KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU

(povest)


Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Hündür binaların möhtəşəmliyindən oksigen verən ağaclar insanların nəzərində dəyərsiz varlıqlara çevrilmişdi. Süni ağaclar daha çox diqqət çəkir, çəkilən hər şəkildə də arxa fonda süni əkilmiş ağaclar olurdu. Etiraf edirəm, mən də oksigen verməyən süni ağaclarla şəkil çəkdirməyə meyilliydim. Meyilliydim yazıram,çünki təbii şam ağacları hündürdü. Süni-təbii ağacın yazacağım hadisəyə nə aidiyyatı var, onu anlamadım, keçirəm mətləbə…


Əslində həqiqət başımıza gələn arzuolunmaz hadisəylə bağlıdır. Dədəm evi ucuz alanda gərək şübhələnərdik. Ondan əvvəl gərək ev haqqında məlumat toplayardıq. Toplamadıq, çünki sevincəyə düşmüşdük. Ucuz qiymətə; on beş min manata üç otaqlı, mətbəxi, geniş həyəti, kiçik olmayan çoxlu meyvə ağacları olan bağı, üstəlik, rayona yaxın olan kənddən ev almaq hər ailəyə qismət olmur ki, bizə qismət olubdu. Elə bilin loteriyada cekpotu biz udmuşuq. Evi ilk dəfə dədəmin telefonunda şəkillərdə görmüşdüm. Sizi inandırım, o cür qiymətə eşidib təəccüblənmək başqadı, şəkildə görmək bir başqadır. Üçüncü təəccübüm gördükdən sonra olmuşdu. Əslində təbiətcə şübhəli xarakterə malik insanam. Xarakterimə yaxşı bələd olduğumdan dədəmdən şübhəli-şübhəli soruşmuşdum.


─Ay başına dönüm, dədə, dörd sot torpağın içində üç otaqlı ev niyə ucuz satılır, maraqlanmısan? O boyda rayonda nə əcəb bir nəfər qabağa düşüb almayıb? Evin köhnə sahibləri keçən il alıbsa, bu il niyə satışa çıxardılar? Nəysə… Gözüm su içmədi bu evdən.


Allah var göydə, anam da elə mən deyəni dedi. Məlum məsələdir, bizdə kişilər nə qədər arvadı eşitsələr də, dediklərindən dönmürlər ki, dönmürlər. Hər şey bir yana, ilk gündən bizə yaxın qonşularımızın olmadığı diqqətimdən yayınmamışdı. Meşə bizə yaxın, o biri evlər bizdən xeyli uzaq, bir-birilərinə bir o qədər yaxınıydı. Vallah, gecəylə biri gəlib bizi öldürsə, yaşı yetmişi haqlamış nənəm demişkən, bir köpəkoğlunun xəbəri olmayacaq.


Hər axşam qatıq içməmiş yata bilmirəm. Mədəm vərdiş eləyib, gündüzlər sodalı su içməli, axşamlar sarımsaqlı qatıq yeməliyəm. İkisinin hesabına arıqlamaqla bağlı problemim olmur. Bir saat olardı kənddəki təzə evimizə çatmışdıq. Nənəmin qoluna girib evimizdən xeyli uzaqlaşdıq. Nənəm köhnə arvadlardandır, mən bir saat piyada gəzib yoruluram, nənəm kinayəylə mənə gülür.

─Bizim yerimizdə olsaydız neyliyərdiz?

─Allah gördü ki, bizdə sizdəki dözüm yoxdu, neyləsin, texnikanı yaratdırdı. Bekarçılıqdan tez yorulanlardanıq.

Nənəm: – Bu evdən xoşum gəlmədi ─deyəndə elə sevindim, burda yaza bilməyəcəm.

─Allah sənə şükür, evdə mən ağılda adam çıxdı.

─Səyləmə az, kopaq qızı.


