XƏYALLARIN ƏSİRİ.(povest) 13


Başını əlləri arasına alaraq divanda sükuta dalmış Sona zəngin kim tərəfindən edildiyini yaxşı bilirdi.Lakin həmişəkindən fərqli olaraq,dəstəyi qaldırmağa tələsmirdi.Tahirin qınaqları onu qanadsız quş kimi çarəsiz çapalamağa vadar edirdi.Qaranlıq otaqda kiçicik bir ümid çırağı yanmağa başlamışdı ki,o da etibarsız çıxıb sönməyə məhkum idi.Xəyalların məngənəsindən qurtulmaq istəyi anbaan puça çıxırdı.Nə etməli? “ Hər şeyi unudub, əvvəlki həyata davam etməli!”, – daxılindən gələn səs qətiyyətli idi.
Qız barmaqları ilə saçlarını arxaya daradı.Köks ötürüb yerindən qalxdı, otaqda gəzişməyə başladı.Pəncərədən qarşı binadakı evlərə nəzər saldı.Hər birinin işığı yanırdı; hərəsində bir həyat qaynayırdı…Bir-birinə bənzəməyən, fərqli bir həyat.
Telefonun susmayan zəngi əsəblərinə toxunmağa başlayırdı.Bəlkə…bəlkə tamamilə şəbəkədən ayırsın onu? Birdəfəlik susdursun, hə ? Qulaqları bir də o zəngləri eşitməsin? ” O zaman…o zaman nə baş verər?” ,- daxilindəki həmin o səsə sual verdi.” O zaman həyat mənasızlaşar,mahiyyətini itirər,nəhayətdə…bəlkə də…sönər”, – cavab özünü gözlətmədi.Demək ki…” Aman Allah!, – qız təşvişə düşdü, – yox, yox!Ümidlərim ölməməlidir!Onlar məhv olarsa, mən də…
Qaçıb dəstəyi qaldırdı:
-Alo!
-Alo! Sona! Sona!, – Tahirin həyəcanlı səsi gəldi.
-Anaya nəsə olub?, – qız da həyəcanlandı.
-Yox! Sənə görə narahat oldum! Niyə dəstəyi qaldırmırdın? Niyə zəngimə cavab vermirdin? Hə?
-E…, – Sona nə deyəcəyini bilmədi, – eyvanda idim.Yəqin zəngin səsini eşitməmişəm.
-Ufff!, – Tahir hövsələdən çıxdı, – bu soyuqda eyvanda nə işin var axı!, – sözünə ara verdi, – düzünü demirsən axı…Niyə demirsən ki, xətrinə dəymişəm,kobudluq etmişəm,büllur kimi saf qəlbini yaralamışam?Bunları mənə deməkdən niyə çəkinirsən?
-Tahir.
-Tahir belə deyildi..Həyat dəyişdi onu.Amma sənə gücü çatmadı.Sən daha dəyanətli imişsən.Sən onun haqsızlıqlarının qarşısına öz çağırışlarınla çıxırsan.Sən…sən qeyri-adi birisən, – səsi yavaşıdı, – sən mələksən!
İlahi, bu sözlərə Sonanın nə qədər ehtiyacı vardı!Bu vaxta qədər kimsə ona bunları deməmişdi və ya deməyə cürət etməmişdi.Ruhuna bir sakitlik çökdü.
-Tahir, – dedi, – əgər mənim sizə gəlişim, ananla isti münasibətim səni azca da olsa, narahat edirsə…söz verirəm…
-Sona!Sən bizim boz həyatımıza elə bir rəng qatmısan ki…Sən…sən göylərdən yerə enmiş mələksən!Bizim qoruyucu mələyimiz!Mən…heç vaxt, heç kimə bu sözləri deməmişəm, Sona.Amma sənə ürəklə deyirəm və dediklərimin də üstündə kişi kimi dayanıram!.
Qızın gözləri doldu.İndi o, bəlkə də deyilənləri təkrar-təkrar eşitməkdən ötrü dünyanı verərdi.Təki…Təki Tahir susmasın, danışsın.Ona dönə-dönə “ Mələyim”desin.Könlünü oxşasın, ruhuna qanad versin.
-Məni bağışla Sona, – Tahir dilləndi, – istəmədən xətrinə dəymişəmsə…bağışla məni…mənim…mələyim.
