Qarşıdan xoşbəxt aylardan biri, sentyabr ayı gəlirdi.Həmin ay Kamran məktəbə gedəcəkdi. Səmayə böyük fərəh hissi ilə onun çantasını, məktəbli paltarlarını və məktəb ləvazimatlarını alırdı.Amin isə işdən evə gələn kimi qalan vaxtını Kamrana sərf edir, onunla bərabər oyun oynayar, bəzən də hərfləri öyrədərdi.

-Mənim oğlum atası kimi mühəndis olacaq deyib qürrələnərdi Amin.

Səmayə isə oğlunun həkim olmasını istəyirdi.

Amma, necə deyərlər, fələk deyir, sən saydığını say, gör mən nə sayıram.

Nəhayət ki, gözlənilən o an gəldi. Həmin gün Səmayənin sevinci yerə-göyə sığmırdı. O, ilk dəfə olaraq canından artıq sevdiyi oğlunu məktəbə aparırdı.

Kamran bir əli ilə anasından, digər əli ilə atasından elə yapışmışdı ki, sanki bu gün onları itirəcəyindən qorxurdu.

Heç zaman valideyinlərindən ayrı qalmayan Kamranın gözlərində bir qorxu var idi. Atılmaq qorxusu.

-Ana, sən də mənimlə sinifə gələcəksənmi?

-Yox, oğlum, müəllimlər icazə verməz axı.

-Bəs atam?

-O da gələ bilməz, bala. Sən qorxma, bax, müəllimən və sinif yoldaşların səninlə olacaq.

Kamran əlini ata-anasının əlindən çəkib ayaq saxladı. Dodaqlarını büzərək dedi: “Onda mən məktəbə getmirəm.”

Səmayə ilə Amin onun yanaqlarından öpərək dilə tutmağa çalışdılar. Amin oğlunun balaca əllərindən tutub, dodaqlarına yaxınlaşdırdı:

-Bax oğlum, əgər məktəbə getməzsən, böyüməzsən. Həmişəlik belə balaca qalarsan. Dostların böyüyər, həkim, mühəndis olar sən isə onlara baxıb qibtə edərsən. Bunlara razısanmı?

Kamran bir az fikrə getdi. Sonra isə atasının boynuna sarılaraq dedi: “Yox, ata, yox, mən böyümək istəyirəm.”

-Hə, o zaman dərsə getmək lazımdır.

-Ata, məni məktəbdən nə vaxt götürəcəksiniz?

-Dərsiniz bitən kimi. Anan da sənə dadlı yeməklər bişirəcək.

-Uraaa, onda dərsə gedirəm, deyib sevincək uşaqlara qarışdı.

Kamran sinifdə ikinci partada oturdu. Onun yanında isə mavi gözlü, sarışın bir qız.

Sarışın qız Kamranın yanında oturan kimi, onun üzünə baxıb gülümsədi və soruşdu.

-Sənin adın nədir?

-Kamran. Bəs sənin?

-Lalə.

Həmin sarışın qızın adı da Kamranın xoşuna gəlmişdi.

Beləcə Lalə ilə Kamran dostlaşdı. Onlar hər gün eyni partada oturar, dərslətində biri-birlərinə yardım edərdilər.Kamran, Laləyə o qədər bağlanmışdı ki, hətta evə gələndə belə Lalənin adı onun dilindən düşmürdü.

Günlər bir-birini əvəz edirdi, Kamran artıq məktəbə alışmışdı, səhərin açılmasını səbirsizliklə gözləyirdi məktəbə getmək üçün. Bir gün yenə Kamran Lalədən danışanda Amin yavaşca Səmayəyə pıçıldadı: “Əzizim, deyəsən oğlumuz da bizim yolumuzla gedəcək.” Səmayə gülərək dedi: “Yox, canım, hələ bunlar uşaqdır, nə danışırsan?”

Amin gözaltı Səmayəni süzərək dedi: “Bəs biz uşaq deyildikmi? Bizim sevgimiz uşaqlıqdan başlamadımı?”

-Başladı. Amma biz ayrı, bunlar ayrı.

