var. Belə getsə uşaq yemək qaydalarını anlamayacaq.

Məsmə, Mənsurənin bu sözündən acıqlanıb cavab verdi.

-İndi sən özünü ağıllı hesab edirsən də hə?

Habilə baxanda ürəyim ağrıyır uşağı üfürsən yıxılacaq. Əslində günah səndə deyil ki, sənə uşaq verəndədir deyib gözlərini süzdürdü və Habili yanına çağırıb acıqla onu da yedizdirmək istədi. Habil isə Məsmənin təkidinə baxmayaraq yeməkdən imtina edib dedi.

Məsmə mama, mən yeməyimi yemişəm.İndi yemək vaxtı deyil ki..

Məsmənin tikəsi əlində asılı vəziyyətdə qaldı. O, heç nə demədən Qabili götürüb otağına keçdi.

Mənsurə isə köksünü ötürüb oğlunu bağrına basdı.

Qabil böyüdükcə, hər keçən gün Məsmənin içindəki canavarı oyatmağa başlamışdı.

Artıq evdə olan hüzur yavaş-yavaş Məsmənin tikanlı sözləri sayəsində əriyirdi. Mənsurənin Habilə verdiyi tərbiyə Məsməyə xoş gəlmir, onların ana-bala münasibətinə müdaxilə edirdi.

Mənsurə Habili tezdən oyadır, ondan paltarlarını səliqəli geyinib süfrəyə gəlməyini tələb edərkən, Məsmə Qabili yuxudan oyadıb güc bəla ilə hamama aparıb əl-üzünü yuyar, yeməyini isə yatağına gətirərdi. Mənsurəni isə tənqid edib, səndən uşaq saxlayan çıxmaz, sən uşağa zülm edirsən deyərdi.

Mənsurə, Məsmənin hər tikanlı sözlərinə dözsə də belə müdaxilələrinə dözmürdü.

O, bir gün Habilin ondan soyuyacağından çox qorxurdu. Buna görə də Əkrəmə dedi.

-Əkrəm əzizim, Məsmə son vaxtlar Habil ilə mənim münasibətlərimə kölgə salmaq istəyir. Onun etdiyi müdaxilələr Habili məndən uzaqlaşdıra bilər. Buna bir əncam çək.

Əkrəm, sanki Mənsurədən gözləmədiyi bir hərəkət görmüşdü.Heç zaman heç kimdən şikayət etməyən Mənsurə də artıq şikayətlənməyə başlamışdı.

Əkrəm gülümsəyərək dedi.

-Mənsurə görürəm Məsmə sizin ana-bala münasibətinizdən çox, sənin xasiyyətlərinə müdaxilə edib.

Mənsurə təəccüb dolu baxışlarla ərini süzdü.

-Nə demək istəyirsən Əkrəm?

Əkrəm əlini Mənsurənin çiyninə qoyub yanaqlarına sığal çəkə-çəkə dedi:

Deyirəm ki, Məsmə səni özünə oxşatmağa başlayıb. Sən də şikayətcil olmusan deyib onun üzündən öpdü.

Məsmə ərinin bu sözləri qarşısında donub qaldı və etdiyi şikayətə də peşiman oldu.

Amma, əslindəHabil Mənsurəyə o qədər bağlanmışdı ki, onu heç bir müdaxilə ondan ayıra bilməzdi.

2-ci FƏSİL.

Sərin bir payız səhəri idi. Havada azacıq külək olsa da, adamı üşüdürdü. Ağaclar yarpaqlarını tökür, yarpaqlar isə havada uçuşaraq torpağa tökülürdü. Kazım kişi bir skameykada oturub havada uçuşan saralmış yarpaqları seyr edirdi. Ürəyində isə deyirdi.

İnsan ömrü də bu ağaclardakı yarpaqlar kimidir. Baharda açır, yayda meyvə gətirir, payızda saralıb tökülür.Sonra dərindən köks ötürərək dedi: qışda isə torpağa qarışır.

Artıq mənim də ömrümün payızının son anları gəlib çatıb. Mən həyatdan doymasam da deyəsən həyat məndən doyub. O, başını qaldırıb səmaya baxdı.

Artıq quşlar da soyuq ölkələri tərk edib, isti ölkələrə uçuşurdu.

Səhhətindəki narahatlıqlarla bağlı xəstəxananın qapısını döyən Kazım, heç də ürəkaçan xəbərlərlə geri dönməmişdi.

