HƏYATI YAZDIM

Günlərim vardı ki, ruhum sönmüşdü,
Heç nə qavramırdı baxan gözlərim.
Zaman dayanmışdı, zaman dönmüşdü,
Dodaqda donmuşdu lal – kar sözlərim.

Daha düşünmürdüm nəsə yazaram,
İlhamım canlanar, qələm dirilər.
Sükutu misramla qəfil pozaram,
Şeir baxçasından çiçək dərilər.

Tanrı ki, bəxş edib mənə bu cismi,
Döyüşkən ruh verib, can yerləşdirib.
Bir qism maddisə, ruhi bir qismi,
İdeal yönəldib, tən birləşdirib.

Odur ki, vuruşdan zəfərlə çıxdım,
Döyüşkən ruhumdu cismimdə qazi.
“Tacları ” boş qoydum, qalalar yıxdım,
Marşım “cəngi ” kimi, nəğmələr mazi.

Güvəndim özümə, həm ailəmə,
Dövlətdən, dostlardan kömək güdmədim.
Qorudu bəxş edən məni aləmə,
Şükür ki, burdayam, dalıb getmədim.

Bir daha anladım dost, qohum yalan,
Qoruyar insanı canından olan.
Olarsa can evi, dünyası talan,
Ayrılmaz yanından qanından olan.

Bir də ki, nə yaxşı can yoldaşı var,
Əvəzsiz canını verəcək biri.
Yanında arxası, silahdaşı var,
Olumsuz cənglərə girəcək biri.

Bəlkə də gərək yox bunu deməyə,
Arxa dayaq olun bir – birinizə.
Duyun, dəyər verin hər cür əməyə,
Məhəbbət şəfadır dərd – sərinizə.

Düşdüm duyğuların yenə sehrinə,
Olar ki, hissləri tünd, qatı yazdım.
Nöqtələr qoyuram burda şerimə,
Virtual yazmadım, həyatı yazdım!



Təvəkkül Goruslu. 12. 07. 2020
www.kafiye.net