DƏRİNDƏN DUYSAN

İnsandı dünyaya meydan oxuyan,
Hiylədən, mək(i)rdən cələ toxuyan,
Gah ölüm, gah da ki, yaşam qoxuyan,
Həyat çətin olur dərindən duysan!

Aqillər dünyanın qəlbinə girməz,
Nadanlar girsə də riqqəti görməz,
Odur ki, sirrini bir kəsə verməz,
Həyat çətin olur sirrindən doysan!

Dünya bir kəhərdi qırat dölündə,
Ayaq üzəngidə otur belində,
Yüyənin, cilovun bərk tut əlində,
Həyat çətin olar əlindən qoysan!

Güvənmə özündən başqa bir kəsə,
Nəzərdən uzaq ol, gəlmə nəfəsə,
Yardım diləsələr əl uzat səsə,
Həyat sənin olar imkanın qıysan!

Səni sevən atan, Təvəkkül Goruslu. 05. 04. 2020

www.kafiye.net