Birdən Kamran başını qaldırıb atasından soruşdu:

-Ata, “detdom” nə deməkdir?

Aminin dalağı sancdı: “O nə sözdür oğlum? Kim sənə bu sözü deyib?”

-Mənə deməyib, ata. O gün sinif yoldaşım Sənan Lalə ilə dalaşdı. O, Laləyə “detdom uşağı” dedi. Lalə də ağladı. Amin Kamranı qucaqlayaraq bağrına basdı:

-Oğlum, bir daha o sözü ağzına alma.

-Niyə, ata?

Çünki söyüşdür. Yaxşı uşaqlar söyüş söyməz.

-Onda Laləyə də deməsinlər. Axı Lalə mənim dostumdur.

-Yəqin ki, Lalənin atası müəllimlə danışar.

Ertəsi gün tənəffüs zamanı, Kamran Sənana yaxınlaşaraq astadan pıçıldadı:

– Sənan, bir də Laləyə “detdom uşağı” demə. Yaxşı uşaq söyüş söyməz.

Sənan uşaq olsa da, özünü böyük kişi

kimi aparır, uşaqlarla heç də yola getməzdi. Kamranın bu sözünə də böyük-böyük güldü:

– Heç sən bilirsən, “detdom” nədir?

– Yox…

– Lalənin ata-anası onu atıb. Onu evində saxlayanlar əsil ata-anası deyil, Detdomnan götürüblər.

– Detdom nədir?

– Eh, sən də heç nə bilmirsən. Atılan uşaqları saxlayan yer.

– Bunları sənə kim deyib?

– Anam mənə deyib ki, o qızla oynama, “detdom” uşağıdı.

Kamran Sənanın bu sözündən çox məyus oldu.

Evə qayıdanda bütün olanları atasına danışdı. Bu söhbətdən Aminlə Səmayənin məktəb sevincləri sanki, gözlərində dondu. Səmayə rəngi solmuş halda Aminin üzünə baxdı. Amin həmin baxışların nə dediyini anladı.

-Bax, oğlum, bir daha o Sənana yaxın getmə. Lalə yaxşı qızdır. Uşaq evindən götürülən uşaqlar heç də pis uşaq olmur. Laləni kim götürüb saxlayıbsa, demək ata-anasıda odur. Anladınmı, ağıllı oğlum?

-Anladım, ata.

Atasının sözü Kamranı ürəkləndirmişdi. Çünki o, Laləni çox istəyirdi, ondan ayrılmaq istəməzdi.

Həmin gündən etibarən Kamran Sənandan uzaq gəzməyə çalışdı və Laləni də ondan uzaqlaşdırdı.

Səmayənin isə ürəyi heç də rahatlıq tapmırdı. Bir gün Kamranın da uşaq evindən götürüldüyünü bilməsindən yaman qorxurdu. Amma Amin ona təskinlik verir, qorxularını aradan qaldırmağa çalışırdı.

-Amin, bəlkə Kamranın məktəbini dəyişək?

-Nəyə görə, Səmayəm?

-Qorxuram o uşaq Kamranın da uşaq evindən götürüldüyünü öyrənər. Kamrana deyər o zaman uşağımın ürəyi param-parça olar. Bəlkə də bizdən üz döndərər.

-Yox, qorxma, əzizim. Bizim oğlumuz ağıllı uşaqdır. Desələr də inanmaz.

-Nə bilim, Amin. Nədənsə bu fikir məni rahat buraxmır.

Amin, narahat olma, əzizim deyib, Səmayəni bağrına basdı.

*******

İllər sürətlə elə ötürdü ki, sanki, Səmayənin xoşbəxtliyini əlindən alıb aparmağa tələsirdi.

Kamran artıq böyümüş, yeddinci sinifə qədəm qoymuşdu. Böyüdükcə də Lalə ilə olan dostluq münasibətinin sevgiyə çevrildiyini hiss edirdi. Amma hələ də Lalənin uşaq evindən götürüldüyünü unuda bilmirdi.

