XƏYALLARIN ƏSİRİ.(povest) 11.



Tahir hələ işdən gəlməmişdi.
Ana Sonanın gəlişinə çox sevindi.Gətirdiyi bütün dərmanlara baxıb təəccübləndi:
-Ay qızım, – dedi, – bu qədər dərmanı o dediyin…hə ,yadıma düşdü…o cəmiyyətiniz göndərib?
-Ana, – Sona gülümsədi, – bu dərmanları qəbul etməniz çox vacibdir.Qutuların üzərində hərəsindən gün ərzində neçə dəfə qəbul edəcəyinizi yazacağam ki, işiniz rahat olsun.Həbləri bir-biri ilə səhv salamayasınız.İynələri isə günorta və axşam saatlarında gəlib özüm vuracağam.On gün müddətində müalicəmizi doğru aparsaq , səhhətiniz xeyli yaxşılaşacaq.
-Nə deyim ay bala, – Simuzər məmnunluqla ona baxdı, – mən heç kimə əziyyət vermək istəmirəm.Hərənin öz işi-gücü var.Mənə görə narahat olmağa dəyməz.
-Sizə görə heç kim narahat olmur, əksinə …, – birdən Sonanın gözləri qapının ağzında dayanıb onlara baxan Tahirə sataşdı.
Tahir bir masanın üzərindəki dərmanlara, bir də Sonaya baxdı:
-Nə baş verir?
-Boy, Tahir, nə vaxt gəldiyindən xəbərim olmayıb, – Simuzər asta addımlarla ona tərəf getdi.Boynunu qucaqladı, – dünənkindən xeyli yaxşıyam bala, narahat olma.Sona qızım da sağ olsun, mənim qeydimə qalır.
-Anlamadım, – Tahirin üzünün ifadəsi dəyişdi.Sınayıcı nəzərlərlə Sonaya baxdı.
Qız nə deyəcəyini bilməyib udqundu.Tahirin zəhmli gözlərinə baxmaqdan çəkindi.
-Hə, əvvəlcə mən də anlamadım, – Simuzər keçib divana əyləşdi, – amma sonra qızım hər şeyi başa saldı, – Sonaya baxıb gülümsədi, – indi mənim səhhətim onların o…adı da yadımda qalmır…
-Ana, – Tahir əsəbini güclə cilovladı, – sən dincəl, mən Sona xanımı evlərinə yola salım.Axşam düşür.
-Yaxşı bala, nə deyirəm, – Simuzər razılaşdı.
-E…e…mən iynə vurmalıyam.Mümkünsə, mənə bir neçə dəqiqə vaxt verin, – Sona Tahirin üzünə baxmadan astadan dilləndi.
-Hə, – Simuzər divanın kənarından tutub ehmalca ayağa qalxdı, – keçim otağıma, yerimi rahatlayım.
Sona onun qolundan tutub, yan otağa keçməsinə kömək etdi.Çarpayısına uzadıb, dərman və şpritsi götürmək üçün geri qayıtdı.
Əlini masanın üzərindəki dərman qutusuna uzadarkən Tahirin qüvvətli əli onu dayandirdı:
-Bunu necə başa düşək Sona?, – acığından dodağını çeynədi, – bəlkə izah edəsən!.
-Edəcəyəm, – Sona onun qolunu kənara itələyib, qutunu və şpritsi götürdü, – hər şeyi izah edəcəyəm.Və…, – düz gözlərinin içinə baxdı, – məni doğru anlayacağına zərrə qədər də olsun, şübhəm yoxdur.İndi isə…kənara dur.Anaya iynə vurulmalıdır.
Tahir bir söz demədi.Lakin hikkəsi ilə bacarmırdı.Qızın bu addımına heç cür bəraət qazandıra bilmirdi.
-Allah köməyin olsun bala, – yan otaqdan anasının səsi aydın eşidildi, – iynəni necə vurduğunu heç hiss etmədim.Əllərin şəfqətlidir.Bir də ki, qızım, bilmirəm nədəndir, sən yanımda olanda özümü yaxşı hiss edirəm.
