SÜRÜNƏN KÖLGƏ… 2.



Günəşin şüaları gözlərini qamaşdırdı.Otaqda yenə ağ xalatlı adamlar o tərəf- bu tərəfə gedir,öz aralarında astadan nə barədəsə danışırdılar.
Xəstənin oyandığını görən tibb bacısı ona yaxınlaşıb:
-Sabahınız xeyir, – dedi, – gecəni deyəsən yaxşı yatmısınız.Həkim sizi təkrar müayinə etdikdən sonra sarğılarınızı dəyişib,iynənizi vuracağam.
Hələ də danışmaq iqtidarında olmadığını hiss edən Nərgiz başı ilə razılığını bildirdi.
Bir neçə gün beləcə davam etdi.Hər gün həkim nəzarəti altında lazımi prosedurlardan keçən qadının vəziyyəti tədricən yaxşılığa doğru gedirdi.Hadisədən xəbər tutub ona baş çəkməyə gələn qohumlarına, iş yoldaşlarına, yaxınlarına günün təyin olunmuş vaxtlarında görüşməyə icazə verilirdi.Hər axşam Ramin işdən çıxıb xəstəxanaya tələsirdi.
Günortadan sonra palatanın qapısı açıldı.Bir neçə gün əvvəl gördüyü polis geyimli, tanış sima otağa daxil oldu.Hörmətlə onun çarpayısına yaxınlaşıb salam verdi, hal-əhvalı ilə maraqlandı.Bir qədər kənardakı stula əyləşib əsas mətləbə keçdi:
-Nərgiz xanım, – dedi, – xahiş edirəm, – həmin günün hadisəsini ən kiçik xırdalıqlarına qədər xatırlamağa çalışın.Bu, çox vacibdir.
Nərgiz çətinlklə də olsa, astadan danışmağa başladı.
-Həmin gün işdən çıxıb evə gedirdim.Hava yaxşı olduğundan yolumu parkın içindən saldım.Təmiz havada gəzişmək istəyirdim, – sözünə ara verdi, – oradan çıxıb evimizə tərəf getməyə başladım.Parkla evimizin arası uzaq deyil, bir neçə dəqiqəlik yoldur.Ensiz, dar səki ilə gedirdim.
-Ətrafınızda diqqətinizi çəkən kimsə vardımı?
-Hava qaralırdı.Bir də ki…, – yüngül gülümsədi, – mən ta gəncliyimdən bu yana ,yol gedərkən heç kimə nəzər salıb diqqət etmirəm.Bunu həmişə mənə irad tuturlar.Bəzən mənə çox yaxın, tanış adamları da görmədən yanlarından ötüb keçdiyimdən məndən inciyənlər də olur.Nə bilim…xasiyyətdir.
-Fikirli olursunuz, yoxsa…?
-Yox, insanları seyr etməkdən xoşum gəlmir.Başımı aşağı salıb öz yolumla gedirəm.
-Aydındır.Demək bu barədə deyəcəkləriniz yoxdur.
-Siz hələ də mənim sualıma cavab verməmisiniz, müstəntiq.Mənə nə olub? Niyə bu vəziyyətdə xəstəxanaya yerləşdirilmişəm?Mən…mən heç yanıma gələn insanların da suallarına cavab verə bilmirəm.Yoldaşım da “sağalıb ayağa qalxarsan, sonra hər şeyi bilərsən” deyir.
-Vəziyyətinizlə bağlı sizi narahat etmək olmazdı, – müstəntiq qovluqdan bir neçə şəkil çıxardıb, ona tərəf uzatdı, – baxın, – dedi, – bəlkə bu insanlar arasında sizə tanış olanı var?
Nərgiz şəkillərə diqqətlə baxdı.Onları müstəntiqə qaytarıb:
-Yox, – dedi, – mən bunlardan heç birini tanımıram.
-Həmin gün , – müstəntiq söhbətə başladı, -siz həm də maaş kartınızdan məvacibinizi çıxarmısınız , eləmi?
-Bəli, – Nərgiz bir qədər düşünüb cavab verdi.
-Ona görə də sizdən xahiş etdim ki, xırdalıqlara qədər hər şeyi xatırlayıb danışasınız.
-Demək istəyirsiniz ki…
-Mən heç nə demək istəmirəm.Hadisənin baş vermə səbəblərini araşdırıram.Onlardan biri də çantanızdakı pula görə sizə təcavüz ola bilər.
-Təcavüz?, – Nərgizin gözləri böyüdü.
-Bəli.Siz səki ilə yol gedərkən qarşı tərəfdən gələn biri qəflətən, var gücü ilə çiyninizə keçirdiyiniz çantanı özünə tərəf çəkib.Çantanın qalın, dəri kəməri çiyninizdə olduğundan və gözlənilməz həmlədən siz müvazinətinizi itirib dövrə vuraraq zərblə asfalta çırpılmısınız.Bədbəxtlikdən yerdə iri daş olduğundan sifətiniz həmin daşa dəyərək möhkəm zədələnib.Çənənizdən və burnunuzdan qan açılıb.Lakin…buna baxmayaraq həmin o nakəs…cəld çantanızı qamarlayıb, sürətlə yolun o biri tərəfinə keçərək qaranlıqda gözdən itib.
