XƏYALLARIN ƏSİRİ.(povest) 14


Sonanın ürəyinə sanki sərin su çilənmişdi.Tahirin səmimiyyətinə varlığı qədər inanırdı,ona özü qədər etibar edirdi.Gümanında yanılmadığına da tam əmin idi.
Hər şey nəzərdə tutulduğu qaydada gedirdi;Sona müalicənin gedişi barədə hər gün Əfruza məlumat verir,lazımi göstərişlər alır,ananın görüşünə tələsirdi.Nahar fasiləsində tələsik otaqdan çıxıb yolüstü ərzaq, şirniyyatlar alır, Simuzəri hər gün nələrləsə sevindirməyə çalışırdı.Qadın da bu qısa müddətdə ona çox bağlanmışdı.Onu doğma övladıtək sevməyə başlamışdı.Bu üç insanın birgə mövcudluğu artıq həyatın bir zərurətinə,tələbinə çevrilirdi.Nə Tahir, nə də ana əvvəlki təlatümlü həyatı yaşamırdılar.Sonanın varlığı onların evinə, ailəsinə dinclik, rahatlıq gətirmişdi.
Səhər yeməyindən sonra qonşu Xuramanla hər gün məhəllə ətrafında qısa gəzintiyə çıxan Simuzərin üzü gülməyə, eyni açılmağa başlamışdı.Özünə qapanıb gününü dörd divar arasında ah- vayla keçirən ,hətta fəsil dəyişkənliklərini belə görüb hiss etməyən bu heysiyyatsız qadın indi qonşuları ilə görüşüb söhbət edir, hal-əhval tuturdu.
Günortalarsa gözü qapıda, səbrsizliklə Sonanı gözləyirdi.Qızın gəlişi onun evinə də, könlünə də bir bayram ovqatı gətirirdi.Ruhunu oxşayan mülayim səsi, nəvazişi sanki ən vacib bir məlhəm idi ona.
Bu gün yenə də bir gözü saatda, digəri isə qapıda idi.Tahir evin bir açarını da ona vermişdi.Simuzər narahat olmasın deyə Sona qapını özü açıb-bağlayırdı.Bu,artıq onların gündəlik həyat tərzinə çevrilmişdi.
Nəhayət qapı açıldı,Sona əlində bir neçə bağlama evə daxil oldu.
Simuzər yerindən qalxıb balaca uşaq kimi dəhlizə qaçdı.Qızı görcək sevincindən gözləri yaşardı.Hər ikisi qucaqlaşıb bir-birinə sarıldılar.Gözlərində dünya güldü, həyat gözəlləşdi.Dərd-qəm , qüssə-kədər uzaqlaşıb yox oldu.Ətraf çiçək açıb, gül qoxumağa başladı sanki…
-Gəl, gəl mənim balam!, – Simuzər qızın qolundan tutub içəri çəkdi, – keç ömrüm-günüm.Gözüm yolda qalmışdı, nə yaxşı gəldin ay bala.Gözlərimə işiq gəldi.
-Gəlməyə bilərdimmi?, – Sona onun boynunu qucaqladı, – heç anamı intizarda qoyarammı? Yolüstü bəzi ərzaqları da aldım, – gülümsədi, – bu gün nahar yeməyinizi özüm bişirəcəyəm.
-Nə zəhmət çəkmisən qızım, – ananın üzünün ifadəsi dəyişdi, – evimizdə hər şey var.Tahir pis qazanmır, evi hər bir şeylə təmin edir.Balam dünən məvacibini alan kimi bazar-dükana yollandı.Nə lazımdırsa, alıb gətirdi.Bir də ki, – Sonanın saçlarını sığalladı, – mən olan yerdə naharı sən niyə bişirirsən ki? Bugükü naharımız artıq hazırdır.İynələrimi tez vur, oturub bir ana-bala kimi nahar da edək.
-Yox yox, – Sona özü də bilmədən tələsik cavab verdi, – n..nə nahar?
-Nolar a bala, başına dönüm , bu evin adamı deyilsənmi?Ana əlindən çörək yemək istəmirsənmi?
-Ana əlindən…, – qız təkrarladı, – Simuzərin qayğılı , ona ümidlə baxan gözlərinə, yenicə təravətlənməyə başlamış nurani çöhrəsinə nəzər saldı, – anamın əllərinə qurban olum, – astadan dilləndi,- qadının arıq əllərini ovcuna alıb öpdü, – həyatda ondan əziz nəsə varmı?, – əllərini onun dümağ saçlarında gəzdirdi, – anam mənim…
-Sonam mənim, – qadın da kövrəldi.
