XƏYALLARIN ƏSİRİ.(povest) 12


Tahirin sanki nitqi tutulmuşdu.İllərlə xəyalən söhbət etdiyi, dərdinə şərik çıxdığı, halına acıdığı həmin o qız…gözləri önündə idi.
Bir gecənin iki ailəyə yaşatdığı faciənin günahsız qurbanları indi yan-yana,üz-üzə, göz-gözə idilər.Yaralarının közü qopmuşdu indi…Bir-birilərinə deyəcəkləri çox söz vardı.Lakin susurdular.Bu sükut adi sükut deyildi…Sanki həmin gecə əllərindən gedən əzizlərinə ehtiram,ruhlarına hörmət,xatirələrinə məhəbbət hissi idi.Hər ikisi susurdu.Çünki qəlb yarasını ifadə etməyə münasib söz də qalmamışdı.Yalnız gözlər danışırdı.Daxildəki təlatümü, iztirabları ifadə etmək üçün bəlkə də onlar daha uyğun vasitə idi…
Sonanı evə yola salıb geri qayıdan Tahir cibindəki açarı çıxarıb qapını sakitcə açdı.Anasını oyatmamaqdan ötrü barmaqlarının ucunda otağa keçdi.
Gördüyü mənzərəyə heyrətləndi.Mətbəxin işığı yanırdı.Simuzər yatmamışdı.Titrək əlləri ilə çay dəmləyirdi.Üzündə-gözündə də həmişəkindən fərqli olaraq mənmun bir ifadə vardı.
-Ana, – Tahir astadan dilləndi, – niyə yatmırsan?
-Nə yatmaq ay bala, – Simuzər məhəbbətlə oğluna baxdı – bu vaxt kim yatır?,-əlindəki çay dəsmalını səliqə ilə büküb kənara qoydu, -Balamı yedizdirib, içizdirməmiş yata bilərəmmi?
-Ana, yaxşısanmı?, – Tahir diqqətlə ona baxdı, – özünü necə hiss edirsən?
-Əlbəttə yaxşıyam, – ananın gözləri güldü, – hətta çox yaxşıyam.İnsan ahıl vaxtında da bəzən çox şeyləri dərk etməyə başlayır.Gəl bala, gəl, əl- üzünü yu, keç çaydan- çörəkdən ye.Bu gün yeməyi öz əllərimlə hazırlamışam, – gözləri yol çəkdi, – lap …əvvəllərdə olduğu kimi.
-Xuraman xala gəlməmişdi?, – Tahir təəccüblə ona baxdı.
-Gəlmişdi, -Simuzər gülümsədi, – mətbəxə keçməyə qoymadım, dedim balama yeməyi özüm bişirmək istəyirəm, – gülümsədi, – ana əlinin dadı-duzu başqadı axı…canım sağ ikən balamı niyə o ləzzətdən məhrum edim?
-Ana, – Tahir onu qucaqladı, – sənin nəfəsin də mənə bəsdir.Təki canın sağ, salamat olsun, – əllərindən öpdü, – bu əllər mənə o qədər xidmət edib ki…O qədər dadlı, ləziz təamlar yedizdirib ki…, -anasını bağrına basdı, – tək istəyim səni sağlam, gümrah görməkdir.
Simuzər oğlunun boynunu qucaqladı.Əllərini qalın, cod saçlarında gəzdirdi.Sanki balasına nə qədər gərəkli olduğunu indi anlamağa başlamışdı.Hətta bir anlıq …yaxın vaxtlara qədər dünyadan baş götürüb getmək , əzizlərinə qovuşmaq istəyini də xatırladı.Özünü qınadı …Tahir də onun əzizi deyidimi? O ağır yükü onunla bərabər daşımırdımı?Gəncliyini, yaraşığını, təravətini, həyat eşqini …hər şeyi, hər şeyi unudub , dalğalı dənizdə səmtini itirmiş gəmi kimi ləngər vurmurdumu?Onun ana məhəbətinə, ana nəvazişinə ehtiyacı yoxdurmu?
Bütün sualların yalnız bir cavabı vardı- ana yeganə övladının xətrinə özünü ələ almalı, yaşamalı…oğlunu da yaşatmalıdır.Tək nicat yolu budur.
Tahir anasının əhvalındakı dəyişikliyə görə sevinsə də,bəzi məqamlar ona hələ də qaranlıq qalırdı.Anaya son günlər nə olmuşdu? Birdən- birə qadının həyata baxışını dəyişən, onda yaşamaq həvəsini artıran…hansı qüvvə idi?