-Mən hər gün yanınızda olacağam ana, – Sona onun ağ tellərinə sığal çəkdi, – sizin qayğınıza qalacağam.Tezliklə sağalacaqsınız, söz verirəm, – əlindəki dərman qutusunu ona uzatdı, – baxın, buradakı həblərdən birini yatmazdan əvvəl qəbul edərsiniz.Səhərə qədər tam rahat, şirin yuxu yatacaqsınız.İndi isə, mən gedim.Sabah görüşənədək, – deyib ananın yanağından öpdü.
Gözlərini bir anlığa yumdu.Burnuna doğma anasının ətri gəldi.Əllərini yenidən Simuzərin saçlarında, alnında, üzündə gəzdirdi.Qucaqlayıb bağrına basdı.
-Allah köməyin olsun mənim balam, – ana kövrəldi, – “ana”deyən dilinə qurban olum, – gözlərində yaş gilələndi.
-Sona xanım, – Tahir ucadan səsləndi, – artıq gecdir.Evdəkilər də narahat olarlar.
-Hə, – Sona zorla gülümsəməyə çalışdı, – mən gedim ana.Digər iynəni vurmaq üçün sabah günorta yenidən gələcəyəm.
-Yaxşı bala, get.Allah amanında.Tahir düz deyir, evdəkilər də nigaran qalarlar.
Sona sakitcə otaqdan çıxdı.Çantasını götürüb qapıya tərəf getdi.
Tahir anasına nə isə deyib, qızın ardınca evdən çıxdı.
Hava sakit idi.Axşam düşsə də,soyuq deyildi.Sona evinə getməyə tələsmirdi.Aramla dayanacağa tərəf addımlayırdı.
-Sona, – Tahir ona yaxınlaşdı, – gözlə taksi ilə gedək.
-Ehtiyac yoxdur, – qız sakitcə dilləndi, – təmiz hava almaq istəyirəm.Mənə görə narahat olma, qayıt geri.
-Sona!, – Tahir onun qolundan tutdu, – bu nə inaddır?Bir də ki…mənə nələrisə izah edəcəyinə söz vermişdin.
-Hə,- Sona onun əlini itələdi, – mən belə jestləri xoşlamıram.Söhbətimiz isə uzun çəkə bilər.
-Olsun!
Yanaşı addımlamağa başladılar.Bir qədər sükutdan sonra qız əlini paltosunun cibinə salıb, dərindən nəfəs aldı:
-Tahir, – dedi, -xatırlayırsansa, ilk görüşümüzdə sən mənə öz həyat hekayəni danışmışdın.Özü də çox ətraflı.
-Hə, yadımdadır.Üstündən elə çox vaxt ötməyib.Nə olsun ki?
-Amma…mənim həyat hekayəmlə heç maraqlanmadın…doğrumu?
-Doğru, – Tahir bir şey anlamadan qıza baxdı, – bunların bir- biri ilə nə əlaqəsi var ki? Lazım bildikdə sən də öz həyatın barədə danışarsan.
-Lazım bildikdə…, – Sona təkrar etdi, – sənə maraqlı deyilmi?
-Sona, – Tahir səbrsizləndi, – araya söz qatma xahiş edirəm, – mənim nə demək istədiyimi yaxşı başa düşürsən.Mən hələ o zaman demişdim ki, həyat hekayəmi sənə sədəqə xətrinə danışmamışdım.Bizim heç kimin yardımına ehtiyacımız yoxdur!Demişdim axı!.
-Hə, demişdin, – qız təmkinin pozmadı, – amma…dar ayaqda məni axtarırsan, eləmi?, – gülümsədi, – bilirsən niyə?
-Niyə?, – qızın sözləri onu lap hövsələdən çıxartdı, – yardım umurammı?
-Yox, – Sona ayaq saxladı, çevrilib üzünə baxdı, – doğmalıq hiss edirsən.Amma…mən sizinlə doğma insan kimi rəftar edəndə, qəzəblənirsən.Niyə?
Tahir nə cavab verəcəyini bilmədi.Qızın sözlərində həqiqət vardı.
-Səni anlayıram, – Sona sözünə davam etdi, – kişi olaraq bəzi şeyləri qüruruna sığışdırmırsan.Lakin…
-Nə lakin? Anamın müalicəsi sırf mənə aiddir!.
-Təkcə sənə yox.O…o, həm də mənim anamdır.