İndi evə gedəcəkdi, çox sevdiyi həyat yoldaşı Həlimə onu sorğu suala tutacaqdı. Kazım kişi xəstəliyini ailədən gizlətmək istəsə də bu mümkün deyildi.

Xərçəng xəstəliyi artıq onun ciyərlərinə qədər yayılmışdl.

Heç zaman xəstəliyə boyun əyməyən dağ boyda kişi artıq xərçəngə boyun əyəcəkdi.

O, ayağa qalxıb ağlr addımlarla evə sarı getməyə başladı.Qurumuş yarpaqlar onun ayaqları altında xışıltı ilə ovularaq torpağa qarışırdı. Bir az ayaq saxladı.Əyilib yerdən torpağa qarışan yarpaqları götürdü.

-Bu gün mən sizin üstünüzdən keçirəm.Sabah sizin kimi neçə yarpaqlar, neçə otlar üstümdə bitəcək.

Amansız həyat deyib əlindəki yarpaqları yenidən torpağa tökdü.

Darvazadan içəri girən Kazım, evi önündə ayaq saxlayıb diqqətlə seyr etdi.

Habil həyətdə oturub kitab oxuyurdu. O, başını qaldıranda babasının üzgün halda evi diqqətlə süzdüyü nəzərinə çarpdı və cəld ayağa qalxaraq babasına sarı yeridi.

Baba hardan gəlirsən, niyə belə üzgünsən? Habilin səsini eşidən kimi Kazım, sanki yuxudan ayıldı.

Qarşısında boylu-buxunlu, mehriban baxışlı, bığ yeri təzəcə tərləmiş nəvəsini görüb gülümsündü.

-Sən nə zaman belə böyüdün bala?

Yəni illər belə sürətlə keçdi?

Habil, babasının qolundan tutub həyətdəki skameykaya tərəf apardı.Gəl əyləş baba.Bu gün nə olub sənə belə kövrəksən?

Bəli böyüdüm.Amma çox təəssüf ki, mən böyüdükcə səni, nənəmi, ata və anamı qocaltdım.

Kazım əllərini nəvəsinin saçlarında gəzdirdi.

Elə demə oğlum. Bizi qocaldan həyatdır sənin heç bir günahın yoxdur.

Sən niyə burada oturmusan? Hava soyuqdur dur gedək evə. Habil havanın soyuqluğunu hiss etməsə də babasının sözünü yerə salmadı. Evə daxil olarkən Qabilin kişiləşib kobudlaşan səsini eşitdi.

Əl çək məndən ana. Yoruldum sənin mənə uşaq kimi davranmağından. Artıq mən böyümüşəm kefim istəyən yerə gedə bilərəm qarışma mənə deyib qapını çırparaq çıxdı. Babasının yanından salamsız-kəlamsız ötərək hirslə küçəyə qaçdı. Məsmə də, onun arxasınca əlində pencək küçəyə qaçdı.Ay bala gəl barı pencəyinj geyin soyuq dəyər. Qabil arxasına baxmadan belə evdən uzaqlaşdı.

Mənsurə, qaynatasının rəngini saralmış görüb narahatlıqla soruşdu.Ata sənə nə olub?Rəngin kağız kimidir. Gəl əyləş bir çay süzüm iç deyərək onun qolundan tutub masaya tərəf çəkdi.Habil isə cəld stulu babasına tərəf gətirdi.

Kazımın evə göz gəzdirərək dedi.

Bəs Həlimə hardadır gözümə dəymir.

Mənsurə çay süzə-süzə cavab verdi.

Qonşunun oğlu yaman xəstədir ata can. Baş çəkməyə getdi.İndi harada olsa gələr.

Əslində Həlimənin evdə olmamağı Kazımın ürəyindən idi.Yoxsa sorğu suala tutacaqdı.

Həkim nə dedi hansı dərmanları məsləhət gördü və sairə.

Mənsurə qaynatasını ilk dəfə idi ki, belə bikef görürdü. Buna görə də ehtiyatla soruşdu.

Ata xəstə deyilsən ki? Gözümə birtəhər dəyirsən.

Yox qızım heç nəyim yoxdur desə də onu öskürək tutdu. Mənsurə isə qaynatasının nəsə gizlədiyini gözlərindən hiss etmişdi.

Elə bu an Məsmə deyinə-deyinə onların yanına gəlib oturdu.Mən bu uşaqla neyləyəcəyəm görəsən heç sözümə baxmır. Sonra Mənsurəyə mənə də bir çay süz deyərək yerini bərkitdi.