Sona dərindən nəfəs aldı.Sanki ciyərlərinə dünyanın özü boyda təmiz, saf hava doldu.Otağının işığı da gurlaşdı sanki…
-Tahir…
-Səni yormayım, mələyim.Bu gün kifayət qədər gərgin anlar yaşamısan.Yat dincəl.Sənə deyiləsi çox sözlərim var, amma indi dincəlməyin məsləhətdir.Qarşıda hələ çox günlərimiz olacaq.
-Yaxşı, – qız mübahisə etmədi, – gecəmiz xeyrə qalsın.
-Xeyrə qarşı, mələyim.Şirin yuxular.
Dəstəyi yerinə qoyan Sona özlüyündə bir neçə dəfə təkrarladı:”Qarşıda hələ çox günlərimiz olacaq!”.Aman Allah! Yuxudurmu? Yox, yox! Tahir səmimi idi.Demək…
Tahir zəngi qapatsa da, dəstək hələ də əlində idi.Sonanı hər dəqiqə, hər an görmək, eşitmək istəyi özünü də çaşbaş qoymuşdu.Saatbassat dəyişən xasiyyəti onu təəccübləndirməyə başlamışdı.
Birdən divara düşən kölgə diqqətini çəkdi.Cəld çevrilib arxaya baxdı.Kölgə də anındaca yox oldu.
Dəstəyi yerinə asıb, yan otağa tərəf irəlilədi.Otaq qaranlıq da olsa, anasının çarpayıda tərpəndiyini hiss etdi.Astaca:
-Ana, – dedi, – sən hələ yatmamısan?
Simuzər əvvəl cavab verməkdən çəkinsə də, oğlunu aldada bilməyəcəyini anlayıb :
-Yox ay bala, – dedi, – dərmanı içmək üçün su lazım idi.Qalxıb su içdim.
-Ana, – Tahir güldü, – mənə də deyə bilərdin.
-Sən telefonla danışırdın, – Simuzər yorğanı üzünə çəkdi, – başın qarışıq idi.
-Eləmi?, – Tahir bir az da ucadan güldü, – danışdıqlarımı da eşitdinmi?, – yaxınlaşıb yorğanı anasının üzündən çəkdi, – maraqlı idimi?.
-Çox, – anası gümrah səslə cavab verdi, – lap ürəyimdən idi!
-Doğrudan?, – Tahir otağın işığını yandırdı, – anamda deyəsən xəbər var.
-Xəbər səndədi, – Simuzər işığın təsirindən gözlərini qıydı, – özü də yaxşı xəbər.Bilirəm, ürəyim hiss edir ki…qarşıda bizi yaxşı günlər gözləyir.Səndən bir xahişim var oğul, – dikəlib yerində oturdu, – Sonanın xətrinə dəymə.O, həqiqətən də mələk kimi qızdır.Oturuşu-duruşu, ədəb-ərkanı,tərbiyəsi, davranışı …hamısı , hamısı ürəyimə yatır.Ürəyim mənə deyir ki…
-Ürəyin deyirsə, demək hər şey yaxşı olacaq, – Tahir anasının üzündən öpdü, – indi isə yatmaq vaxtındır.Gecən xeyrə qalsın.Başqa heç nə barədə düşünmə.Yuxulamağa çalış.
-Yaxşı bala, – ana razılaşdı.Yerini rahatlayıb yorğanı yenidən üstünə çəkdi.
Tahir işığı söndürüb otaqdan çıxmaq istəyirdi ki, qaranlıqda yenidən anasının səsi gəldi:
-İndi ölmək istəmirəm bala, oğul toyu görmək, nəvə əzizləmək istəyirəm.Evimdə gəlin nəfəsi istəyirəm.
Tahir gülümsəyib otaqdan çıxdı.Mətbəxə keçib özünə çay süzdü.Gözü divardakı saata sataşdı.” Mənim mələyim yuxulayır yəqin ki, – düşündü, – ətir qoxulu mələyim…Kaş ki…səni xoşbəxt edə biləydim, dərdlərini unutdurub ovuda biləydim səni.Güvənə biləcəyin ən etibalı dayaq ola biləydim sənə.
Saat aramla tıqqıldayır, sanki ona yenicə qönçələnmiş arzularının çiçək açacağına ümid verirdi.



Ardı var.


Govher Rüstamova
www.kafiye.net