Əziz həmyerlimiz Həsən Həbib oğlu Xəlilov! Əlbəttə ki,heç bir atanın belə bir şəraitdə şəkil çəkdirməsinə razı olmazdı kimsə.Qəlbindən keçənləri duyur və sizlə birgə üzülürük.Allah oğlunuz,şəhidimiz leytenant Namiqə rəhmət eləsin,ruhu şad,məkanı cənnət olsun. O,Vətən deyə qurban oldu.S.Burğun dediyi kimi ölüm sevinməsin qoy.Vətən üçün yaşayıb,vətən üçün ölənlər şirin bir xatirədək həmişə yaşayacaqlar qəlblərdə.


ADI QALAR ŞƏHİDİN


Bu nə tale,bu nə qismət,nə yazı?
Göldü,olmaz göz yaşının dayazı,
Dil açıb divardan asılı sazı
“Kərəmi”, “Hicranı” çalar şəhidin!


Nə qanasan,nə deyəsən sözüylə?
Bir od salar ürəklərə közüylə,
Dili yanar,kirpiyiylə,gözüylə
Məzarını yellər yalar şəhidin!


Mum eyləyər ah-naləsi daşları,
Diz çökdürər,dizə əyər başları,
Göydən ulduzları,uçan quşları
Nisgili yerlərə salar şəhidin!


De,tutdumu mələklər də bu yası?
De,vardımı göz yaşından doyası?
Sorağını olan ata-anası
Hər güldən-çiçəkdən alar şəhidin!


Şişə taxan bir gün şişə taxılar,
Od yaxan da yandırılar,yaxılar,
Dənizlər quruyar,dağlar yıxılar,
Bu dünyada adı qalar şəhidin!


Məzahir İsgəndər

P.S. Allah cəmi şəhidlərimizin ruhunu qələbə müjdəsiylə sevindirsin.AMİN!..AMİN!..AMİN!..

www.kafiye.net