Kazım kişi Məsməni bu cür əsəbi ilk dəfə görmürdü. Buna görə də o qədər də təəccüblənmədi və üzünü ona tərəf tutub dedi.

Qızım, əzizim əzizsə, tərbiyəsi özündən də əzizdir.Vaxtında sənə dedik ki, uşağı belə ərköyün böyütmə. Bu günün oğlan uşağı gələcəyin kişisidir axı. Bax Habilə valideyinlərinin itatində necə durur.

Qaynatasının bu sözünü eşidən Məsməni sanki ilan vurdu.O, əli ilə çayı geri itələyərək dedi. Ata can unutma ki, Habil də mənim oğlumdur.Hər ikisini də mən doğurmuşam. Qaldı Habilin tərbiyəsinə o da gendən gəlir. Demək burada məndən başqa kimsənin rolu yoxdur deyib, çayını içmədən hirslə ayağa qalxdı. Məsmənin bu hərəkəti Habili çilədən çıxarsa da, böyüklərə olan hörməti onun qarşısını kəsdi. O, ayağa qalxıb Məsməni səslədi.

Məsmə ana, sizdən xahiş edirəm ki, bir az danışığınıza fikir verəsiniz. Məni qəlbinizi qırmağa məcbur etməyin.Mənsurə Habilin çiyinlərindən basıb yerinə otuzdurdu.

Boş ver oğlum.Sən ona fikir vermə.Nə deyir qoy desin. Sən mənim oğlumsan. Habil ayağa qalxıb anasını qucaqladı.Bəli ana mən sənin oğlunam.

Mənsurə çox gözəl bilirdi ki, Habili o doğurduğunu bir gün Habilə deyəcəkdi.Elə buna görə də o, zamanında həqiqətləri oğluna demişdi ki, oğlu başqalarında eşidib depresiya yaşamasın.Buna görə də artıq Məsmə Habilə heç bir təsir göstərə bilmirdi.

Hələ Qabil uşaq vaxtından dalaşqan böyüdü.Məktəbdə birini haqlı haqsız döyərkən, Məsmə ona arxa çıxar, döyülərkən isə, məktəbin altını üstünə çevirərdi. Hələ bu azmış kimi Qabil dəfələrlə qardaşını da döymüş amma yenə də haqlı çıxmışdı. Habil isə sakit təbiətli və mehriban olduğundan ətrafı tərəfindən hər zaman sevilirdi.

Artıq orta məktəbi bitirməyə bir neçə ay qalırdı. Habil gecəsini gündüzünə qatıb oxuyur, ali təhsil almağa can atırdı.

Qabil isə bütün günü uşaqlarla küçələri gəzir, məktəbdən belə yayınırdı. Hələ küçədə qızlara söz atdığı üçün dəfələrlə döyülmüşdü də.

Kazım kişi öz vəziyyətinə görə şirkəti oğluna devr etmişdi.Buna gğrə də Əkrəm uşaqlarla məşğul olmağa zaman tapmırdı.Bu isə Qabilin işinə yarıyırdı.

Hər gün özünə yeni paltarlar alıb, yoldaşları ilə restoranları gəzib dolaşan Qabil getdikcə yolunu azmağa başlamışdı.

Xəstəlim Kazım kişini lap əldən salmışdı. Qəbul etdiyi dərmanlar təsir etmir, vəziyyəti getdikcə ağırlaşırdı.

Əkrəm, dəfələrlə həkim gətirsə də, heç bir əlac tapılmırdı. Kazım kişinin demək olar ki, sayılı günləri qalırdı.Babasının xəstəliyi Habili çox üzmüşdü.O, hər gün babasının yanında oturar, əllərini əlinə alıb gizlincə göz yaşlarını axıdardı.

Mənsurə isə qaynanası ilə bərabər gecə və gündüz qaynatasının başına dolanıb onu bu dərddən qurtarmağa can atsa da mümkün olmurdu.

Artıq bir ömrün də solmuş yarpaqları tökülürdü.

Kazım son nəfəsini əzizlərinin yanında versə də Qabil bunu görmədi.Çünki həmin gün o, küçə yoldaşlarının yanında idi.

Kazım, son nəfəsində belə gözləri Qabili aradı.Amma onu görmədən əbədiyyən yumuldu.





Ardı var

Metanet  Duyğulu
www.kafiye.net