Yuxuna qurban

Niyə belə erkən gözü nəmlisən?
Röyamı görmüsən?, yuxuna qurban.
Qaşların çatılıb, niyə qəmlisən?
İslaq kirpiklərin oxuna qurban.

Buyur çək istəsən, sınağa məni,
Elə öz ömrünə sadağa məni.
Qısqanma ötəri alağa məni,
Güldən gözəl olan, qoxuna qurban.

Sən, ay ürəyimin arzu, diləyi,
Taleh bəxş eyləyən, sevgi mələyi,
Əgər bacarsaydım, əsən küləyi
Qoymazdım, telinə toxuna qurban.

Sakitəm, çox şeyi səndən danmışam,
Gözəllər önündə xırdalanmışam.
Təmiz məhəbbətə sənlə yanmışam,
Baxma ki, demişəm, çoxuna qurban..


Sakit Memmedova
28. 05. 2020.
www.kafiye.net