XƏYALLARIN ƏSİRİ.(povest) 10



Səhəri gün Sona klinikaya hamıdan tez gəlmişdi.Məqsədi iş başlayana qədər ananın səhhəti ilə bağlı Əfruza məlumat verib, lazımi məsləhətlər almaq idi.
Elə də oldu.Əfruz onu diqqətlə dinləyib fikrə getdi.Təbii ki, laborator müayinələrdən keçməyən xəstənin səhhətinə dair fikir yürütmək, müalicə təyin etmək doğru olmazdı.Lakin ananın hazırkı durumu bu imkanları məhdudlaşdırırdı.İlk növbədə xəstəni ayağa qaldırmaq lazım idi.
-Bəlkə belə edək, – Əfruz vəziyyəti fikrində bir qədər götür-qoy etdikdən sonra dilləndi, – nahar fasiləsində birlikdə onların evinə yollanaq.Yaxşı ki, ünvanı bilirsən.Ana da səni tanıyır, düşünürəm ki, bizə qapını açmaqdan çəkinməz.
-Bəli, – Sonanın gözləri güldü, – qonşu qadın da çox vaxt yanında olur.Ona qulluq edir.
-Lap yaxşı.Deyərik ki, ərazidəki yaşlı və ahıl insanlara tibbi yardım üçün tapşırıq almışıq.Mən onu müayinə edib, az da olsa səhhəti ilə bağlı ilkin məlumat əldə edərəm.Lazım gələrsə, orqanizmin ümumi vəziyyətini , immunitetini gücləndirmək məqsədilə dərmanlar, iynələr də təyin edərəm.Xəstə tam sağalıb ayağa qalxdıqdan sonra onu klinikaya dəvət edib, laborator müayinələrdən keçirərik.O zaman xəstəliyin əsas səbəblərini daha dəqiq müəyyənləşdirmiş olacağıq.
-Çox sağ olun Əfruz xanım!, – qız sevincindən nə deyəcəyini bilmədi, – siz sanki mənim fikirlərimi oxuyursunuz.Mən…açığı sizə xəstənin yaşadığı evə getmək təklifini söyləməkdən çəkinirdim.Ürək etmirdim.
-Danışdıq, – Əfruz gülümsədi, – indi isə iş başına.Ümidvaram ki, biz doğru qərar qəbul etmişik.Nəticəsi də yaxşı olar.
-Sağ olun, – Sona da gülümsədi, – Allah bu yaxşılığınızı yerdə qoymaz.
Tahir nə qədər təkid etsə də, anası qonşu qadını narahat etməyi rəva bilməmişdi.Yerindən ehmalca qalxıb yuyunmuş, hətta əlləri əsə-əsə də olsa, oğluna və özünə səhər yeməyi də hazırlamışdı.
Tahiri işə yola saldıqdan sonra divana əyləşib ,mütəkkəyə söykənərək televizora baxırdı.Hərdən də gözlərini qaldırıb çərçivəyə salınmış şəkillərə nəzər salırdı.Gah ömür-gün yoldaşının, gah da oğlunun şəklinə…Gözləri qarşıdakı televizorda olsa da, fikri-xəyalı başqa yerdə, çox uzaqlarda idi.
Belə vaxtlarda o sıxıntı keçirmirdi, yox, əksinə şirin xəyalların ağuşunda xoşbəxtlik çağlarına qayıdırdı.O çağlara ki, onu canından artıq sevən həyat yoldaşı və qayğısız böyüyən iki övladı vardı.Məhəllədə hamı bu ailəyə həsəd aparırdı.Nüsrət ailəsinə bağlı insan idi, oğlanlarını, Simuzəri həyatından çox sevirdi.Onların firavan yaşamaları üçün əlindən gələni əsirgəmirdi.Məhəllədə ilk minik maşınını da o almışdı.Ailəsini hər yerə öz şəxsi avtomobilində aparıb-gətirərdi.O zaman ehtiyac içində yaşayan , əksəriyyəti çoxuşaqlı ailələrdən ibarət olan məhəllə camaatı kiçik pəncərələrdən xəlvətcə boylanaraq onlara göz qoyurdu.Simuzərə qibtə edirdilər.Bu ailə çoxlarına əlçatmaz görünürdü.
Geyim-keçimləri də digərlərindən fərqlənirdi.Nüsrət övaladlarına da, Simuzərə də ən dəbli, gözəl geyimlər alırdı.Bayramlarda isə…ona həmişə qızıldan hazırlanmış müxtəlif zinət əşyaları hədiyyə edərdi.
Simuzər dərindən ah çəkdi.İndi bütün bunlar ona yuxu kimi gəlirdi.Yarımçıq , qəflətən oyandığı şirin yuxu kimi…Nüsrətlə Mahirin ölümündən sonra o yaşamırdı, sadəcə…mövcud idi.
Qapının zənginə diksindi.” Kim ola görəsən?, – düşündü, – ay səni Tahir, – yerindən ehmalca qalxdı,- dedim axı Xuramanı narahat etmə!”.
Özlüyündə oğlunu tənbeh edə-edə qapıya yaxınlaşdı.Gözlərini qıyıb gözlükdən baxdı.Gələn qonşu qadın Xuraman deyildi.Qapının ağzında iki gənc , yaraşıqlı qadın dayanmışdı.Simuzər bir şey anlamadı.Zəif səslə:
-Kimsiniz?, – soruşdu, – gərək ki,səhv gəlmisiniz.
-Ana…narahat olmayın, – Sona irəliyə keçdi, – bu mənəm.Axşam yanınızda olan Sona.Tibb bacısı.Mümkünsə, qapını açın.
