UŞAQLIQDAN XATİRƏLƏR

Götürərdi üstümüzdın qınağı,
Sıldırıma dırmaşmağın sınağı.
Dolaşardıq yamacları, oymağı
Görən yenə, o adətlər qalıbmı?
Yoxsa, hamı ev uşağı olubmu?

Buludlardan min şəkillər seçərdik
Ovuc ilə bulaqdan su içərdik
Daşqın çayı güc, bəlayla keçərdik
Koroğlunun qalasını görməyə.
Orda bitən dadlı meyvə dərməyə.

Su üstündə daş üzdürüb atardıq
Gül – çiçəkli çəmənlikdə yataqdıq,
Qaça – qaça Əyriqara çatardıq
Yorulmağı bilməz idik o yerdə.
Təngnəfəslik öyrəndim mən şəhərdə.

Qonşu bağın yaxşı – yaman meyvəsi,
Oğurluğa vadar edib hər kəsi.
Yeməyə yox, onu dərmək həvəsi
Axşam çağı bizi məcbur edərdi.
Səhər gəzilərdi, bağı kim dərdi.

İlaxırda dəstə dəstə olardıq,
Novruz günü qapıları çalardıq,
Hər yaş dövrü yaşamdan həzz alardıq
Bilməz idik xoş xatirə olacaq.
Uşaqlıqdan bizə onlar qalacaq.

Sürüşərdik, qaçışardıq təpədən
Yuvarlanıb yıxılardı səhv edən
Quş tutmağa bağlayardıq ipə dən
İllər sükutunda yaddaş dinərmiş.
Hər dəcəllik təbəssümə dönərmiş.


Mübariz Hüseyn Borçalı

www.kafiye.net