Nənəm əsəbləşəndə söyüşün biri bir qəpik olur. Qınamayın, babam öləndə nənəmin dulluğunun heç qırx yaşı yoxuydu.Yarım saat da getdikdən sonra uzaq qonşu qapısının ağzına gələ bilmişdik. Nənəm əllərini belində çarpazlayıb, qapını döyməyimi əmr elədi. Baxıram arvada, qınamıram e, kişisiz cavan gəlinlər, namuslarını ikinci kişi nəfəsindən uzaq tutmaq üçün, təmiz adlarını qorumaq üçün özləri də bilmədən kişiləşirlər. Nənəmi çoxdandır müşahidə edirəm, davranışları kişi davranışıdır. Baxmayaraq ki, yazıq arvad neçə dəfə kişisi üçün ağlayanda görmüşdüm.

Uzaq qonşu qapını açdı. Mənə, nənəmə maraqla baxdı. Daha doğrusu, rəhmətliyin nəvəsi elə baxdı, elə bil illərdən sonra qapılarını ilk dəfə döyən biz olmuşuq. Yaşı otuz beşi keçməyən orta boy, uzun saçlarıyla diqqətimi çəkən gözəl gəliniydi.


Mən salam verdim, salamımı aldı. Nənəm:

─ Qızım, biz o evə təzə köçmüşük, –deyə əliylə evimizin səmtini göstərdi, –burda qatığı hardan ala bilərik?

Gəlin evimizə tərəfə baxdı, nənəmin sualına cavab verməmiş öz sualını verdi:

─Meşəyə yaxın olan evi deyirsiniz?

Verilən sualda qeyri-adi heç nə yox idi, hərçənd əcaib sualı məni təəccübləndirmişdi… Necə izah edim, cavan gəlinin sual verəndə üz ifadəsi qəribəydi, “O evdə heç kim yaşaya bilməz” fason…

Sual nənəmə də qəribə gəlmişdi, yenə cavab verdi:

─Hə qızım, o evi almışıq. Bir-iki aylıq köçmüşük.

Nənəmdən olsa ömrünü bu kənddə başa vurardı. Mən yaşaya bilməzdim. Kökü kəndə bağlı şəhərli qızam, şəhər mühitinə öyrəşmişəm. Hələ sizə bir həftədən sonra alacağımız iki keçidən yazmıram. Dədəmin şəhər mühitindən iyrəndiyini bilirdim, əməlli-başlı plan cızmağından bixəbəriydim. Eybi yox, onsuzda ailəlikcə bizə plan qurmaq düşmür. Həyatımızda hər şey qəflətən olur. Adətən də uğurlu olur.

Gəlin:

─Hmm, xeyirli olsun! –desə də, amma ürəksiz dediyi hiss olunurdu.

Nənəm köhnə arvadlardandır e! Dərhal gəlinin səsindəki ifadəni hiss eləmişdi. Anam həmişə ona qırmızısifət deyirdi, arvadın üzünə deməsə də.

─Nəysə ürəksiz dedin e qızım.

─Yox xala, o evə kim köçürsə çox yaşaya bilmir.

Baxdığım qorxu filmlər yadıma düşdü, istər-istəməz ətim ürpəşdi.

─Niyə ki? – sualı özüm verdim.

─Nə bilim, -deyib çiyinlərini atdı.

─Əşşi, boş şeylərdi. Sən de görüm qatığı hardan ala bilərik?

─Qatığı biz satırıq. Üç kiloluq qatığı yeddi manata veririk.

─Day sizin şəhərdən nə fərqiniz oldu?! Şəhərə kənddən gətirib sizdən ucuz verirlər ki!

Nənəmim hirsinə rəğmən gəlin gülümsədi.

─Nə deyim xala, qaynanamın qoyduğu qiymətdi.

─Qaynanan evdədi?

─Rayona gedib, axşama qayıdar.

─Day əlacımız nədi? Ordan ver üç kiloluq… Axşamlar içməyəndə pis oluram.


Eh, kimin nənəsidir? Nənəm əlini atdı ipək donunun altından geyindiyi güllü alt köynəyinə, sancaqlamış bükülü dəsmalını çıxartdı. Yeri gəlmişkən, mən nənəsinin təqaüdüylə kef edən nəvələrdən deyiləm. Biz tərəfdə oğlan nəvələrinin bu barədə bəxti gətirir. Mənim nənəmin qardaşıma pul barədə əli açıqdı. Növbə mənə çatanda, özünü kəfən pulunu oğurlatmış nənə kimi hiss edir.

