Men ve Bizimkiler

Mənim atam və anam ayrılıqda və birgəlikdə o qədər məşəqqətlər yaşayıblar ki,..şəxsi həyatları alınmayıb, valideynlərindən, qardaş-bacılarından uzaqda yaşayıblar və s…

Onların genetik və qazanılmış şərtlərlə belə, ağır xəstəlikləri olmayıb, orqanizmləri sağlam olub, dərd sindromuna düşməyiblər. Bəzən həyatlarından danışırdılar, amma ahəstə nəql edirdilər.

Ağlamsınırdılar, təəssüflənirdilər, amma ittiham etmirdilər, şikayət etmirdilər. Həyatdan istənilən şikayəti istehza ilə qarşılayırdılar. Heç vaxt aclıqdan, qıtlıqdan danışmırdılar, paltarsızlığı düşünmürdülər. Bəlkə belə bir ehtiyacları olmayıb, bəlkə də olub, amma bunu bilməyə bizə imkan verməyiblər. Ailəvi mühitdə (qohumlarla birgə) çox sosial stereotiplərlə- qısqanclıq, bəhsləşmə, öcəşmə, acıq-qıcıq, ailə münaqişələri ilə qarşılaşmışıq.

Amma bunların axşam söhbətlərinə, muğam saatlarına, televiziya tamaşası seyrinə, heyvanlar aləminə səyahət proqramına baxışa, saz havasını dinləməyə, Qulu Əsgərovu, Nəzakət Məmmədovanı, Kifayət Gəncəlini birgə dinləməyə heç bir dəxli olmurdu. Bayırdan gələn söz-söhbət əks-səda verirdi, amma ailənin öz mövzusu olduğun o yad fikirlər bəslənib böyüdülmürdü, tez də çürüyüb yox olurdu.

Ona görə yox ki, mənim valideynlərim yaxşı insanlar idi və ya bizi çox dəyərləndirirdilər. Ona görə ki, cəmiyyət sabit idi. İnsanlar özlərini düzgün idarə etməyi bacarırdılar. Amma mənim valideynlərimin evladları belə ola bilmədilər. Heç bir məşəqqətləri olmayıb, böyük faicələrlə qarşılaşmamış adi məişət mühitlərində çox böyük təlaş, narahatlıq, qorxu, nigarançılıq yaşayıblar.

Çünki cəmiyyətimiz nizamını itirib. Cəmiyyətin bütün ictimai münasibətləri ailədaxilində özünə yer tapır və möhkəmlənir. Bir də görürsünüz ki, iki qardaş yad adamlar kimi, bəhləşirlər, kapital rəqabətinə girirlər, iki bacı özlərini günü kimi aparırlar. Ər-qadın bir-birinin müdiri , hiyləgər katibəsi kimi aparır, hakim-müttəhim kimi rəftarda bulunurlar. Hələ gəlin-qaynana münasibətlərindən danışmıram. Yox-yox bunların da əlacı olur. Kiminsə dostu, rəfiqəsi, qonşusu insaflı çıxır və ailədə yadlaşmış adamları isidə bilirlər.

Amma bu da sevgi ilə həll olunmur, başdanyozdu, xüsusi laqeydliklə “başa gəlir”. Qayıdaq valideynlərimə. Mən onlara çox oxşamışam. Xüsusən davranışlarda, insanlarla rəftarda vecsizliyim, istehzam, soyuqqanlılığım həm atamsayağı, həm də anamsayağıdır. Bundan tək dostlarım yox, doğmalarım da şikayətlidirlər. Onu da deyim ki, mənim kimi vecsizlər doyunca ağlamağı, gülməyi, sevinməyi bacarır, amma rahatsızlığı, nigarançılığı qətiyyən tanımazlar. Bizdən fərqli olanlar isə yalnız gərginliyin, təlaşın dadını bilirlər. Göz yaşlarına, yanaqdolusu təbəssümə belə, həsrətdilər. İndi nə edim elə belə də qalımmı? Qalmağına elə beləcə qalacam, amma can yandıra bilirəm. Çünki aciz deyiləm!



Sara
www.kafiye.net