Bu Gün Biz Hamımız Qarabağlıyıq.


Təmkinlisən ,ana torpaq dözürsən,
Bir bütünsən oğullarla özün sən,
Qürur yerim harayla sən, səslə sən,
Bu torpağa, bu vətənə bağlıyıq,
Bu gün biz hamımız Qarabağlıyıq.



Qarabağım ağır eldi , bilirsən,
Şivəsi çox şirin dildi, bilirsən,
Tufandı, çovğundu, seldi, bilirsən,
Uca dağlar kimi şah vüqarlıyıq,
Bu gün biz hamımız Qarabağlıyıq.



Dərdimiz yox, Qarabağdı dərdimiz,
Yol gözləyir şəhərimiz, kəndimiz,
Hər döyüşü bilmək idi fəndimiz,
Yarı aranlıyıq, yarı dağlıyıq,
Bu gün biz hamımız Qarabağlıyıq.



Bayatı demişik şirin dil ilə,
Dəyişmək olarmı qürbət el ilə ?
Əkib becərmişik alın təriylə,
Dədə Qorqud çatan dağ tonqalıyıq
Bu gün biz hamımız Qarabağlıyıq.



Camalqızı inadından dönmə sən,
Vətən eşqin alovlandır, sönmə sən,
Yaşa, yarat , qürbət eldə ölmə sən,
Neçə ildi yurdumuzdan ayrıyıq,
Bu gün biz hamımız Qarabağlıyıq.



Xuraman Camalqızı
www.kafiye.net