-Xuramandan xahiş etmişəm, – ana oğluna yemək çəkə-çəkə danışmağa başladı, – hər gün məni təmiz havaya çıxaracaq.Birlikdə yaxınlıqdakı parkda gəzəcəyik.Təmiz havada gəzmək çox xeyirlidir.
-Ana, – Tahir güldü, – nə olub sənə?İllərdir evdən çölə çıxmayan…
-İllər arxada qaldı, – Simuzər köks ötürdü, – irəliyə baxmaq lazımdır, -əlini oğlunun çiyninə qoydu, – nəyi dəyişmək iqtidarındayıqsa, dəyişməliyik.Ən azından…bir- birimizin xətrinə.
Tahir bir söz demədi.Anasının həvəslə hazırladığı şam yeməyini iştahla yedi.Vaxtilə həmin masa arxasında ailə üzvlərinin hamısının bir yerə cəm olub, yemək yediyi kimi…
-Düşdüyümüz vəziyyətlə barışmaq məcburiyyətindəyik oğul, – Simuzər çay süzüb oğlunun qarşısına qoydu, – mən az da olsa, bu həyatda nələrisə görmüşəm…sənsə…cavansan.Həyatdan əl üzən vaxtın deyil bala, – Tahirin saçlarından öpdü, – sən yaşamalısan, məni də yaşatmalısan.Bir- birimizə arxa- dayaq olmalıyıq…o zaman…divardakı şəkillərə baxdı, – onların da ruhu şad olacaq.Rahatlıq tapacaq.
-Yaxşı, – Tahir söhbəti dəyişmək qərarına gəldi, – sonuncu dərmanını qəbul etmisənmi?
-Yox, – anası gülümsədi, – onu qəbul edən kimi yuxu məni aparacaq.Mənsə…səni görmək, səsini eşitmək, nəfəsini hiss etmək istəyirəm bala.Yatmağa vaxtım çox olacaq.
-Dərmanları vaxtlı-vaxtında qəbul et ana, – Tahir onun üzündən öpdü, – bu vacib şərtdir.Yəqin ki, Sona bunu deməmiş olmaz.
-Sona…, -ananın gözləri güldü, – qızım.Mənə elə şirin “ ana” deyir ki…Onu görəndə dünyanın bütün dərd-qəmini unuduram, – Simuzər divanda yerini rahatladı, – sanki bu qızda hansısa qeyri-adi bir qüvvə var.Adamı özünə çəkir.Gəlişini elə səbrsizliklə gözləyirəm ki…
“Sona…, – Tahir fikrə getdi, – yazıq qız…sən bu ağırlıqda dərdlə necə yaşayırsan? Üstəlik…üstəlik bizə də həyan olmaq istəyirsən..Sənin nə boyda ürəyin varmış!Bəlkə də…təskinliyin bizik.Bizim təskinliyimiz sən olduğun kimi…Görəsən, bu ümumi dərdimiz olmasaydı da… rastlaşacaqdıqmı?Hava, su kimi bir-birimizə gərək olacaqdıqmı?Mən…sənsiz neyləyərdim Sona? “.
-Yaxşı, sən dincəl, televizora bax, – Simuzər yerindən qalxdı, – mən də sonuncu həbi atım, – gülümsədi, – sabah qızıma hesabat verəcəyəm axı.
Tahir kömək etmək istəsə də, ana razı olmadı:
-Qoy özüm yeriyim, – deyib asta-asta addımlayaraq yataq otağına keçdi.
Tahir yenə oz düşüncələri ilə başbaşa qaldı.Sonadan eşitdiyi , hələ də doğruluğuna inana bilmədiyi acı hekayəni fikrində təhlil etməyə başladı.Ağlına belə sığışdıra bilmədiyi bir halla üz- üzə idi.
Nədənsə Sonanı görmək, səsini eşitmək zərurəti yarandı.Elə indicə…bu saat, bu dəqiqə…
Saata baxdı.Artıq gec idi.Bəlkə də, Sona yatırdı.Yatırdı…özlüyündə təkrar etdi, – belə bir sarsıntıdan sonramı?
Əlini telefonun dəstəyinə uzatdı.Sonra geri çəkdi.Bir də uzatdı…Tələsik nömrəni yığdı.Telefonda çağırış səsi eşidildi.Uzun-uzadı…çağırdı, çağırdı…Dəstəyi isə qaldıran yox idi.
Tahirin həyəcanı artdı.Nə olmuşdu görəsən? Sona niyə dəstəyi qaldırmırdı? Bir hadisəmi baş vermişdi?Axı…axı o tək-tənhadır.”Cavab ver…cavab ver Sona…nə olar…De ki, yatmışdın.De ki, səni yuxudan oyatdım…Lap , lap danla məni”.



ARDI VAR.


Govher Rustamova
www.kafiye.net