XƏYALLARIN ƏSİRİ.(povest) 8


Sona isə heç kimə, heç nəyə məhəl qoymadan danışır, arabir fasilə edib buludtək dolan gözlərinın yaşını silirdi.Əfruz söhbətin bu qədər gərgin olacağını ağlına belə gətirməmişdi.
Ofisiant hazır yeməkləri süfrəyə düzdü.Əfruz Sonanın söhbətindən sarsılsa da, qızı bir qədər sakitləşdirmək istədi:
-Səni başa düşürəm, Sona.Çox böyük üzüntülər yaşamısan.Doğma insanların itkisi həqiqətən də çox ağırdır.Afərin ki, özünü ələ almağı bacarmısan,özündə güc-qüvvə taparaq uzun illər ananın xidmətində dayanmısan.Dərdini unutdurmağa çalışmısan.
-Bilsəniz bunlar mənə necə başa gəlib!, – Sona yenidən kövrəldi, – gündüzlər yenə başım iş-gücə qarışır, amma gecələr…bilsəniz mən gecələrə…necə nifrət edirəm…tək-tənhalığımı amansızlıqla mənə xatırladan o gecələrə…
-Anlayıram, – Əfruz astadan dilləndi.Yeməyin soyuyur, azca fasilə edək, rahat nahar et.Vaxtımız çoxdur.Mən səni sona qədər dinləyəcəyəm, arxayın ola bilərsən.
-Hə,- Sona gülümsəməyə çalışdı, – bağışlayın, sizin də əhvalınızı pozdum, – salfetlə gözlərini quruladı, – hərdən insan o qədər dolur ki,ən kiçik bir toxunuşdan belə,sel-suya dönərək bütün bəndləri aşmaq, dəli leysan kimi axdıqca – axmaq istəyir.
-Olur, – Əfruz başı ilə təsdiqlədi.Hətta…çox olur., – sözünə ara verdi, – insanlar müxtəlif, talelər fərqli…bir- birinə bənzəməyən…Bax,- özü də yeməyə başladı, – adi bir rəqəmin təsadüfən səhv yığılması səni kiminlə üz-üzə gətirdi.Təsadüfmü…zərurətmi…bizim başa düşüb anlamayacağımız qədər mürəkkəbdir həyat.
Araya sakitlik çökdü.Hər ikisi dinməzcə nahar etdi.Ofisiant süfrəni səliqəyə salıb getmək istəyirdi ki, Əfruz ona çay sifarış etdi.Hiss edirdi ki, Sona söhbətini tamamlamayıb, deyəcəkləri tək bunlar deyildi.
-Hə, – gülümsədi, – buyur, çayımız gələnə qədər söhbətini davam etdir.
Sona məmnunluqla ona baxdı.İllərlə ürək qızdırmadığı,soyuq, hissiyyatsız bir insan kimi zənn etdiyi Əfuzdan fərqli olaraq, indi qarşısında başqa bir qadın əyləşmişdi.Bu, qızı çox ürəkləndirirdi.Yubanmadan mətləb üstünə gəldi.Tahirin anasının ciddi müalicəyə ehtiyacı olduğunu, bu baxımdan da ailədə yaşanan gərginlikləri təfərrüatı ilə həkimə danışdı.
-Hə, – Əfruz dilləndi, – yazıqlar sarsıntı içindədirlər.Səni yaxşı anlayıram, özün o hissləri yaşamısan.
-Anama heç nə ilə kömək edə bilmədim, – Sona yenidən kövrəldi, – son ümidimi də itirdim.İndi…bir ana da əzab içindədir.Eyni fəlakətin qurbanı olan başqa bir ana…İndi onun xilası məni hər şeydən çox düşündürür.Ona nə ilə yardım etmiş, dərdinə əlac etmiş olsam, bir o qədər toxtaqlıq tapmış olacağam, – həkimin gözlərinə baxdı, – ümidim sizədir, Əfruz xanım.
