SÜRÜNƏN KÖLGƏ…4



Sarsıntıdan özünə yer tapmayan Nərgiz qaranlıq,tənha otaqda uzaq keçmişi, onunla bərabər xəyalları və xatirələri ilə başbaşa qaldı.
Çox gözəl təbiəti, əsrarəngiz mənzərəsi olan səfalı bir kənddə doğulmuşdu.Özü də, bacı-qardaşı da ata-ana, nənə- baba nəvazişi ilə böyüyürdü.Ailələri kənd camaatı içərisində sayılan-seçilən, nüfuzlu ailələrdən idi.Nərgiz əla qiymətlərlə oxuduğundan müəllimlərinin də, sinif yoldaşlarının sevimlisinə çevrilmişdi.Məktəbin sonuncu sinfində oxuyarkən artıq sənədlərini hansı Ali məktəbə verəcəyini də qərarlaşdırmışdı.Musiqiyə olan sonsuz sevgisi anasını sevindirsə də,atası Səməd kişinin bir o qədər də ürəyindən deyildi.O, qızını gələcəyin həkimi kimi görmək istəyirdi.Nərgiz isə seçimində israrlı idi,musiqiçi olacaqdı.
Gözəl xarici görkəmi, şux qaməti, şax yerişi ilə əksər kənd qızlarından seçilən Nərgiz kənd oğlanlarının da diqqətindən yayınmırdı.Hava qaralandan sonra bütün kənd camaatının toplaşdığı toy mağarlarında da gizlincə ona tuşlanan xəlvəti baxışları hiss edir,etinasız tərzdə , saymazyana şəkildə baxışlarını kənara çəkirdi.İndi onun bir məqsədi vardı; Bakıdakı musiqi ocaqlarından birinə qəbul olub təhsil almaq,tanınmış musiqiçi olmaq.Kənd həyatı gözəl olsa da, o, burada özünü tapa bilmir, mərkəzə, daha fərqli bir həyata can atırdı.
Qızının istəklərinə qarşı çıxmayan anası Zərnigarın ona mane olmaq fikri yox idi.Nərgizin Ali məktəbə qəbul olacağına da heç şübhə etmirdi.Hətta onun təhsil alacağı müddətdə harada qalacağı barədə də düşünmüşdü.Ən etibarlı yer böyük bacısı Ruqiyyənin evi idi.Zamanında çox elçilərə rədd cavabı verən Ruqiyyə Bakının köhnə məhəllələrindən birində tənha yaşayırdı.Yaşı ötmüş bu qadın gəncliyini, gözəlliyini bada verərək nə ailə qurmuş, nə də oğul- uşaq sahibi olmuşdu.Yaşı əllini haqlasa da,gümrah, həyatsevər qadın idi.İlllərdi ki, tikiş fabrikində çalışırdı.Tənha həyata adət etsə də,yaşa dolduqca bəzi həqiqətləri dərk etməyə başlayırdı. Qocalıb əldən düşəcəyi məqamda yanında kimsənin olmaması xofu tədricən onu narahat etməyə başlayırdı.
Bacısı Zərnigarın təklifi də bu səbəbdən onu çox sevindirirdi.Nərgiz ağıllı, tədbirli qız idi.Onun yanında qalıb həm təhsil alar, həm də xalasına həyan olardı.Baş- başa verib dolanardılar.
Orta məktəbin buraxılış imtahanlarını müvəffəqiyyətlə verib, sənədlərini alan Nərgiz sevincindən balaca uşaq kimi atılıb- düşür, Bakıya yola düşəcəyi günü səbrsizliklə gözləyirdi.Bitib- tükəməyən arzuları onu günbəgün mərkəzə səsləyir, bir- birinin ardından ona sonsuz sayda uğurlar vəd edirdi.Bəzən xəyalların qanadında uçaraq, özünü ən məşhur musiqiçilər sırasında görür,iri konsert salonlarında çıxışlar edir,gurultulu alqışlarla qarşılanırdı.
Qəbul imtahanlarına sənəd qəbulu başlamışdı.Səməd kişi könülsüz də olsa, qızını baldızı Ruqiyyənin evinə gətirməyə məcbur idi.Qızının doğma kəndindən, ailəsindən kənar bir mühitdə yaşaması,musiqiçilik istəyi onu narahat etsə də, arvadı Zərnigar onu yola gətirə bilmişdi.
Qızını Ruqiyyəyə əmanət edən ata pərtliyini büruzə vermədən qızının alnından öpərək xeyir-dua verib kəndinə qayıtdı.
Nərgizin günləri Ruqiyyənin yanında heç də pis keçmirdi.Xalası istirahət günlərində onu şəhər gəzintisinə çıxarır,gəzməli-görməli yerlərlə tanış edirdi. Ən çox sevdiyi yeməkləri bişirir, onu doğma balası kimi əzizləyirdi.Bütün bunlar qızın lap ürəyindən idi.
