Gül olunca

Tövbə etsəm gül adımdan,
Bil, bülbüldən nə çəkmişəm.
Soyum çıxıb öz yadımdan,
Hara gəldi əkilmişəm.

Tövbə etsəm gül tək addan,
Yenə nankor olmamışam.
Doydursan da acı daddan,
Yada meyil salmamışam.

Tövbə etsəm gül adımdan,
Deyin, qanqal dərs keçibdir…
Tikanlı kol qanadından,
Özün mənə tay seçibdir.

Tövbə etdim gül adından ,
Çünkü bu ad qəm daşıdı.
Axan leysan fəryadından,
Ləçəyinin göz yaşıdı.

Ay Fəridə, olunca gül,
Viran yurda baş daşı ol.
Şəhid olub Xarı bülbül,
Agı söylə, göz yaşı ol.

Feride Köçərli İbrahimova / 16.12.19.
www.kafiye.net