İNSAN İÇİNDƏKİ ÖZÜ QƏDƏRDİ

İnsanı artırmaz şöhrəti, şanı,
Böyütməz nə pulu, saxtakar sanı,
Dilə ki, saf olsun əxlaqı, qanı,
İnsan içindəki özü qədərdi.

Nə olsun şümaldı boyu, qaməti,
Əyilir sərvətə , yox dəyanəti,
Birinin qəlbində gecə zülməti,
Birinin içində nurlu səhərdi.

Azacıq danışdır, dinlə, qulaq as,
Agah ol nəyi var kamaldan bir az.
Bülbül tək ötdükcə, etdikcə avaz,
Duyarsan dayazdı…bura qədərdi.

Ya da dərrakədə lap birincidi,
Dodaqdan tökülən dürdü, incidi,
Qəlblərin məlhəmi, həm sevincidi,
Anlarsan, dühadı, canlı əsərdi.

Təklikdə oturub , qəşş edib gülsən,
Danəndə saymazlar, deməzlər əhsən,
Təvəkkül yenə də agah ol ki, sən,
İnsan içindəki özü qədərdi!

Təvəkkül Goruslu. 04.04.2020
www.kafiye.net