RESPUBLİKA GÜNÜMÜZ MÜBARƏK, HƏMVƏTƏNLƏRİM!

AZƏRBAYCAN BAYRAĞI

Namusumun örpəyi, qürurumun baş tacı,
Yaralarım saranım, bütövlüyün ilacı,
İstiqlalın simvolu, müstəqillik əlacı,
Ölkəmə nurun saçan, azadlığın çırağı,
Zirvələri fəth edən, Azərbaycan Bayrağı!

Rənglərində özgürlük, rənglərində din, iman,
Rənginə hopub tarix, rənginə hopub zaman,
Rəngində şəhid qanı, rəngindən qeyrət daman,
Cismim tutan dirəyi, başım üstü durağı,
Varsan, sənə can fəda, Azərbaycan Bayrağı!

Günəşdən min rəng alan, küləklə nəğmə ötən,
Savalana, Kazbekə, hətta Everestə tən,
Səninlə onurludur bu el – oba, bu Vətən,
Bəzəyirsən səmamı, bəzəyirsən növrağı,
Əbədi dalğalan sən, Azərbaycan Bayrağı!

Ulduzundu, ayındı üzərində sayrışan,
Sənə həsəd aparır gecələrdə kahkəşan,
Şəninə qibtə edir müxtəlif sancaq, nişan,
Üxüvvətin harayı, istiqbalın sorağı,
Əsrə meydan oxuyan, Azərbaycan Bayrağı!

Əsgər şücaətiylə Şuşaya çatacaqsan,
Zəngəzuru, Göyçəni kölgənə qatacaqsan,
İrəvandan yağını xırs ilə atacaqsan,
Qisasın ilhamçısı, İntiqamın yarağı,
İşğala sinə gərən Azərbaycan Bayrağı!



Təvəkkül Goruslu. 29. 05. 2020
www.kafiye.net