XƏYALLARIN ƏSİRİ.(povest)9


Qapının zəngini basmağa bir neçə dəfə cəhd etsə də,son məqamda tərəddüdlə barmağını geri çəkirdi.
Elə bu an qapı açıldı, içəridən iki ağ xalatlı qadın çıxdı.Onlardan biri üzünü Tahirə tutub:
-Çalışın ki, yuxulasın, – dedi, – əsəbləri çox oyaqdır.
Qapının kandarında Sonanı görən Tahir özündən biixtiyar gülümsədi.Başı ilə həkimin dediklərini təsdiqlədi:
-Elədir həkim, tapşırıqlarınıza əməl edərik.
Minnətdarlıq edib təcili yardımın həkimini və tibb bacısını hörmətlə yola saldı.
Bir kənarda səssizcə dayanmış Sonaya baxıb yenidən gülümsədi:
-Sən bizim evə xoş gəlmisən, Sona!Bağışla ki, axşam vaxtı səni bu qədər narahat etdim.Buyur , içəri keç.
Sona daxilindəki tərəddüdü qovub, özünü ürəkli göstərərək, qapıdan içəri keçdi.Evin səliqə-sahmanı diqqətini çəkdi.Avadanlıqlar köhnə dəbli olsa da, mənzildə bir rahatlıq vardı.Divarda isə…eynən öz evində olduğu kimi, çərçivəyə salınmış şəkillər…
-Buyur əyləş, – Tahir yaxınlıqdakı stula işarə etdi, – sıxılma, özünü evundəki kimi hiss et.
-Xəstə haradadır?, – Sona astadan soruşdu.
-İçəri otaqda.Həkimlər hər dəfə olduğu kimi, sakit şəraitdə yuxulamağı məsləhət görürlər, – Tahir cavab verdi, – hər dəfə də eyni iynələri vurub çıxıb gedirlər.Mənsə…hər dəfə ölüb-dirilirəm.Anamın vəziyyəti pisləşən anlarda özümü idarə edə bilmirəm.
-Onların vəzifəsi ilk tibbi yardım göstərməkdir.Onu da icra edirlər.Xəstə isə əsaslı şəkildə müayinə və müalicə olunmalıdır.Xəstəliyin səbəbləri müəyyənləşdirilib aradan qaldırılmalıdır.
-Sən lap əsl həkim kimi danışırsan, – Tahir həmişəkindən fərqli olaraq mülayim tərzdə dilləndi.
-Mən tibb işçisiyəm, – Sona da eyni mülayimliklə cavab verdi, – illərdir ki, neçə-neçə xəstələrlə üzləşirəm.Hərçənd ki…ən böyük arzum həkim olmaq idi…
-Tahir, – içəri otaqdan zəif səs gəldi, – ay Tahir…
-Burdayam , ana, – Tahir cəld anası yatan otağa keçdi, – narahat olma, burdayam.
-Mənə su ver, dilim- dodağım quruyub, işığı da yandır, ürəyim sıxılır.
-Yaxşı ana,-Tahir cəld otağın işığını yandırdı, -darıxma, indi sənə su gətirərəm, – deyib tələsik mətbəxə qaçdı.
Sona yerindən qalxıb içəri otağın qapısına yaxınlaşdı.Sakitcə otağa boylandı.Çarpayıda dümağ saçlı, nurani bir qadın uzanmışdı.Gözlərini arabir açıb baxır, yenidən yumurdu.
Sona yavaşca ananın çarpayısına yaxınlaşdı.Alnının qırışlarına, solğun çöhrəsinə baxıb köks ötürdü.
-Əyləş, – Tahir ona oturmaq üçün yer göstərib, əlindəki stəkanı masanın üzərinə qoydu, – deyəsən yenidən yuxuya getdi.
-Hə, – Sona pıçıldadı, – dərmanaların təsirindədir, narahat olma.Əslində yuxulamağı məsləhətdir.
Stulu bir qədər yaxına çəkdi.Ananın arıq, qırışmış əllərini sakitcə ovcuna aldı.Onları nəvazişlə tumarladı.Bir əlini ehmalca ağ tellərinə çəkdi,məhəbbətlə sığallamağa başladı..Gözləri doldu.
“ Analar necə də bir – birinə bənzəyirlərmiş…, – düşündü, -Yaradanın ən böyük töhfəsi…insan bəzən də zamanında varlığını lazımınca dəyərləndirə bilmir, itirdikdə isə…gec olur.Səni yaxşı anlayıram, Tahir.Sən bu itkini yaşamaq istəmirsən, çünki…”
-Yaxın gəl, – Tahir onu fikirdən ayırdı, – sənə də çay süzmüşəm.
Sona sanki onu eşitmirdi.Ürəyindən bu köməksiz qarını bağrına basıb, alnından, üz-gözündən doyunca öpmək,ətrini qoxlamaq keçirdi.Ana ətrini…dünyanın heç bir ətrinə bənzəməyən…
-Sona, – Tahir astadan dilləndi, – gec olar.Çayını iç, səni evinizə aparım.Anamı qonşu qadına tapşıraram.Hələ bir müddət yatacaq.Bilirsən, bəlkə də …uşaqlıq edirəm…amma incimə məndən,ən çətin anımda nədənsə…səni…məhz səni arzulayıram.Sanki başqa bir təskinliyim yoxmuş kimi…