Qadın duruxdu.Gözlükdən bir də, diqqətlə baxdı.Sonanın zahiri görkəmini yaddaşında saxlamasa da, səsi, “ ana” kəlməsi ona tanış gəldi.Hə, bu həqiqətən də həmin Sona idi.Bəs yanındakı qadın?
-Ana, – yenidən Sonanın səsi gəldi, – biz qapınıza xoş niyyətlə gəlmişik.Mənə etibar edə bilərsiniz.
-Nə deyirəm, – Simuzər gücsüz əlləri ilə birtəhər qapının kilidini açdı.
Əfruzla Sona içəri daxıl oldular.Qadın Sonanı tanıyınca, gözləri güldü.Qız onu mehribanlıqla qucaqlayıb üzündən öpdü:
-Yaxşısınızmı anacan?
Simuzər titrək əllərini onun saçlarına çəkdi:
-Yaxşıyam qızım, – gözləri doldu, – mənə “ana” deməyin elə ürəyimə yatır ki…Gəlin, keçin içəriyə bala.Qapıda dayanmayın.Xoş gəlib səfa gətirmisiniz.
Sona onun soyuq, zəif əllərindən öpdü:
-Xoş günlərinizə gələk ana, – Əfruza tərəf çevrildi, – tanış olun, bu ,Əfruz xanımdır.Çox savadlı, bacarıqlı, hörmətli həkimdir.İcazənizlə hələlik sizi ev şəraitində müayinə edəcək.Səhhətinizdəki narahatlıqları aradan qaldırmağa çalışacaq.
-Mənim?, – qadın təəccübləndi, – niyə? Biz ki…həkim çağırmamışıq.
-Həkim çağırmağa ehtiyac yoxdur, – Əfruz dilləndi, – yeni yaranan cəmiyyətimiz yaşlı insanları öz himayısinə götürüb.Həkimlərdən və tibb bacılarından ibarət briqadalar yaradılıb.Biz mütəmadi olaraq, ərazimizdə yaşayan yaşlı insanları müayinə edəcəyik, lazım gələrsə, tibbi köməklik göstərəcəyik.
-Nə yaxşı, – Simuzərin gözləri güldü, – bu, çox yaxşı təşəbbüsdür.İnsan yaşlandıqca qayğıları artır, – birdən gözləri qaraldı, – məni bağışlayın, başım hərlənir, ayaq üstə çox dayana bilmirəm.
Sona cəld onun əlindən tutub divana əyləşdirdi:
-Əyləşin ana, ayaq üstə dayanmaq lazım deyil.Vaxtımız azdır.Əfruz xanımın suallarına cavab vermək kifayətdir.
-Bəli, – bir də təzyiqinizi ölçüb, ürək döyüntülərinizi dinləyəcəyəm.Hələlik bunlar yetərlidir.
Sonanın köməyilə divanda yerini rahatlayan Simuzər həkimi diqqətlə dinləyir, suallarına ətraflı cavablar verirdi.Əfruz dediyi kimi, onu müayinə edib gülümsədi:
-Belə, hörmətli Simuzər xanım.Səhhətinizdə ciddi probleminiz yoxdur.Çalışıb əsəblərinizi sakitləşdirməliyik, bunun üçün də yuxu rejiminiz qaydasına düşməlidir, – çantasını yığmağa başladı, – həm də bədənin müqavimətini gücləndirməliyik.Daxili gərginliyiniz zəiflədikcə, təzyiqiniz normallaşacaq.
-Allah köməyiniz olsun, həkim, – Simuzər minnətdarlıqla ona baxdı, – o adı nə idi, – xatırlamağa çalışdı, – hə, cəmiyyətiniz də var olsun.
Sona ilə Əfruz bir- birinə baxıb gülümsədilər.
-Əsas siz sağ olun, xəstələnməyin, – Əfruz onun əllərini ovcuna aldı, – Sizi sağaldıb ayağa qaldırmağa tam zəmanət verirəm.
-Çox sağ olun, – Simuzərin gözlərində ümid qığılcımları parladı, – ürəyim sakitləşdi, əhvalım xeyli yaxşılaşdı.
-Hələlik, – Əfruz Sonaya baxdı, – günortalar bizim tibb bacımız sizi ziyarət edəcək.İynələrinizi vuracaq, dərmanların qəbuluna nəzarət edəcək.Mütəmadi olaraq məni məlumatlandıracaq.Lazım gələrsə, əlavə müalicə də təyin edərəm, – gülümsədi, – indi isə salamat qalın.Özünüzdən muğayat olun, səhhətinizin qeydinə qalın, yaxşımı?
-Yaxşı, – Simuzər minnətdarlıqla ona baxdı, – çalışaram.
Sonagil yubanmadan Simuzərlə görüşüb, evdən çıxdılar.Nahar fasilsəsinin bitməsinə az qalırdı.Yolüstü tələsik nahar edib klinikaya yollandılar.Əfruzun gəldiyi ilkin qənaət Sonanın da ürəyini xeyli sakitləşdirmişdi.Qız ,ananın tezliklə sağalıb ayağa qalxacağına böyük ümidlər bəsləyirdi.Daxilində mənəvi bir rahatlıq vardı.
İş gününün sonunda Əfruzun yazdığı reseptləri götürüb yaxınlıqdakı aptekə getdi..Lazım olan bütün dərman preparatlarını əldə edib, Tahirgilə yollandı.On gün müddətində xəstənin iynələri vaxtlı-vaxtında vurulmalı,dərmanları ciddi şəkildə qəbul edilməli idi.Bütün bunları Sona öz üzərinə götürmüşdü.Müalicə onun şəxsi nəzarəti altında aparılacaqdı.


ARDI VAR.


Govher Rustamova
www.kafiye.net