Sonanın vaxtı çox deyildi, nahar fasiləsinin bitməsinə az qalırdı.Əfruzla münasibəti nə qədər dostyana olsa da, onun tənəsini eşitmək istəmirdi.Odur ki, vaxt itirmədən iynələri vurub klinikaya dönmək məcburiyyətindəydi.Ananın da sözünü yerə salmaq olmazdı.Bu gün o, Sonanın gəlişinə məxsusi hazırlaşmışdı.Mətbəxdə onun üçün gözəl bir nahar süfrəsi hazırlamışdı.
Ananın əziyyətinə qıymayan Sona onun əhvalındakı dəyişikliyi görüncə nəinki ona mane olmur, əksinə bir qədər də ruhlandırırdı və nəticəsini gördükcə daha da həvəslənirdi.
Sonanı yola salıb otağa keçən Simuzər divana əyləşib dərindən, sinə dolusu nəfəs aldı.Gülümsədi.”Elə bil mənə ikinci həyat verilib, – düşündü, – məni…hansısa qüvvə yaşamağa sövq edir.Gözəllikləri görməyə, duymağa çağırır.”
Qapı yenidən açıldı.Əvvəlcə yanıldığını düşünən Simuzər qapının səsini təkrar eşidib yerindən dikəldi.”Kimdir görəsən, Sona nəyisə unudubmu?”.
Otağa sakitcə keçən Tahiri görüb duruxdu:
-Bıy a bala, səndən nə əcəb?İşdə deyildinmi?Bu vaxt gəlməyində xeyir ola?
-Xeyirdir, – Tahir gülümsədi, – bu gün evə həmişəkindən tez gəlməyi qərara aldım.Bir də ki…, – anasına baxıb gülümsədi,- sənə şad xəbərim var.
-Eləmi?, – ananın gözləri güldü, – nə xəbərdir oğul?
-Bu gün rəis məni otağına çağırıb xeyli söhbət etdi, – Tahir stulu çəkib əyləşdi, – işimdən razı olduğunu dedi. Sonra açıq danışdı.
-Hə, – ana səbrsizləndi, – nə dedi?
-Dedi ki, ona etibarlı, işi, əməli düz, güvənə biləcəyi bir sürücü lazımdır.Əvvəlki sürücüsü indi yalnız ailəsinə xidmət edəcək.Özünə isə inandığı bir adam gərəkdir.Məvacibi də yüksək olacaq.
-Sənin necə maşın idarə etməyini bilirdimi?
-Hə, – mən ona hər şeyi açıq danışdım.Yüksək kateqoriyalı sürücü olsam da niyə minik maşınından istifadə etmədiyimin səbəbini də söylədim, – sözünə ara verdi, – eşitdiklərindən məyus oldu.Amma yenə də dərindən düşünməyi məsləhət gördü.Bilmirəm sən buna necə baxacaqsan, – anasının gözlərinə baxdı, – məncə…pis olmaz.
-Maşın adı gələndə…ürəyim üzülür, – Simuzərin gözləri doldu, – maşın qoymadımı bizi bu günə? Eldarımı,Mahirimi əlimdən alan o olmadımı?
-Ana, – Tahir ona yaxın oturdu, – ömür boyu keçmişlə yaşamaq olmaz.O, bir iş idi, nə bilim …bir qəzavü-qədər idi…gəldi, getdi.Biz o yükü son günümüzə qədər daşıyacağıq, – udqundu, – biz iki insanın itkisini yaşaya bilmirik…bəs…bəs Sona? O təkbaşına neyləsin?Dağ boyda yükü zərif çiyinlərində necə gəzdirsin?
-Sona?, – Simuzər çaşbaş qaldı, – onun bura nə dəxli var ki?Sona…
-Var.Var ana, – Tahir yerindən qalxıb otaqda var –gəl etdi.
Ananı çox intizarda qoymadan Sonanın kimliyini açıqladı.Eşitdiklərindən dəhşətə gələn Simuzər:
-Vay yazıq balam, – dedi, – bu necə olur?Bu qız bu bəlalara necə tab gətirir?Sən bütün bunları hardan bilirsən?
Tahir heç yerə tələsmirdi.Anası ilə rahat söhbət etməyə kifayət qədər vaxtı vardı.Odur ki, səbrlə, təmkinlə hər şeyi anasına danışdı.
