XƏYALLARIN ƏSİRİ.(povest) 7.

Tahirin təkidinə baxmayaraq, Sona evə özü getdi.Hətta onu metroya qədər ötürməsinə də razı olmadı.Günün hadisələri onu çox yormuşdu.Tez bir zamanda evə çatıb dincəlmək, gözləmədiyi xəbərləri fikrində yaxşıca götür-qoy etmək istəyirdi.İlk dəfə idi ki, evindəki sükuta bu qədər ehtiyac duyurdu.
Əl-üzünü yuyub birbaşa yataq otağına keçdi.Yastığı qucaqlayıb gözlərini yumdu.Xəyalında…özü də istəmədən Tahirin siması canlandı.Əsəbi danışığı, ötkəmliyi,dalğın baxışları,ətrafı bürüyən siqaret tüstüsü…Və…bir gecədə ən əziz, doğma insanların itkisi…qalanların isə…alt-üst olmuş həyatı…”Bu necə olur?, – düşündü, – hər iki tərəfdən naümid qalmış insanları tale niyə görüşdürür? Yaralarını niyə təzələyir?Dərd ortağı olduqlarına görəmi?Bir-birini daha yaxşı anlayacaqlarına görəmi?…Bəlkə də…elə bu səbəbdən,bir-birinə həyan ola biləcəklərinə görə?Kim bilir.Adətən belə hadisələr römanlarda, hekayələrdə, filmlərdə olurdu.İndi isə…Gerçək həyat indi ona qorxulu nağıl təsiri bağışlayırdı.Yeganə fərq bu nağılın məchul sonluğu idi.
Telefonun qəfil zənginə diksinib gözlərini açdı.Hər tərəf zülmət idi.Bir anlığa özünü itİrdi, günün hansı vaxtı olduğunu dərk etməyə çalışdı.Cəld işiğı yandırıb saata baxdı.Gözlərinə inanmadı.Bu saata qədər yatdığına təəccübləndi.Telefon isə…susmaq bilmirdi.
Dəstəyi qaldırdı.
-Alo!
-Sona!, – Tahirin səsi eşidildi, – necəsən Sona?Bağışla məni.İnan ki, belə olacağını heç düşünmürdüm.Səninlə ilk görüşümüzü tamam fərqli şəkildə təsəvvür etsəm də, bunun əksi oldu.Çox peşimanam , inan mənə.Özümlə bacarmıram.Tərki-dünya insanların başqa həyatı yoxdur yəqin…Sənə acılar yaşatdım Sona.Bacarırsansa…bağışla məni.
-Tahir, – Sona bir qədər boğuq səslə dilləndi, – səni yaxşı anlayıram.
-Məni anlaya bilməzsən!, – Tahir onun sözünü kəsdi, – istəsən də anlaya bilməzsən!
-Səni mənim qədər heç kəs anlamayacaq!, – qız da qətiyyətlə cavab verdi, – heç kəs!
Araya sükut çökdü.Qızın son sözləri Tahiri möhkəm silkələdi sanki.Axı o, Sona barəsində heç nə bilmirdi.Onun da sağalmaz yarası vardımı? “ Yoox, – özlüyündə düşündü, – geyim- keçimindən, əhvalından buna bənzəmir.Həyatından razı insana oxşayır…nə bilmək olar…”.
-Tahir, – Sona sakitliyi pozdu, – danışığımızı unutmamısan yəqin ki.Sabah səhər sizi həmin klinikanın qarşısında gözləyəcəyəm.
-Demək belə, – Tahirin səsi dəyişdi, – bizim evdə qərarları mən verirəm.Bizim klinikaya gəlişimiz bir həftə sonraya qalacaq.Anamın müalicəsi evdə davam edir.
-Tahir, sən söz verdin.
-Söz verdim, əməl edəcəyəm, amma sabah yox.Dediyim gündə.
-Yaxşı, – Sona mübahisə etmək istəmədi, özün bilən məsləhətdir.Bir neçə gün əvvəl xəbər versən yaxşı olar.
-Bu, nəyi dəyişəcək?
-Heç nəyi.Sadəcə yanınızda olmaq istədim.
-Nə deyirəm, buna yalnız sevinmək olar, – Tahirin səsi mülayimləşdi. Məni düzgün başa düş Sona, həqiqətən də heç kimlə ürək söhbəti etmirəm.Əslində …səninlə də…amma səni görəndə sanki bir doğmalıq hiss etdim.O qədər mehriban, əziz göründün ki…illərlə içimdə qalaqlanmış hisslərim, sarsıntılarım özümdən asılı olmadan püskürməyə başladı, – sözünə ara verdi, – sənsə bunu başqa cür anladın.Həyatım boyu bir kimsənin qarşısında boyun əyməmişəm.Heç kimdən imdad diləməmişəm..Polad iradəm məni sınmağa qoymayıb.Həyat qəddimi əyməyə çalışsa da, sındıra bilməyib.