Ali məktəbə qəbul üçün dörd imtan verməli olan Nərgiz , onların üçündən “kafi” qiymət almışdı.Bu, onun gözlədiyinin əksi olaraq çox aşağı nəticə idi.Sonuncu imtahandan kəsilsə, yaxud yenə də “ kafi” alsaydı müsabiqədən keçməyəcəkdi.Bu vəziyyət qızı çox narahat edirdi.Gecə-gündüz kitablardan ayrılmır, öyrəndiklərini dönə-dönə təkrarlayırdı.O, bir həqiqəti dərk edə bilmirdi;çəkdiyi biletin bütün suallarına doğru cavab verdiyi halda niyə nəticələr elan olunduqda adı aşağı qiymət alanların siyahısında olurdu?Qulağı bəzən “ Eh , onsuz da qəbul olunanların siyahısı qabaqcadan məlumdur” kimi ifadələr eşidirdi.Belə çıxırdı ki…bu qədər səy və əziyyətləri əbəs idi ?
Ruqiyyə ev – eşiyi sahmana salıb, Nərgizin ən çox sevdiyi yeməyi bişirməklə məşğul idi.Qızın şad xəbərlə gələcəyinə ümid edərək, xoşladığı bir mahnını zümzümə edir,arabir pəncərədən yola boylanırdı.
Nərgizin avtobusdan düşüb,kiçik dar yolu keçərək məhəlləyə tərəf gəldiyini görüb, işini yarımçıq qoydu.Əllərini cəld yuyub- qurulayaraq qızı qarşılamağa tələsdi.Çox keçmədi ki,həyət qapısında göründü.
Qızın məyus baxışları,bulud kimi dolmuş gözləri onun da dodaqlarındakı təbəssümü dondurdu.
Nərgiz ona yaxınlaşdı. Heç nə demədən yanından ötüb, məhəlləyə daxil oldu.Hüznlü adamlar kimi süst , başıaşağı yeriyərək evə keçdi.
Qapıya vurulmuş nazik pərdəni kənara çəkib tələsik otağa keçən xalasına günahkar adamlar kimi baxıb,başını ehmalca buladı.
Ruqiyyə işarədən hər şeyi anladı.Qız müsabiqədən keçməmişdi…
Qadın nə deyəcəyini bilmədi.Nərgiz həqiqətən də çox çalışırdı.Hər dəfə imtahana yollananda yaxşı nəticə ilə geri dönəcəyinə böyük ümidlər bəsləyirdi.Nəticələr isə…heç də ürəkaçan olmurdu.Bəs görəsən səbəb nə idi?
Nərgiz sanki xalasının düşüncələrini oxuyurdu.Keçib köhnə divana əyləşdi,astadan:
-Mən bütün suallara doğru cavab verdim, – dedi, – hətta müəllim məni təriflədi də…Nəticəm isə…” qeyri-kafi”…
-Nə deyim a bala, – Ruqiyyə stulu çəkib əyləşdi, – imtahanlarda haqsızlıqlardan çox danışırlar…Adam söz də tapmır.Suallara düzgün cavab verən adama bu qiyməti vermək heç insafdandırmı?Niyə belə olur axı?
-Mən sonuncu sualın cavabını nöqtə-vergülünə qədər əzbər bilirdim.Hətta məktəbdəki müəllimimiz bizə əlavə məlumatlar da vermişdi.Onları da danışdım.Cavabım müəllimləri heyrətləndirdi, bir- birinə baxıb məmnunluqla gülümsədilər də…Sonda isə…, – Nərgiz özünü saxlaya bilməyib hönkürdü.
Ruqiyyə yerindən qalxıb ona yaxınlaşdı.Saçlarını tumarlayıb yanında oturdu.Təsəlli vermək üçün münasib sözlər tapa bilməsə də, qızı ovutmağa çalışdı:
-Ehhh, ay qızım, – dedi, – hər şey bizim istədiyimiz kimi olsaydı, nə vardı ki…Hərdən mənə elə gəlir ki, həyat bütünlükdə haqsızlıqlardan ibarətdir.Amma nə etməli? Biz ixtiyar sahibi deyilik.Bəzi , acı da olsa yazılmamış qanunlarla razılaşmaq məcburiyyətindəyik.Məyus olma qızım.Sənin həyatın hələ qarşıdadır.Dünyanın sonu deyil ki…bu il olmadı, gələn il qəbul olarsan.
-Nə gələn il?, – qız əsəbiliklə cavab verdi,- gələn ilə zəmanət varmı? Yenidən haqsızlıqla üzləşməyəcəyimə inanırsanmı? Bəs…bəs mənim bu qədər çəkdiyim əziyyət? O necə olsun?