Bir gün dərsdən evə gələndə o, illərdir ürəyində saxlayıb Laləyə verə bilmədiyi bir sualı verdi. Lalə, sən öz doğma ata-anan üçün darıxmırsanmı? Lalə Kamrandan bu sözləri heç də gözləmirdi. O, ayaq saxlayıb Kamranın üzünə çəpəki baxdı:

-Anlamadım. Sən hansı doğmalıqdan danışırsan? Mənim atam da var, anam da var. Valideyinlərim məni heç bir uşaqdan kəm saxlamayıb, nə də ki, sevgilərini əsirgəməyiblər. Mən onları çox sevirəm. Mənim doğma atam da, anam da onlardırlar, kimin üçün darıxmalıyam ki?

Kamran verdiyi sualdan pərt olaraq başını aşağı saldı və dedi: “Bağışla məni, Lalə, elə demək istəməmişdim. Hərdən özümü sənin yerinə qoyuram və həmin an içimnən valideyinlərimi axtarmaq keçir. Sən heç bu haqda düşünmüsənmi?

Lalə ikrah hissi ilə gülümsündü:

-Heç vaxt bunlar ağlımdan keçməyib, keçməz də…

Mənim valideyinlərim var və mən onları çox sevirəm deyərək Kamrandan ayrıldı. Kamran onun arxasınca nə qədər Lalə, Lalə deyərək çağırsa da, Lalə geri dönməyərək gözdən itdi.

Ertəsi gün Kamran parta arxasında Laləni görmədi. Həmin gün Lalə onun yanında deyil, lap arxa partada tək oturmuşdu. Kamran hiss etdi ki, Lalə ondan inciyib və böyük intizarla tənəffüsü gözlədi ki, ondan üzr istəyib könlünü alsın.

Tənəffüs zamanı o, Laləyə yaxınlaşsa da, Lalə onu danışdırmır və hətta uzaq gəzməyə çalışırdı. Kamran çox pərt olmuşdu. Növbəti dərsdə isə çantasını götürüb, arxa partaya, Lalənin yanında oturmağa getdi.

-Lalə, səndən üzr istəyirəm. Xahiş edirəm məndən küsmə. Axı mən səni çox se… istəyirəm. Həmin an o, az qalmışdı ki, sevgisini bəyan etsin. Lalə küskün-küskün gözlərini süzdürdü:

-Bax, Kamran, bir daha mənim valideyinlərim haqda danışma. Onlar mənim hər şeyimdirlər, mənim doğmalarımdırlar.

-Baş üstə, Lalə. Bir daha bu barədə söhbət açmaram.

– Barışdıqmı?

– Lalə “barışdıq” – deyərək əlini Kamrana uzatdı.

Həyat insanları hər addımında sınağa çəkir. Bəzən yollarına daş-kəsək ələyir, bəzən də hamar və maneəsiz edir.Hər iki halda belə insanların reaksiyasını qiymətləndirir, sonunda isə mükafat olaraq özünə qaytarır.

Lalə, uşaq evindən götürülsə də, valideyinlərinə qarşı əsla ögey münasibət bəsləmirdi.O, uşaq evindən götürüldüyünü elə uşaq vaxtlarından da bilirdi.Çünki, övladlıq ediləndə onun beş yaşı var idi. O, ata-ana sevgisini, onu böyüdüb boya-başa çatdıran valideyinlərindən görmüşdü.Buna görə də onları canından artıq sevir və daim hörmətlərini saxlayardı.

Ürəyində Kamrana qarşı sevgi bəsləsə də, bu sevgi övladlıq sevgidini üstələyə bilmirdi. Elə bu səbəbdən idi ki, Kamran onun valideyinləri haqqında daha bir kəlmə də olsun söhbət aça bilmirdi.

Lalə sinifdə dərs əlaçısı idi. Arzusu isə, müəllim olmaq, gələcək üçün işıqlı nəsil yetişdirmək, valideyinlərinin başını uca tutmaq idi.Kamrandan fərqli olaraq, lalə imkansız ailədə böyüyürdü. Onun atası Çilingər, anası isə evdar qadın idi. Lalə kimsələrdən geridə qalmasın deyə, anası Fatimə, hərdən evlərə təmizlik üçün gedir, əlinə gələn pulu isə, Lalənin əyin-başına xərcləyərdi. Lalə çox ağıllı qız olduğundan isə, çatışmayan nəyi varsa anasında gizləyər, özünü və gözünü tox tutardı ki, anası fikir çəkməsin.