-Burada nə çətin iş var ki, – Əfruz stəkanına süzülmüş çaydan bir qurtum içdi, – istənilən vaxt klinikaya gələ bilərlər.Tibbi müayinədən keçdikdən sonra müalicəni bütünlüklə öhdəmə götürərəm.Tam əmin ola bilərsən.
-Buna şübhəm yoxdur, – Sonanın gözləri güldü, – necə bir həkim olduğunuzu hamı bilir.Sadəcə…Tahir qarşınızda bir qədər…ehtiyatsızlıq, hövsələsizlik etmişdi…
-Tahir?, – Əfruz stəkanı masanın üzərinə qoydu, – nə vaxt? Mən onu tanıyırammı?, – təəccüblə qızın üzünə baxdı.
Sona onu intizarda saxlamadı.Bir neçə gün öncəki hadisəni xatırlatdı.
Gözlədiyinin əksi olaraq Əfruz xəbəri çox sakit qarşıladı:
-Belə de…, – gülümsədi, – Tahir həmin Tahirmiş…Nə deyim, – çayını içməyə davam etdi, – insandır, qınamıram.Heç kimin daxılı aləmini görmək, bilmək olmur.Zahirən çox xoşbəxt görünən birinin də bəzən elə dərdləri ortaya çıxır ki…
-Mən ona bu gün anası ilə bərabər klinikaya gəlməyi təklif etdim, – Sona köks ötürdü, – məncə maddi durumları hələ ki, buna imkan vermir.Qüruruna sığışdırmadı, hətta …
-Elə insanlar çox həssas olurlar.Onların yaralı yerinə toxunmaq olmaz.Hər bir addımı elə ölçüb- biçməliyik ki,bunu sədəqə və ya yardım kimi qəbul etməsin.Şəxsiyyətinə toxunmasın.
Çay süfrəsi arxasında müxtəlif variantlar düşünməyə başladılar.Ən doğru-dürüst seçim isə Tahirgilin klinikaya gəlişindən sonra olcaqdı.
Nahar fasiləsinin bitməsinə hələ vardı.Kafedən çıxıb qol-qola girərək,asta addımlarla klinikaya tərəf getməyə başladılar.
-Sona, – Əfruz başını yerdən qaldırmadan dilləndi, – səncə…mən xoşbəxt insanammı?
-Nə deyim…, – qız qəfil sualdan duruxdu, – məncə…hə.Yəqin ki,ailəniz, uşaqlarınız…
-Yəqin ki…, – Əfruz təkrarladı, – bu, ehtimaldır, eləmi?
-H…hə…bəli…məncə belədir.
-Bax, bayaq təklikdən, tənhalıqdan danışırdın, gecələri lənətləyirdin, – başını qaldırıb qızın gözlərinə baxdı, – mən də onları sevmirəm.
-Siz niyə?, – Sonanın qaşları çatıldı.
-Çünki…onlar mənə də az iztirab yaşatmır, – hə, ailəm vardı.Hərçənd ki, sevgi əsasında qurulmamışdı…dolanırdıq.İllər ötdü, bizim övlad arzumuz arzu olaraq qaldı…Taleyimdə ana olmaq yox imiş.
-Sizin?
-Hə, – Əfruz acı-acı gülümsədi, – həkimlərin də dərdi olur, – çox müayinələrdən, müalicələrdən keçdim…olmadı.
-Əfruz xanım, indi bunun hər cür əlacı var axı, – Sona təəccüblə ona baxdı, – siz ki , bunu məndən də yaxşı bilirsiniz.
-Hə, – Əfruz sanki üşüyürmüş kimi, patosunun boynunu qaldırdı, – bilirəm təbii ki…yoldaşım razı olmurdu.Qaynanamla baldızlarımın qınağı isə gün- gündən artırdı.Hardasa başa düşürdüm onları.Yoldaşım isə…ipə-sapa yatmırdı.Sonradan eşitdim ki…kənarda…
-Aman Allah!, – qız çaşbaş qaldı, – bu necə olur?
