Günaydin, dostlar! Sizi bilmirəm, amma mən dostlarımı tez – tez yada salmağı xoşlayıram. İndi gözəl qələm sahibi, ellim Qulu Zərdabinin
mənimlə deyişmələrindən birini paylaşıram ki, evdə qalan dostların başı bir az qarışsın


ATIŞMA

Qulu:
Qocalıqdan nə zamandır
Gileylisən yenə dostum.
Şükr elə ki vurur ürək
Qalxıb enir sinə dostum.

Çingiz:
Gəl toxunma bu gün mənə,
Dil istəmir dinə, dostum,
Lazım deyil ürək – dirək,
Yox ehtiyac ünə, dostum…

Qulu:
Hərdən vurub boz arağı
Al qələmi yaz varağı
Qoparginən tozanağı
Növbə çatıb sənə dostum.

Çingiz:
Əlli – əlli vurram elə,
Amma çox çıxmıram zilə.
Dostlar da salır “zibilə”,
Dönnük şeytan, cinə, dostum..
.

Qulu:
Dünya özü baş ayaqdı
Heç bilmirsən nə sayaqdı
Kim yatıbdı kim oyaqdı
Cırtdan gəzir nənə dostum.

Çingiz:
Yəqin duyursan sözümdən,
Dünya düşübdü gözümdən,
Tez- tez çıxıram özümdən,
Dərdim çatıb minə, dostum….

Qulu:
Basma simin sarısından
Ömür keçib yarısından
Qoca küsüb qarısından
Pozulub ənənə dostum.

Çingiz:
Yapışsan da harasından,
Heç kəs keçmir parasından, (pulundan)
Dostlarımın araslndan,
Çox edən var tənə, dostum…

Qulu:
Fələk çərxini fırladır
Bu nə təlaş nə qovğadır
Deməki atım yorğadır
Bir gün düşər çənə dostum.

Çingiz:
Tarım saxla söz yayını,
Mən “ vurum”, sən iç çayını,
Alarsan “ bayram payını”,
Dinc durmasa çənə, dostum.

Qulu Zərdabi – Çingiz Kürdəmirli

www.kafiye.net