Nə var?

Əl açıb dilənsə yollarda tifil,
Halına acıyıb, baxmağa nə var?
Verdiyin tikəni zəhrimar edib,
Yazıgın başına qaxmağa nə var?

Ən böyük lənətdir elin qarğışı,
Dağtək ucalarsan olsa alqışı.
Səni dəstəkləyən dostu, tanışı,
Alçalda-alçalda qalxmağa nə var?

Sözləri incitək düzməyi öyrən.
Əngin səmalarda süzməyi öyrən.
Balıqtək dəryada üzməyi öyrən,
Çayların qoynunda axmaga nə var?

Hələ görməmişəm qayıdıb gələn,
Yəqin ki, cənnətə düşür hər ölən.
Günəş ol, yayılsın aləmə şölən,
Şam kimi közərib, batmağa nə var?

Ağlama büdrəyib sürüşmüsənsə,
Həris tamahından ilişmisənsə.
Qumlu səhraları gəz kişisənsə,
Çinarın altında yatmağa nə var?

Müsəlman övladı, adəm nəvəsi,
Əsirsən azanın gələndə səsi.
Dəyməsin dininə yadın nəfəsi,
Halala haramı qatmağa nə var?

Sakit, qardaşını səfər zamanı,
Dostu dar ayaqda sınayıb tanı.
O səni çaşdıran cini, şeytanı,
Qəlbindən çıxarıb, atmağa nə var?



03.07.2020
Sakit Memmedova

www.kafiye.net