ÖZ QOCA KÖÇÜN

Qüdrətli bir pəncə sıxır cahanı,
Üfüq də ağrıdan ala boyanıb.
Nə vaxtdır adamlar yaxır cahanı,
Bəlkə də binəva indi oyanıb!

Tanrı da bəşərdən əlini çəkib,
Günəşi qızdırmır, buludu yağmır.
Elə bil şəkildi səmaya tikib,
Bu ona yansımır, o buna sığmır!

Tərpənən, tərpədən küləkdi bir az,
Onun da səsi yox sızıltısı var.
İtirib fitini, eyləmir avaz,
Burnunun altında mızıltısı var!

Hər yerdə hakimdi ölü sükunət,
Qəlbin də gözləri iki rəng görür.
Hələ nəfəs alır dünyamız, fəqət,
Elə bil yarımcan bir ömür sürür!

Yenilik gələcək bəlkə də bir gün,
Silkinən, çırpınan dünyamız üçün.
Hələki bozarıb, görünür ölğün,
Güc ilə sürüyür öz qoca köçün.



Təvəkkül Goruslu. 08.04.2020
www.kafiye.net