ATA YURDUM DİL AÇDI
(Uşaqlıqda başıma gələn hadisələr)

Bilirsənmi, son nəfəs aldığını görmüşəm
Təkərlər arasında qaldığını görmüşəm.
Rəngin olmuşdu düm ağ
Sinələr çəkirdi dağ
Yadındamı o günlər, sürücü şərab içmiş,
Yolundan çıxan maşın gəlib üstündən keçmiş.
Hadisənin şahidi:
Mən yerdən götürəndə, artıq ölmüşdü dedi.

Həyət dinib, danışdı, nə varsa mənə dair,
Körpəlikdə başıma gələnlər qalmadı sirr.
– Nəfəs gedib sönmüsən
Ölümlərdən dönmüsən.
Bir gün böyük qardaşın ox atıb gözü deşdi
O didəyə çatmayıb yolda qaşa ilişdi
Bəxtin saxladı gözü
Əlli beş il ötsə də yenə də qalıb izi

Xeyir söyləməz qarı, gözündən süzülüb yaş
Cüt oğlunu apardı Xram quruyaydı kaş,
Deyərək şivən saldı
Göyləri dərd, ah aldı
Adınızı deyərək ürəklərə saldı qəm
Canlar üzən xəbərə göydən yağırdı sitəm
Nalə ucaldı zilə
Rəbbim səni qoruyub gətirdi gülə- gülə

Xəyalına gəlirmi, qonşu iti açıldı?
Sənə hücum edəndə sanki, dəhşət saçıldı.
Aparırdı yeməyə
Dil gəlmir söyləməyə
Qarın, bel dəlik deşik, ayaqda ət yox idi
Sanki, sənə sancılan yüzə yaxın ox idi
Ana nalə qopardı
Üzündəki sevinci yaşı yuyub apardı.

Sən ki, tez- tez gəlirsən
Ata-ananın ruhunun qiyməyini bilirsən.
Deyərək, susdu həyət
Gözümdən düşən gilə nida qoydu nəhayət.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net