Nənəm təkcə qatıq almadı, deyinə-deyinə kənd toyuğu da aldı. Hamısını mənə daşıtdırdı.

Deyirəm:

─Nənə, zəhmət haqqı on manatdır.

─Yox bir! Səni mən saxlamışam e! İndi pul istəyirsən?

─Axı nənə, rəhmətlik qudan saxlayıb. Sən hazıra nazir olmusan.

Nənəm bilir ki, sözün düzünü dediyim üçün həyatımın uğursuz günlərini az yaşamamışam, yenə alışa bilmirdi xasiyyətimə. Çox qəribədir, həyatımda etdiyim risklərdən sonra valideyinlərim, nənəm qarışıq digər qohumlar məni ciddi adam kimi qəbul eləməyə məcbur qalmışdılar. Əvvəllər arzularımı, istəklərimi dilə gətirirdim, elə də fikir verən yoxuydu. Məntiqlə idarə edə bilmədiyim hisslərimin zərbələrindən sonra ağzımı açmamış fikrimi soruşmağa başladılar. Qan qohumlarım tərəfindən kənardan bu vəziyyət necə görünürdü, bilmirəm, mən tərəfindən adiləşmişdi. Hiss edirdim, qorxurdular. Yenidən ağılsızlıq edərəm, yenidən pərişan edərəm deyə. Ölkəmin yazılmayan qanunların gücü altında əzilən bir çox gənc kimi əlbəttə, bu dəfə sevgi xətrinə yox, gələcəyim naminə bir çox addımlar atardım. Bu dəfə könüllü razılıq və xeyir-duayla. Bu gələcəyin işidir. Bir gün yaxınlarım haqqımda oxuyacaq, bir səhvi ikinci dəfə təkrarlamayacaq qədər ağıllı olduğumu onsuz da dərk edəcəklər. Onlara, lap elə olsun nənəm, özümü sübut etməyə nə həvəsim var, nə də vaxtım. Bəyaqdan on manat qoparda bilmədiyim nənəmin nəyinə sübut edim özümü? Arvadın fikri-zikri məndən nəticə görməkdir. Tez-tez nəticələrinin atasını söyür ki, çərxi-fələyin işini bilmək olmaz, söyürəm ki, köpəkoğlu tez gəlsin.


Gecəyə iki saat qalmış mənə iki diş sarımsağı xırda-xırda doğratdırdı, yarım saat kənarda saxlatdırdı ki, qatığa qatıb yeyəndə ağzından sarımsağın iyi gəlməsin. Həm də dişlərinin arasında qalmasın. Zəhləm sarımsaq iyindən gedir…


─Ay nənə, dişin protezdi. Maşallah, muncuq kimi düzülüb, sarımsaq harasında qalacaq. İstirahətə gəlmişəm guya, sarımsaq iyindən yediklərimi qaytaracam e!…

─Heş nə olmaz. Limonlu suyla yuyarsan keçər.


Çox kitab oxuyuram, di gəl, arvada söz çatdıra bilmirəm. Tərs kimi burda da bir otaqda yatırdıq. İnsafən, nənəm təkcə yatanda otaqda olmadığını hiss edərdim. Yatanacan ürəyindəki sözləri mənə deyərdi.


İki tualetimiz vardı. Biri evin içindəydi. Bizdən əvvəl evi alan ailə evə əməllicə əl gəzdirmişdi. Hamam-tualet də tikmişdi. Həyətdəki tualetdə tualetlik qalmamışdı, daha çox xarabaya bənzəyirdi. Nənəmlə mənim yatdığım otaqla üzbəüzüydü. Pəncərədən baxanda rahat görmək olurdu.


İsmayıl Şıxlının ” Ölülərinizi qəbirstanlıqda basdırın ” əsərini bitirdikdən sonra otağın işığını söndürdüm. Bəzi işlərdə solaxay olduğumdan yatanda da sol tərəfə yatıram. Kürəyimi nənəm tərəfə çevirdim. Təzəcə yuxuya getmişdim, nənəmdən indiyəcən eşitmədiyim səsi eşitdim. Arvad elə bil boğulurdu. Pişik cəldliyi ilə üzümü nənəmə tərəf çevirdim. Nənəmin gözləri bərələ qalmışdı, nəfəs ala bilmirdi.


