06 iyul. Bu gün ümümdünya öpüş günüdür.



GÜLÜM, MƏNİ ELƏ ÖP Kİ




Gülüm,məni elə öp ki…

Elə öp ki,elə öp ki dünya tərsə dönsün,

                                              zaman dayansın.




Düşüm elə alova,düşüm elə oda ki–

Ruhum külə dönsün,canım da yansın.

Unudum özümü,unudum sözümü…

Yaşamağa,qalmağa day,tapmayım dözümü.

Yanım!..




Elə yanım,elə yanım ki,baxıb mənə uzaqdan,

                                                odlar tapsın təsəlli.

Alovlar öz bəxtinə alqış deyib,şükr edib,

                                                çəpik çalsın beşəlli.



Gülüm,məni elə öp ki…

Elə öp ki,düşüb çıxa bilməyim

Bu öpüşün sehrinə,min ölüm,min dirilim.

Dəli olub,düşüm səhralara…

Dəli olub,düşüm çöllərə…

Bilinməsin nə gecəm,bilinməsin nə günüm,

                                              bilinməsin nə ilim,

                                                       İtim ilim-ilim,



Aralanım dünyadan…

Oyanmayım bir daha sən olduğun röyadan…




Gülüm,məni elə öp ki…

Elə öp ki süddən doymayan,yatıb uyumayan,

Anasını gözdən qoymayan uşaq kimi

               zülüm-zülüm,için-için ağlayım.

Elə ağlayım,elə ağlayım ki,

Göz yaşlarım dönsün bir dağ selinə,

                        coşum,daşım,çağlayım.

Pozum sədləri…

Yıxıb-dağıdım bəndləri və…

Və bilməyim hara axdığımı,

Və bilməyim hardan başladığımı,

                                         hardan axdığımı.




Axım…

Axım…

Axım…axım…




Gülüm,məni elə öp ki…

Elə öp ki,elə öp ki bilməyim

                   nə sağ-solum,bədənim,

                                nə əl-qolum hardadı?




Bilməyim!

Bilməyim ki tufanlar,fırtınalar,

Dalğalar qabağına qatdığı,məni qəfil atdığı

bu məchul,tənha ada haradı?

De,hardadı o tufan,o fırtına,o dalğa,

tənha,məchul ada da?

Axı,mən dərd etmərəm ömürboyu yaşayıb,

ölsəm həmin adada…




Gülüm,məni elə öp ki…

Elə öp ki,elə öp ki heç bitməyən,tükənməyən,

Nə əvvəli,nə də sonu bilinməyən,

      ürəklərdən silinməyən nəğmə olub,

           hey axasan dodağıma dodağından.




Ömrüm-günüm,səadətim,

Həm canım,həm can sərvətim;

Yayım,yazım,alın yazım;

Taxtım-tacım,mənim ömür-gün ağacım,

Qol-budağım sən olasan,heç düşməyəm

                                             budağından…




Gülüm,məni elə öp ki…

Elə öp ki!..

Elə öp ki!..

Elə öp ki!!!



Məzahir İsgəndər
www.kafiye.net