Şehidlerimizə ithaf edilib

Ovunmayan həsrət…

ŞƏHİDİM!


Səhər -səhər idi.
Bir sarı donlu gəlib,
kəsmişdi qapımızı.
Götürüb apardı…


Addımların irəliyə,
baxışların geriyə çəkirdi səni…

Bu bayram qoşa butalı kəlağayı alacaqdın …
Eynən nənəm kimi, qəşbənd, vurub, yaşmaq tutacaqdım…
Qoşa butalı kəlağayı tutub gözüm…hardasan?


Bir yaz görüm necəsən?
Yarıcanım hardasan?
Sağım, solum, bütünüm,
Sənsiz elə darıxdım.
Dolanıram başına
Dörd divarın səhərdən.


Gələn-gedən nəfəsim
Yenə səssiz pıçılda
Gecənin qulağına.
Səni çox istəyirəm,
Mehribanım, əzizim.

Yatmamışam gecəni
Oturub səhərəcən
Adını zikr etmişəm
Dilim ucu qabardı.

Səhv-düz, tələm-tələsik,
Qara-qura eybi yox.
Eləcə yaz ki, sağam.
Canım, gözüm, əzizim.


Bağışladığın güzgü
Əlimdən heç düşməzdi.
Dünən salıb qırmışam,
Topalayıb yığmışam,
Bərk sıxıb saxlamışam
Ovucumun içində.


Qorxuram küsər, gedər
Bir ömür xatirələr…

Ayım, günüm, əzizim
Yarıcanım hardasan?

Köhnə şəhər, dar küçə
Külək, sazaq, dörd divar.
Yolun hansı yanadır?

Ordan boylanım sənə
Sağım, solum, bütünüm
Yarıcanım hardasan?
Göy üzünü yenə qara buludlar alıb.


Dünya kir-kirə kimi, başıma dolanır.
Əzir, doğrayır düşüncələrimi bir buğda dəni kimi.


Qıymır bir ovuc torpağı mənə,
Qarışım ona,
Cücərim bir bahar yolunun üstə…


Yollardan ha soraqlaram,
Hara apardı səni?


Bilirsən, küləklər necə vecsiz əsir küçəmizdən…?
Yağışlar da kəsib-kirimir,
Bəxtsiz gəlin kimi,
Gözünün mitiyini tökür o gün bu gün…



Yavaş-yavaş geyim-keciminidə
Ortalıqdan yığışdırırlar…
Bir cüt ayaqqabın qapımızın
Gireceyindegözü yolda qalıb…

Şəkillərini bir-bir gözdən itirirlər…
Xəbərin varmı?
Pəncərəsi cilik-cilik olub küçəmizin…
həsrət-həsrət baxışlar boylanır gözlərindən….
Keşkə…
keşkə geri qanrılasan, dönəsən gəlməzindən…


Gözlərimdən boylanan
Qırmızı qərənfillər ağlamaqdan yorulub…
Yolun kəsə başından,
Qanrılasan geriyə…
Sənsiz ömrüm tez bitə…
Tez gələsən…tez…
Ünvansız məktublarımı poçtalyon geri gətirir…
Eh…hardan bilsin, nə can yanır bu odda?
Nə səsin var, nə də sorağın…
Eh…səni məndən alan….
Nə olar, fələyin çərxin çevir…
Göyün üzün aç, ALLAH!


Çiçəklər gülümsəsin günəşə sarı..
.Bəxtinə gün çıxsın, uman, küsən könlümün!
Deyirlər o tayda durnaların köçü başlayıb…
Sən gedəndən bir dəstə durna teli topalamışam.


Tək-tək əzizləyib,
Gecədən ta sübhəcən ümid göyərdirəm.
Elə ki, gün dönür, gözlərim zillənir yollara.
Hər qaraltıya sevinirəm.
Ümid üzülmür ki, bilirsən…
yenə gözləyirəm və hər gün
Beləcə gözləyəcəm ta sən gəlincə!
Sən uzun yolların yolçusu oldun.
Yuxun uydurduğumuz nağılların qonağıdır.


Sevdan doluxsulanmış bir gözəlin
Gözlərindən boylanır dünyaya….
Artıq çox uzaqdasan.
Minlərlə kilometrlər uzanır aramızdan.
Yüzlərlə yol dirəkləri
Boylandıqca gözlərimi qaraldır.
Yaşanıb, bitənlərin Noterdamısan.

Ağrın canıma, tüstün gözlərimə dolub…
Sən unudulan deyilsən!
Vətən torpağından cücərən hər
Çicəkdə sənin ətrin duyulacaq,
ŞƏHİDİM!

Azadə Novruzova
www.kafiye.net