-Olanda olur, – həkim gülümsədi, – biz qadınların çiyninə çox ağır yüklər düşür.Kişilər…kişilərə nə var ki….bu gün bu, sabah o…ardında isə sınıb çilik-çilik olmuş qadın taleyi, qadın ürəyi.Onlar öz problemlərini çox rahat həll edirlər.Bizlərsə…
-Ailəniz bu səbədən dağıldımı?
-Ayrılığa mən özüm qərar verdim.Eşitdiklərimdən sonra onunla birlikdə yaşaya bilməzdim.Bu, mənə daha ağır dərd olardı.O, özgəsi deyildi, doğma xalamın oğlu idi.Təbii ki, ailələr buna qarşı çıxırdılar, hər vasitə ilə mane olmağa çalışırdılar.Amma mən…mən qərarımda qəti idim.Həyatda hər şeyi bağışlamaq olar məncə…xəyanəti yox.
-Aman Allah!, – Sona çaşbaş qaldı, – ağlıma belə gətirməzdim ki…
-Hə, çox vaxt ağlımıza gəlməyənlər başımıza gəlir, – Əfruz kinayə ilə gülümsədi, – tale tək səni silkələməyib əzizim, – bir anlığa qızın dərdini təzələməkdən ehtiyatlanıb onu qucaqladı, – ruhdan düşmək olmaz.Həyat insana bir dəfə verilir.Ağrı-acısı ilə bərabər yenə də şirindir!
-Elədir, – Sona gülümsəyib ona qısıldı.İndi Əfruz ona ən əziz, doğma insan təəssüratı bağışlayırdı.
Klinikaya qayıdıb yenidən işlərinə davam etdilər.Günün sonunda mehriban rəfiqələrtək görüşüb,hərə öz evinə yollandı.
Sona əvvəlkitək özünü tənha sanmırdı.İndi həyatında yenicə doğmalaşdığı Əfruz, bir də…Tahir vardı.Əsəbi, gərgin,ötkəm…lakin bütün bunların içində həm də…
Divana əyləşdi.Gözü divardakı şəklə sataşdı.
“Bilirəm qızım, – qulağına sanki anasının səsi gəldi,- mənsiz çox xiffət edirsən.Neyləmək olar?Taleyimiz belə gətirdi.Amma sən ruhdan düşmə mənim balam.Hər şey yaxşı olacaq.Yaşamağa davam et.İnsanlarla ünsiyyətdən qaçma, əksinə,onlara yaxınlaşmağa çalış.Həyatın nəbzini tutduqca, yaşamaq həvəsin artacaq.Dünya gözlərində gözəlləşəcək.Tahirdən incimə…Onu anlamağa çalış”.
“ Ehh…ana, ana…bilsən sənə nə qədər ehtiyacım var, – düşündü,- tənha gecələrimin tək sirdaşı anam…”, -gözləri doldu, – Tahiri mənim qədər anlayan ola bilərmi?”.
Yerindən qalxıb otaqda gəzişdi.
-Məncə…məni bu insana bağlayan təkcə dərd ortaqlığı deyil…, – özündən biixtiyar telefona tərəf baxdı, – indi onun telefon zəngləri məni həyata bağlayan ən etibarlı,ən möhkəm tellərdir..Mən bu insana özüm qədər inanıb etibar edirəm.
Qəfil zəng onu xəyallardan ayırdı:
-Alo!
-Sona!, – Tahirin həyəcanlı səsi eşidildi, – Sona! Anamın vəziyyəti yaxşı deyil!
-Nə olub?, – qız özünü itirdi, – aydın danış.
-Yenə təzyiqi…Ufff…təcili yardıma zəng vurmuşam, indilərdə gələcək.
-Darıxma, – Sona özünü topladı, – ünvanı de, taksi ilə mən də gələcəyəm.Özünü ələ al, həyəcanlanma.
Tahir tələsik ünvanı söylədi.Sona siyirməni açıb oradan bir neçə şprits və dərman preparatları götürdü.Tələsik geyinib pillələri sürətlə aşağı düşdü.Qarşıdan gələn taksini saxlayıb ünvanı dedi.
Çox keçmədi ki, mənzil başına yetişdi.


ARDI VAR.



Govher Rustamova
www.kafiye.net