-Aman Allah!, – qadının nəfəsi daraldı, – bu necə olur axı…
-Hadisəni görənlər sizə yardım etməyə çalışıblar.Huşsuz halda, qan içində olduğunuzdan “Təcili yardım” a zəng vurublar, – sözünə ara verdi, – buraya sizi ağır vəziyyətdə gətiriblər.Lazımi yardım göstərib, qanı dayandırdıqdan sonra evinizə, ailənizə xəbər veriblər.
-Demək, məqsəd məni qarət etmək olub, eləmi?
-Bu, hələlik bir versiyadır, – müstəntiq ayağa qalxdı, – hadisə hələ ki təhlil olunur.Şahidlərin dediyinə görə, hadisəni törədən şəxs arıq, hündürboylu, gənc biri olub.Əynində nazik tünd gödəkçə, başında idmançı papağı olub.Kimdirsə, həm də çox cəld, çevik biri imiş…Bizdə olan məlumatlar hələlik bunlardır, – əlini pencəyinin döş cibinə apardı, – bu, mənim vizit kartımdır, – dedi, – yenə də nələrisə xatırlamağa çalışın.Mənimlə əlaqə saxlayıb hər hansı bir məlumat vermək istəsəniz, günün istənilən saatında müraciət edə bilərsiniz.Məncə, sizə artıq əl telefonunuzla danışmağa icazə verilib.
-Yaxşı, – qadın astadan dilləndi, – çalışaram.
Müstəntiq sağollaşıb otaqdan çıxdı.
Eşitdiklərindən sarsılan Nərgiz müstəntiqin dediklərini fikrində dönə-dönə təkrarladı, götür-qoy etdi.Nə özünün, nə də ailəsinin heç kimlə şəxsi – qərəzliyi yox idi, belə çıxır ki…onu sadəcə qarət etmək istəmişdilər…
Nərgiz qənaətində haqlı olduğunu düşünüb, yaxınlığındakı siyirməni çəkdi.Güzgünü çıxarıb zədədən gömgöy göyərmiş sifətinə, dərin çapılmış alnına,zərbdən şişmiş çənəsinə, burnuna baxdı.Dodaqlarına bir neçə yerdən qoyulmuş tikişlərin yerinə yavaşca əl gəzdirdi. “ Bir bax…, – düşündü, – insanlıq bu qədərmi ölüb?Pul bu qədərmi hər şeyi üstələyib? Yəni o həddə çatıb ki…insan həyatını belə heçə endirib? Ondan ötrü kişi də qadına əl qaldırarmı? Qan içində çapalayan vəziyyətdə yolun ortasında qoyub qaçarmı? Dünya…niyə belə dəyişdin dünya? Hanı sənin qadın yolunda başından keçən ər- igidərin? “.
Gözlərini yumdu.Fikri- xəyalı onu uzaqlara, doğulub boya- başa çatdığı səfalı kəndinə apardı.Qayğısız uşaqlığı, gəncliyi düşdü yadına.Məktəb illərini xatırladı.Ata-anasını,bacı- qardaşlarını …gizlincə ona göz qoyan kənd cavanlarını…Yanaqlarına yaş süzüldü.Onlar hamısı elə əlçatmaz idi ki…Hamısı uzaq, çox uzaq keçmişdə qalmışdı.
Dərindən ah çəkdi.Əslində xatırlayası çox şeylər vardı…acılı, şirinli…
Telefonuna zəng gəldi.Gücsüz qolunu çətinliklə də olsa kiçik masaya tərəf uzatdı.Telefonu götürüb düyməsini basdı:
-Alo! , – dedi.
Cavab gəlmədi.Qadın bir neçə dəfə” Alo!, Alo!” desə də, kimsə susurdu…
Nərgiz telefonu qapatmaq istədikdə qəflətən kişi səsi gəldi:
-Alo!
-Kimsiniz?, – qadın təəccübləndi.
-Kiməm?, – səs ucadan güldü, – kiməm…demək…hələ sağsan, ölmədin.
Qadının qaşları çatıldı.Bütün vücudu silkələndi.Danışmaq istədi…Dili ağzında titrədi.
-Mən…sənin kölgənəm.Qara kölgən…Həmişə arxanca sürünəcəyəm.Səni izləyəcəyəm.Sənə əzab verəcəyəm.Yuxularını ərşə çəkəcəyəm.
Nərgiz özünü toplayıb:
-Kimsiniz axı? , – dedi, – məndən nə istəyirsiniz?
-Kimliyimi dedim, – cavab gəldi, – istədiyim isə…sənin həyatını cəhənnəmə döndərməkdir.Eşidirsən? Cəhənnəmə! Əvvəllər səni tapıb öldürmək barədə düşünürdüm, sonra fikrimdən döndüm.Sən zülm çəkə- çəkə yaşayacaqsan.Mənə yaşatdıqlarının cavabını bu dünyada verəcəksən! Mənə!.
-Gözləyin, – Nigar eşitdiklərini anlamağa çalışdı, – məncə siz məni kiminləsə səhv…
-Səni səhv salmaq olar?, – səs yenidən kinayəli güldü, – özüdür ki, varsan.Polisə məlumat verməyə tələsmə.Dilini qısa etməyə çalış.Mən hər dəfə sənə müxtəlif nömrələrdən zəng edəcəyəm.Ələ keçməyim elə də asan olmayacaq.


Ardı var.


Govher Rustamova
www.kafiye.net