Simuzər eşitdiklərindən özünü elə itirmişdi ki, aldığı məlumatları fikrində yerbəyer etməyə də çətinlik çəkirdi.Qızın bu vaxta qədər ona heç nəyi hiss etdirməməsi, öz yaralarını unudub, bu ailəyə ümid verərək , onu yaşatmağa cəhd etməsi qadını yamanca silkələmişdi.Hardan idi o zərif , incə bir məxluqda bu boyda dəyanət?!
-Ana, – Tahir onu fikirdən ayırdı, – olan olub, keçən keçib…keçmişlə yaşamaq bizi məhv edir.Biz də özümüzdə cəsarət, güc-qüvvə tapıb ayaq üstə durmalıyıq.Ən azından…Sona kimi…
-Sona…, – ana dərindən köks ötürdü, – gözəl balam, əziz qızım…sənin başın nələr çəkib, ay bala!Və…niyə məhz bizə tuş gəldin sən? Allahın işidirmi?…Heç kim heç nəyi bilmir, – gözləri yol çəkdi.
Tahir anasını bundan artıq yükləmək istəməyib, söhbəti dəyişmək qərarına gəldi:
-Evdən dadlı, ətirli yemək qoxusu gəlir, – anasını qucaqladı, – anam deyəsən bu gün də məni sevindirmək istəyib axı…
-Həm səni, həm də Sonanı, – ananın səsi dəyişdi, – yerindən qalxıb asta-asta mətbəxə doğru getdi:
-gəl, bilirəm ki, acsan.Gəl bala, əl-üzünü yu, otur bir iştahla nahar elə.
Tahir iştahla nahar edir, ana isə onun ara-sıra dən düşmüş qalın, qara saçlarına baxırdı.Vaxt, zaman nə tez ötmüşdü…Sonbeşiyi nə vaxt böyüyüb yekə kişi olmuşdu? Saçlarına düşən bu dənlər nə idi…
-Nə fikirdəsən, ana, – Tahir yeməyi bitirib, boşqabı kənara qoydu, – sözlüsən elə bil.
-Ananın balasına sözü bitmir ki…, – Simuzər gülümsədi, – dincəl, rahatlan.Sonra…hə…səninlə bir söhbətim olacaq.
-Sonra niyə?Mən heç yerə tələsmirəm.Sabah yenidən rəisin qəbulunda olacağam.Vaxtımız gen- boldur, – güldü, – hiss edirəm ki…
-Doğru hiss edirsən, – Simuzər də güldü, -səninlə bu vaxta qədər etmədiyim bir söhbəti edəcəyəm.Məncə…vaxtı, zamanı yetişib.
-Maraqlıdır.
-Hə…oğul, bayaq özün dedin ki…keçmişlə yaşamaq olmaz…məncə…
-Ana!
-Sözümü kəsmə.Məncə…sənin ailə qurmaq vaxtın yetişib…hələ deyərdim ki…ötüb.İnsan hər şeyi vaxtında etməlidir ki, ömürdən sürətlə keçib- gedən qatara gecikməsin.Bizim qatarımızın gecikməsinə səbəblər oldu…Amma indi anlayıram ki, həyat davam edir.İnləyə-inləyə yaşamaq olmaz.Ailən, ocağın olmalıdı, bala.Güvənə biləcəyin ömür-gün yoldaşın,arxalandığın övladların…
-Belə, – Tahir yerindən qalxdı, – belə başa düşürəm ki…
-Evlən oğlum, – Simuzər qətiyyətlə cavab verdi, – evlən.Ailəmiz böyüsün.Evimizə təzə nəfəs gəlsin, bu otaqlarda körpələr atılıb-düşsün.
-Gözaltın da varmı?, – Tahir güldü.
-Hə var, – ana da güldü, – bilirəm ki…ürəyindən olacaq.Gözlə, – deyib otağa keçdi.
Az sonra əlində bəzəkli bir qutu oğlunun yanına gəldi:
-Atan mənə bəzək əşyaları almaqdan xüsusi zövq alırdı, – dedi, – bax , bu üzüyü …, – gözləri doldu, – bunu…mənə sonuncu dəfə, ad günümdə hədiyyə etmişdi.Çox qiymətli üzükdür.Eldardan sonra mən bu qutunu heç açmırdım.Hətta ona baxa da bilmirdim.Amma indi…indi onu hər gün əzizləyirəm.Eldarın əli gəzdiyi bütün əşyalar kimi …əhd etmişəm bala.Bu üzüyü gəlinimin barmağına özüm öz əllərimlə taxacağam.Xeyir-duasını da özüm verəcəyəm.
Tahir anasının titrəyən əllərindən öpdü.



ARDI VAR.



Govher Rustamova
www.kafiye.net