Belə bir məsəl var: “Molla deyir, mənə qulaq asın, oxuduqlarıma əməl edin, amma elədiklərimi eləməyin!” Şair də elə molla kimi bir vücuddur, ona görə də Sakit dostumuzun mənə yazdığı cavab şeirinə inanmayın.)))

Səhər tezdən baxıb görürəm ki, bu adam özünü mömin kimi qələmə verib, üstəlik də hamı onun bu xoş məramlı əməlini alqşılayıb)).

“Pir mənimdir, kəramətinə bələdəm”.)) Qoy bu mübarək ay başa çatsın, əgər o yazdıqlarına əməl etməsə, başda özü olmaqla onun dünənki cavab şeirinə pozitiv rəy yazanlara “optovoy” bir mənzum yazı əta edəcəyəm)))). İndi isə kiçik bir cavab hədiyyəsi göndərirəm.

İnanan daşa dönsün.

Gözəl cavab yazmısan,
Qələmin quşa dönsün,
Məncə nail olmusan,
Fikirlər “çaş”a dönsün.

Mən yazmışdım olanı,
Sən etdin ah – nalanı,
Kim deyirsə yalanı,
Bir qazan xaşa dönsün.))

Söz deyim söz üstündə,
Hər şeyi öz üstündə,
Məddahı göz üstündə,
“Tatu”dan qaşa dönsün.

Tapdın işin çəmin sən,
Söylə nəyə əminsən?
Guya indi möminsən…?
İnanan daşa dönsün!

Çingizəm…Bilir çoxu,
Sərrast atıram oxu,
Çin çıxammaz hər yuxu,
Ağılın başa dönsün…



07.05. 2020.
Çingiz Kürdəmirli.
www.kafiye.net