-Əlimizdən nə gəlir mənim balam, – Ruqiyyə onu qucaqladı, – kənd adamının şəhərdə baş dolandırmağı elə də asan deyil.Qalx, qalx qızım əl- üzünə su çək.Birlikdə nahar edək.
-İstəmirəm!, – Nərgiz yerindən qalxıb o biri otağa keçdi.
Həmin gün axşama qədər otaqdan çıxmadı.Qıza görə narahatlıq keçirən xalası otağın qapısını ehmalca açdı.Nərgiz yatağında uzanıb gözünü tavana zilləmişdi.Ruqiyyə astadan:
-Nərgiz, – dedi, – belə eləmə qızım.
-Neyləyim bəs?, – qız kinayə ilə cavab verdi, – bütün arzularım, ümidlərim puç oldu,-qalxıb yerində oturdu, – indi…nə üzlə kəndə qayıdım? Ata-anamın,bacı-qardaşımın, qohum- qonşunun üzünə necə baxım ? Kənddə hamı məni barmaqla göstərib gülsünmü?Uğursuzluğuma sevinənlər yanımdan istehza ilə keçsinmi?
-Ay bala ,elə niyə deyirsən, – xalası yaxına gəldi, – elə hər şəhərə gələn Ali məktəbə qəbul olur məgər?
-Mən hər yetən deyiləm xala, – qız səsini qaldırdı,- mənə həsəd aparanlar çoxdur.Onların sevinməsini istəmirəm.Kəndimi sevsəm də, ömürlük orada qalmaq fikrim yoxdur.Mən…mən daha gözəl həyat üçün doğulmuşam.İstəyimə nail olmalıyam.Mən özümü məğlub görmək istəmirəm, eşidirsənmi?Yerim yalnız yüksəkliklərdir.
-Təki elə olsun, – Ruqiyyə qızın ədasını, təkəbbürünü bir o qədər bəyənməsə də təmkinini pozmadı, – ac başda ağıl olmaz bala, – dedi, – gəl çaydan, çörəkdən ye. Birlikdə söhbət edək, vəziyyətdən çıxış yolu axtaraq, – gülümsədi, – mənim maraqlı bir ideyam var.Məncə xoşuna gələcək.
-Nə ideya?,- Nərgiz yerindən qalxıb çarpayısını düzəltdi.
-Məncə…sənin kəndə qayıtmağın vacib deyil.Biz burada da bəzi məsələləri yoluna qoya bilərik, – bic- bic gülümsədi, – necə deyərlər, nə şiş yanar, nə də ki, kabab.
-Anlamadım, – qızın qaşları çatıldı,- nəyi yoluna qoyacağıq?

-Keçək mətbəxə.Sən yeməyini ye, mən də fikrimi sənə anladım, – Ruqiyyə yeməyi isitmək üçün mətbəxə keçdi.
Nərgiz mübahisə etmədi.Səhərdən dilinə heç nə dəyməmişdi.Aclıqdan başı hərlənirdi.Əl- üzünə su çəkib,xalasının mətbəxdə hazırladığı yemək masasına əyləşdi.Ruqiyyənin həvəslə bişirdiyi, ətri az qala bütün məhəlləyə yayılmış ləziz yeməyindən iştahla yedi.
-Mənim belə bir fikrim var, – xalası sözə başladı, – gəl sənin Ali məktəbə qəbul olmadığını heç kimə bildirməyək, heç ata-anana da…
-Necə?, – qız təəccübləndi.
-Lap sadəcə.Kəndə xəbər göndərək ki, qəbul olunmusan.Sentyabrda da dərslərin başlayacaq.
-Elə şey olar?, – Nərgiz sonuncu tikəsini udub, qabı əli ilə itələdi, – bu boyda yalan kimə lazımdır?
-Sənə.Özün deyirsən ki, kənddə utanmaq istəmirsən.Nə olar, istəmə.Qal burda, mənim yanımda.Yenidən hazırlaş.Gələn il mütləq qəbul olarsan, – işgüzar görkəm aldı, – burda qonşuluqda musiqi müəllimi var, Elman müəllim.Olduqca mədəni,intellegent adamdır.Xətrimi də çox istəyir.Məncə…elə həmin məktəbdə də dərs deyir.Onunla danışaram, sözümü yerə salmaz.Bax, onun bizə xeyri dəyə bilər.İlboyu səninlə məşğələlər keçər, hazırlayar, sən də istədiyinə nail olarsan.
-Nə bilim, – qız köks ötürdü, – yalandan xoşum gəlmir.
-Mənim də xoşum gəlmir.Sadəcə bugünkü durumda başqa əlac yoxdur.Bir də ki, özgə evində deyilsən ki…öz balamsan.Fərqi nədir, kənddə qaldın, yoxsa burda.Əsas odur ki, qınaqdan kənarda olub,yeni qüvvə ilə hazırlıqlarına davam edərsən.


Ardı Var

Gövher Rutamova
www.kafiye.net