RUHUM

Nə günə, gündüzə sığmayır ruhum,
Günü hiss etməmiş gündüzü bitir.
Günləri yaddaşa yığmayır ruhum,
Gəlməklə, olmaqla yox olur itir.

Gücüm yox gündüzü, günü yormağa,
Gecənin zülməti kəsir aranı.
Hacət də qalmayır sorub sormağa,
Görüb bitirdikcə ağı, qaranı.

Gündüzün ölçüsü ölçümdən gödək,
Gecənin ölçüsü ölçümdən uzun,
Təbiət desə də bahara gedək,
Ömrümə köçübdü ömrü payızın!

Saydıqca günləri günü bitirib,
Gözlədik növbəti yeni bir günü.
Növbəti qayğını alıb götürüb,
İtirdik miqyası, ölçü, ülgünü!



Təvəkkül Goruslu. 01.04.2020
www.kafiye.net