-Nə danışırsan Sona, – Tahir səsini qaldırdı, – bu sözlər kimə lazımdır?Hərənin öz həyatı var.Cəfəngiyyat danışma.
-Cəfəngiyyat…Sənə elə görünə bilər…Amma mənə elə görünmür.Mən…sənə həyat hekayəmi bütünlükdə danışmayacağam, yox.Yalnız bir məqamı xatırladacağam.Sonrasını isə…sənin mühakimənə həvalə edəcəyəm.
Tahir susdu.Sanki nə isə qeyri-adi bir söz eşidəcəyinə özünü daxilən hazırlayırdı.
-Tahir, – Sona fikrini cəmlədi, – yadındadırsa, atanla qardaşının ağır yol qəzasına düşdüyünü danışmışdın.
-Hə, yadımdadır.
-Mənim sualım da yadındadırmı? Qarşı tərəfdən gələn maşının rəngi, nömrəsi ilə maraqlanmışdım.
-Hə, – Tahir heç nə anlamırdı, – bunun söhbətə dəxli yoxdur!
-Var!, – Sona özü də hiss etmədən səsini qaldırdı, – Var!, – sözünə ara verdi, – demişdin ki…digər maşının sürücüsü və iki azyaşlı uşaq…yerindəcə…
-Hə demişdim.
-Qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılmışdı.
-Bəli.
-Hələ…, – qızın gözlərindən yaş süzüldü, səsi titrədi, – evlərində bir qız uşağı da qalıbmış.Və…sən hətta onu axtarmaq da istəmisən, eləmi?, – özündən biixtiyar hönkürdü.
-Elədir, – Tahir astadan cavab verdi.
-Həmin qız…, – həmin qız…sənin qarşındadır, Tahir!, – deyib Sona yenidən hönkürdü.O qız mənəm!,-sözünə davam etdi, – İllərlə bu ağrı-acını ürəyində gəzdirən, üç doğma insanı bir gecədə itirən, uzun müddət xəstə anaya həyan olub, gecələrin səssizliyində için- için ağlayan o qız!Mənəm…
-Nə danışırsan, Sona!, – Tahir eşitdiklərindən sarsıldı, – sən nə danışırsan?, – axşamın qaranlığında Sonanı ilk dəfə görürümüş kimi başdan- ayağa süzdü, – dediklərin doğrudurmu? Yanılmırsan ki?Bu, ola bilməz!
-Yox, yanılmıram, – qız yaylığının ucu ilə gözlərini sildi, – belə məsələlərdə yanılmaq olmur.Mən…o zaman yalnız anama görə yaşayırdım.Onun iztirabları isə mənə zülm edirdi.Gecəmi gündüzümə qatıb oxuyurdum, işləyirdim.Amma…onu heç nə ilə ovuda bilmirdim.Çox keçmədi ki…sağalmaz xəstəliyə düçar oldu.Mən…mən ona kömək edə bilmədim, – yanaqlarına aramsız süzülən göz yaşları paltosunun yaxasını islatdı, – bir ildən artıqdır ki, onu da itirmişəm.
-Sona, – Tahirin səsi titrədi, – sən…sən nə danışırsan Sona…
-Bax, indi mən tək-tənha yaşayıram.Amma…yenə də həyatdan əlimi üzmürəm.Gecələr…anamın xəyalı ilə danışıram…Ondan təskinlik alıram.Bilmirəm nədənsə…sənin anana qarşı naməlum bir hiss var qəlbimdə.Hələ onu tanımazdan əvvəl,daxilimdə ona nəyin bahasına olursa- olsun kömək etmək istəyi yaranmışdı.Bilmirəm neyçünsə…öz anamın ətrini duyuram onda.Hər dəfə ona”ana” deyə müraciət etdikdə özümü xoşbəxt sanıram.Analı günlərimə qayıdıram.Tellərini oxşayanda, üz-gözündən öpəndə sanki mənə dünyanı bəxş edirlər.Boynunu qucaqlayanda cahanı qucaqlayıram sanki…Səndən bir xahişim var Tahir, – çətinliklə udqundu, – məni bu hisslərdən məhrum etmə.İllər sonra qazandığım sevincimi əlimdən alma. Başqa bir təmənnam yoxdur.



ARDI VAR.




Gövher Rüstemova
www.kafiye.net