-Tahir, – Sona astadan dilləndi, – mən sənə maddi yardım təklif etmirəm.Bunu nə sənə, nə də özümə heç yaraşdırmıram da.Sadəcə…mənəvi dayaq olmaq istədim.
-Çox sağ ol Sona, sən çox ləyaqətli insansan.Amma unutma ki, mən də kişiyəm.Öz çətinliklərini özü dəf etməyə qadir bir kişi!Sənin alicənablığın qarşısında isə baş əyirəm.
Sona söhbəti uzatmaq istəmədi.Bəlkə vəziyyəti lazımınca təhlil etmək üçün onlara həqiqətən də zaman lazım idi.
-Sona, mənə özün haqqında danış, – Tahir dilləndi, – axı mən səni heç tanımıram.
-Özüm haqda…, – qız duruxdu.Əslində mənim də elə bir zəngin həyat hekayəm yoxdur…amma zamanı yetişəndə hər şeyi biləcəksən.Söz verirəm.
-Mənə hər şey maraqlıdır.Səninlə bağlı hər şey.Səni başqalarından fərqləndirən səbəb də …maraqlıdır mənə.
-Bütün bunlar üçün zaman lazımdır.İndi mən buna hazır deyiləm.
-Yaxşı, – Tahir təkid etmədi, – səni yormayım.Sabaha qədər.
-Sabaha qədər.
Sona dəstəyi asıb, könülsüz mətbəxə keçdi.Yüngül şam yeməyi yeyib azca rahatladı.
“Bəlkə də belə yaxşıdır, – düşündü, – sabah Əfruz xanımla da danışaram.O, həqiqətən də klinikanın ən savadlı, bacarıqlı həkimlərindəndir, – yəqin ki, köməyini əsirgəməz.”.
Sona illərlə Əfruzla bir otaqda işləsə də, aralarındakı münasibət sırf işçi münasibəti idi.Buna hətta yoldaşlıq münasibəti də demək olmazdı.Aralarındakı yaş fərqi çox olmasa da, Əfruz onula yaxın münasibət qurmağa çalışmırdı.Quru, bir qədər də təkəbbürlü görünüşü Sonada da ikrah hissi oyadırdı.Lakin savadına şübhə yox idi.
Səhər klinikada həmişəkindən fərqli olaraq, xəstələrin sayı çox deyildi.Sona Əfruzla söhbət etməyə münasib vaxt gözləyirdi.Əfruz da sanki bunu hiss etmişdi.Eynəyinin altından arabir ona baxır, yenidən işi ilə məşğul olurdu.Laborator müayinələrin cavablarını gözdən keçirsə də, fikri Sona idi.
-Sona, – nəhayət ki, həkim dilləndi, – sözlü adama oxşayırsan.Yoxsa mənə elə gəlir?
-M…, – Sona əlindəki kağızları kənara qoydu, – nə deyim…yox, doğru hiss etmisiniz.Həqiqətən də sizə deyiləsi sözüm var.Amma…haradan başlayacağımı özüm də bilmirəm, – gülümsədi, – yəqin ki, özünüz də mənə yardımçı olarsınız.
-Eləmi?, – Əfruz da gülümsədi, – nə deyirəm, olsun, – nə isə fikirləşdi, – bilirsən, bir təklifim var.Gəl bugünkü naharımızı yaxınlıqdakı kafedə edək.Necə bilirsən? Məncə pis olmaz.İllərdir bir yerdə işləyirik, amma bir- birimizi tanımağa, söhbətləşməyə zaman da tapmırıq.
-Çox gözəl təklifdir!, – Sonanın gözləri güldü, – Məncə də yaxşı olar.Danışdıq! Nahara birlikdə gedəcəyik!.
Fasiləyə qədər xəstələrlə məşğul olan Əfruz və Sona nahar etmək üçün kafeyə yollandılar.Münasib yer tapıb əyləşdilər.Sifarişləri hazır olanadək söhbət etməyə başladılar.Sona həqiqətən də əsl mətləb üstünə necə gələcəyini bilmirdi.Bunu Əfruz da hiss edirdi.Nəhayət:
-Sona, – dedi, – biz yaxın rəfiqələr olmasaq da…mən səni dinləməyə hazıram.Mənimlə tam səmimi söhbət edə bilərsən.
Sona ürəkləndi.Hər şeyi olduğu kimi həkimə danışmağa qərar verdi.
Əfruz onu dinlədikcə qaşları çatılır, üzünün ifadəsi dəyişirdi.Həyəcanını gizlədərək, qızın sözünü kəsməməyə çalışırdı.


ARDI VAR.

Govher Rustamova
www.kafiye.net