-Mən səni yaxşı anlayıram, – Sona gözünü anadan çəkmədən dilləndi, – ana müqəddəs varlıqdır.Onun yolunda insan hər …
-Tahir, – ana gözlərini açdı, -ay Tahir…
-Can Tahir, – Tahir stəkanı masadan götürüb anasına yaxınlaşdı, – al iç.
Yastığını azca dikəltdi.Qolunu boynunun ardına söykədi.Sona stəkanı ondan alıb, yavaşca ananın dodaqlarına yaxınlaşdırdı:
-İçin ana, qurtum-qurtum için.
Qadın gözlərini açıb Sonaya baxdı.Heç nə başa düşmürmüş kimi, baxışlarını Tahirə tərəf çevirdi.
-Xanım tibb bacısıdır.Sənə yardım etmək üçün buradadır, – Tahir izahat verdi, – adı da Sonadır.
-Həə, – ana sudan bir qurtum içdi, – sağ olsun.Yardım edənlərin Allah yardımçısı olsun.
-Özünüzü necə hiss edirsiniz?, – Sona nəvazişlə əllərini onun saçlarında gəzdirdi.
-Necə olacam ay bala, – ana dərindən köks ötürdü, – nə ölə bilirəm, nə də ki…qala.
-Ana!, – Tahir əsəbilik keçirdi.
-Nə ana, – qadın arxasındakı yastığa söykəndi, – məni həyata bağlayan təkcə sənsən.Yoxsa…
-Ana, – Sona mehribalıqla onun çuxura düşmüş gözlərinə baxdı, – sizdə ciddi heç nə yoxdur.İnanın mənə.Hər şey yaxşı olacaq.
-Ana?, – qadın duruxdu, – sən…sən mənə ana dedin?
-Bəli, ana, – Sona onun alnından öpdü, – darıxmayın.Lap yaxın vaxtlarda sağalıb ayağa qalxacaqsınız.Yaxınlarınızı, doğmalarınızı sevindirəcəksiniz.
-Nə bilim…, – qadının gözləri yol çəkdi, – nə bilim ay bala.Özümə görə narahat deyiləm, – baxışlarını Tahirə tuşladı.
-Övaldlara görə narahatlıq anaların şakəridir, – Sona gülümsədi, – bütün analar eyni imiş…
Tahir , heç nəyə əhəmiyyət vermədən anasının əllərini, üz-gözünü, alnını, saçlarını məhəbbətlə tumarlayan Sonaya baxırdı.Bu nə idi? Qız göydən yerə enmiş mələk idimi?Tanrı onu bu evə, ailəyə dayaq göndərmişdimi?
-Ana, – Sona sakitcə dilləndi, – etiraz etmirsinizsə, təzyiqinizi ölçüm.
-Yox etmirəm, – qadın acı gülümsədi, – mən buna adət etmişəm.
Sona vaxt itirmədən təzyiqölçən cihazı çantasından çıxardı.Diqqətini bir yerə cəmləyib,ananın təzyiqini ölçdü.Gülümsəyib:
-Görürsünüz, – dedi, – təzyiqiniz normaldır.Ürək döyüntüləriniz də yaxşıdır.Narahatlığa heç bir səbəb yoxdur, – saatına baxdı, -sizi yormayaq.Yatın, dincəlin.Mən sizinlə əlaqə saxlayacağam, -deyib ayağa qalxdı.
Ana dərindən nəfəs alıb gözlərini yumdu.Sona onun yanaqlarından ehmalca öpüb:
-Salamat qalın, ana, – dedi.Gecəniz xeyrə qalsın.Sabaha qədər.
Çox keçmədi ki, ana yuxuladı.
Tahirlə Sona otağın işığını söndürüb yavaşca oradan çıxdılar.
-Artıq gecdir Tahir,mən gedim, – Sona astadan dilləndi, – narahat olma.Təhlükəli heç nə yoxdur.Ana səhərə kimi yatacaq.
-Çox sağ ol Sona, – Tahir özü də hiss etmədən qızın əllərindən tutdu.
Sona cəld əllərini geri çəkdi:
-Mənə görə narahat olma, taksi ilə gedəcəyəm.
Qızın ciddi təkidinə baxmayaraq, Tahir onu düz evlərinə qədər ötürüb, geri qayıtdı.
Hər ikisi qeyri-adi hisslər yaşayırdı.Bu vaxta qədər üzləşmədikləri, naməlum hisslər…O hisslər onları anbaan, saatbasaat bir- birinə möhkəm tellərlə bağlamağa başlamışdı.Özləri də baş açmadan bu hisslərin təsirinə düşərək,getdikcə daha da doğmalaşır,əziz inasanlara çevrilirdilər.
Sona özündə mənəvi bir rahatlıq hiss edirdi.Ona elə gəlirdi ki, anası yenidən dünyaya qayıtmış,ona ikinsi möhlət verilmişdi.Qız indi daha artıq məsuliyyət hiss edirdi.Ananı nəyin bahasın olursa- olsun həyata qaytarmalı, var qüvvəsi ilə çalışıb onu yaşatmalı idi.


ARDI VAR.


Govher Rustamova
www.kafiye.net