Bəlkə də bu səbəbdən idi ki, Lalə, gecəsini gündüzünə qatıb oxuyurdu ki, gələcəkdə bir iş sahibi olub, valideyinlərinin əziyyətini yüngülləşdirsin. Hər axşam atası, qabarlı əllərini Lalənin saçlarında gəzdirəndə, Lalə özündən ixtiyarsız halda onun əllərindən öpərdi.

Bəlkə də “əsil” övlad deyilən məhz belə övladlar imiş.

Kamran böyüdükcə daha da yaraşıqlı olsa da, ailəyə olan münasibətləri kobudlaşır, dərslərindən uzaqlaşırdı.

O, atası Aminin təkidi ilə otağına gedib dərs oxuyardı.Bəzən isə başı telefonuna o qədər qarışardı ki, kitab üzü açmazdı. Tez-tez Laləyə mesaj ataraq onun nə ilə məşğul olduğunu soruşar, bəzən də ürəyini ona açmaq istəyərdi.Amma, Lalənin ciddiliyi qarşısında buna cəsarət etməzdi.

Artıq yay tə’tilinə az qalırdı. Kamran isə bu tə’tilin gəlməyini heç istəmirdi.Çünki hər il yayda, lalə anası ilə bərabər rayona nənəsi gilə gedərdi. Həmin üç ay isə Kamrana üç ilə başa gəlirdi.O, çox darıxırdı Lalə üçün. Telefonla söhbət etsə də, yanında, eyni partada oturmağını istəyirdi.Bu yay da elə olacaqdı. Elə buna görə də Laləyə ürəyini açmaq qərarına gəldi.

Ertəsi gün Kamran, yuxudan tezdən oyandı.

-Ana, yeməyimi hazırla bu gün məktəbə tez getməliyəm.

Səmayə, Kamranın belə erkən qalxdığını görüb, gözlərinə inanmadı.Çünki onu hər gün yuxudan saatla bərabər, Aminlə Səmayə zorla oyadardı.Bu gün isə özü yuxudan oyanmışdl.

-Xeyir ola ay oğul bu gün yuxudan tezdən oyanmısan?

-Dərslərim çoxdu ana, qarşıdan imtahan gəlir dedim bir az uşaqlarla bərabər hazərlaşım. Səmayə tələsik süfrə quraraq dedi.Afərin mənim oğluma. Bax, hər gün belə ol oğlum. Bizim arzumuz səni ali təhsilli görməkdir axı..

-Narahat olma ana, sizin arzunuzu gözünüzdə qoymaram.

Amin, yuxudan oyanıb Kamranı dərsə getməyə hazır vəziyyətdə görüb, gözlərini ovuşdurdu.

-Oğlum nə yaxşı tezdən durmusan? Gözlərimə inanmadım. Kamran atasının çiyninə toxunaraq dedi.

Bir az da gözlərini ovuşdur inanacaqsan deyib, gelərək evdən çıxdı.

Lalə adəti üzrə, tezdən oyanıb dərslərini təkrarlayar, sonra da dərsə gec qalmasın deyə vaxtından tez evdən çıxardı.Kamran bunları gözəl bildiyindən, Lalənin gələcəyi yolda durub onu gözlədi.

Lalə Kamranı yolunun üstündə durub onu gözlədiyini görəndə zarafatyana gözlərini ovuşdurdu.

-Aaa bu sənsənmi Kamran? Nə əcəb tezdən durmusan?

-Mən tezdən dura bilmərəm?

Kamran Laləyə incik cavab verdi.

-Yox niyə dura bilmirsən ki, istəsən durarsan. İncimə sözümdən, mən səni hər gün dərsə yubanan görmüşəm nə edim göz vərdişidir deyib gülümsündü.

Lalə güləndə mas-mavi dəniz gözləri daha da gözəlləşirdi.