Özümü itirsəydim, qışqırmasaydım, qaranlıq otaqda nənəmin bərələn gözləri birdəfəlik ölmüş adamın gözü kimi açıq qalacaqdı. Həyətin işığı yaxşı ki yanılı qalmışdı. Dədəmlə anam otağa necə girdilər, özləri də bilmədi. Otağın işığını atam yandıranda nənəm ” Bismillah ” qışqırıb başını yastıqdan qaldırdı. Belə başa düşdüm ki, yazıq nənəm qaranlıqdan xoflanıb. Nənəm bir-neçə dəfə dərindən nəfəs almağa çalışdı. Anam otaqdan çıxdı, çox keçməmiş bir stəkan suyla qayıtdı. Dədəm anasının qarşısında dizlərini yerə qoymuşdu, az qala uşaq kimi ağlayacaqdı. Zarafat deyil, qohumlarımızda nənəmin taylarından üç-dörd nənə ya vardı, ya yoxdu.

Dədəm suyu nənəmə öz əliylə qurtum-qurtum içizdirdi. Belə vəziyyətdə anamla mən olsaydıq, qorxumdan suyla anamı boğmuşdum. Atamdakı təmkinlilik məndə yoxdu.

─Mama, niyə boğulurdun? Nə oldu birdən-birə?

Nənəm əlini mənə uzatdı:

─Məni niyə boğurdun?

Nitqim qurudu. Nə vaxtsa uşaqlara və qadınlara təcavüz edən nanəciblərin qatili olmaq ürəyimdən dəfələrlə keçib. Danmıram, nənəsiylə yola gedən nəvələrin sırasına məni çətin qoymaq olardı. Yenə bu nənəmi öldürməyi düşünməyim, ya da öldürəcəyim mənasına gəlmirdi.

Dədəm yazıq-yazıq mənə baxdı. Mən bilmirdim ağlayım,ya gülüm.

─Nənə, səni niyə boğum ki? –deyə bildim.

Dədəm qarışdı söhbətə:

─Kənd yeridir, bəlkə toxunublar sənə? Qız səni niyə boğsun?

─Ay tövbə, məni boğurdu.

Dədəm təbii anasına inanmadı.

─Mama, sənə toxunublar. Şəfi səni niyə boğsun?


Adım Şəfadır, bilmirəm niyə, evdəkilər də, yaxın rəfiqələr də mənə Şəfi deyirdi.

Dədəm deyəndən sonra nənəm dərk eləmişdi ki, onu boğmağım üçün ortada səbəb yoxdur. Heç olmasın da! Ağlabatan variant odur ki, hirsli başla kimsə damarını basa, təmkinli və səbrli deyilsənsə, qatil olmağın qaçılmazdır.


Valideyinlərim nənəmi sakitləşdirəndən sonra təzədən otaqdan çıxdılar, nənə-nəvə yerimizə girdik. Bizim yerimizi anam yerdə salmışdı. İşığın yanılı qalması ikimizin də istəyiydi.

Ulduzlu gecənin işıqlı otağında nə vaxt şirin yatdığımızı bilməmişik.


Bu dəfə boğulduğumu mən hiss elədim. İki əl boğazımdan yapışmışdı. Gözümü açdım. Otaq zil qaranlıq, pəncərəsi açıq, məni həqiqətən kimsə boğurdu. Əllərim məni boğan əllərdən yapışmışdı, özümü ölümün bir addımlığında ölümdən xilas etmək istəyirdim. Boğmağı bir dərd, qarnımda oturub ağırlığıyla məni gücdən salmağı bir dərdiydi. Nənəmin məni öldürəcək dərəcədə nifrət etməyi ağlıma gəlməzdi. Çünki on səkkiz nəvənin arasında yeganə nəvəydim, onunla yola getmirdim. Digərləri necə deyərlər, nənəlik xətrinə, ya da çox istədiyindən yola verirdilər.

─Sən adımızı batırmısan! Sən adımızı batırmısan! Ölməlisən!…




ardı var…


Şefaqet Cavanşirzade
www.kafiye.net