Əbədi Dünyamı Gör



Əbədi dünyamı gör necə sarır,
Yaddaşın özündə izini salır,
Hələ deyilməmiş çox sözüm qalır,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Vuruldum misranın duyğu selinə
Bağlandım şeirin incə dilinə,
Közündə alışdım , döndüm külünə,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Kökləndim sarı sim dillənən yerə,
Düşüncəyə dalıb, lillənən yerə,
Sinəm alov tutub, küllənən yerə,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Mənə qanad verən Şah misralardı,
Kövrələn gah mənəm,gah misralardı,
Ruhumdan ayrılan ah – misralardı,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Qəmli misralarda səsim duyulur,
Bağrımın başı da sözlə oyulur,
Alışan ürəyim yüz qat soyulur,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Könlümə od vuram, varağa düşəm,
Gözəllik eşqiylə sorağa düşəm,
Yanğını söndürən bulağa düşəm,
Ya rəbb ! Ürəyimi şeir yandırır.



Şeirdən don geyəm, rəngi allana,
Dodağımdan süzə sözlər ballana,
Yana bağrım başı , oda qalana …
Ya rəbb ! Ürəyimi şeir yandırır.



14.09.2020.
Xuraman Camalqızı
www.kafiye.net