Kamran bütün günü bu mavi gözlərə baxsaydı doymazdı.

O, bir az cəsarətlənib dedi.

-Lalə, sənə bir söz demək istəyirəm.

-Buyur Kamran eşidirəm.

-Bilmirəm hardan, nədən başlayım. Mən ..mən.. mən səni sevirəm. Qəfildən gələn bu təklifdən Lalə diksindi. Allanmış yanaqları mavi gözlərinə bir az da gözəllik verdi. Lalə başını aşağı salıb susdu.Əslində o da Kamranı gizlidən -gizliyə sevirdi.Amma sevginin onlar üçün hələ tez olduğunu da gözəl bilirdi.

-Niyə susdun Lalə? Bir cavab ver mənə.

Lalə heç nə demədən ondan uzaqlaşıb, iri addımlarla məktəbə tərəf qaçdı.

Susqunluq razılıq əlamətidir deyirlər. Lalə də öz razılığını bununla bildirdi.

Sinifdə ağız danışanı qulaq eşitmirdi. Uşaqlar bir ağızdan tə’til xəyallarından danışır, kimin harda istirahət edəcəklərindən bəhs edirdilər.

Sənan fürsətdən istifadə edərək Kamrana dedi.Biz bu il istirahət üçün Almaniyaya gedəcəyik.Oralar yayda sərin olur. Bəs siz hara gedəcəksiniz? Kamran çiyinlərini çəkərək bilmirəm atam hara aparsa ora deyib, Sənanı başından etməyə çalışdı. Sənan isə Kamrandan doğru -dürüst cavab almadıqda üzünü Laləyə tutdu.

-Lalə bəs siz hara gedəcəksiniz deyərək bic-bic gülümsədi. Lalə isə qürurla əlini belinə qoyaraq dedi. Hə nə demək istəyirsən açıq de. Mən həmişəki kimi nənəm gildə istirahət edəcəyəm. Sənan üzünü uşaqlara tutaraq ucadan gülərək dedi.Uşaqlar eşitdiniz? Nənəsi gildə istirahət edəcəkmiş. Dettomların da nənəsi varmış deyib uşaqlarla bərabər onu ələ saldılar. Lalənin mavi gözləri elə dolmuşdu ki, sanki dənizdə fırtınaya bənzəyirdi.

Lalənin pərt olmasına Kamran dözə bilmədi. O, iki əlli Sənanın yaxasından yapışıb yerə vurdu. Onlar arasında dava başladı.Kamran Sənandan cılız olsa da, ondan qat-qat güclü idi. O, Sənanı döyərkən gözlərini qan bürümüşdü.

-Burax Kamran burax deyirəm onu.Sən nə edirsən? Uşağın ağız burnunu dağıtmisan. Kamran, lalənin əllərini onun əlində görcək sanki yuxudan oyandı. Sənanın ağız -burnu qanla dolmuşdu.

Səs-küyə məktəb direktoru Əli müəllim də gəlmişdi.

Əli müəllim Kamranı otağına aparıb tənbeh etdi və dedi ki, sabah məktəbə atanla gəlirsən.

Kamran isə etdiyi əməldən heç də peşiman deyildi. Buraxsaydılar gedib Sənanı yenidən döyərdi.

Direktorun otağından çıxanda Kamran, Laləni qapının önündə gördü.

-Noldu Kamran durektor nə dedi?

-Heç nə. Dedi sabah atanla gələrsən.

-Niyə məni tutdun Lalə?

-Nə edəydim, buraxaydım öldürəydinmi?

-Lalə, bax buna görə deyirdim öz doğma ata-ananı axtar.

Lalə tərs baxışlarla Kamranı süzdü.

-Mən sənə dedim axı onlar mənim doğma valideyinlərimdir. Mən bu özündənrazı Sənanın sözü ilə valideyinlərimdən imtina etməliyəm?

Heç bir qüvvə məni onlardan qopara bilməz.

Kamran daha söhbətə qayıtmadı. Qorxdu ki, yenə də Lalə ondan inciyər.

Devamı var

Metanet Duygulu
www.kafiye.net