XƏYALLARIN ƏSİRİ.(povest) 6



-Bağışla Sona, – sanki birdən yuxudan ayıldı, – mən ilk görüşümüzü belə təsəvvür etmirdim.Nədəsə…səni gördüm dərdim təzələndi.Bağışla məni.
-Eyb etməz , – Sona yerində səndirlədi, sözünün ardını gətirə bilmədi.
Yaxınlıqdakı skamyaya oturdu.Paltosunun yaxasını açdı.Dənizdən əsən sərin mehi ciyərlərinə çəkdi.
Tahir isə öz aləmində idi.Dəmir məhəccərə söykənib qəzəblə dənizə baxırdı.Əlindəki siqaret kötüyünü suya atıb qıza tərəf çevrildi:
-Mərdəkanda böyük bağ evimiz vardı.Yay gələn kimi oraya köçürdük.Ta sentyabra kimi…Atam hərdən işdən sonra şəhərdəki evimizə baş çəkirdi.Həmin gün…, – üzünün ifadəsi dəyişdi, – həmin gün atam qardaşım Mahiri də özü ilə aparıbmış.Anam isə bağda tək qalıb, – yenidən siqaret çıxarıb yandırdı, – şəhərdəki evimizdən çıxıb kəndə gedirlərmiş.Atamın iş yerindən qəfil zəng gəlib.Nə isə qəza baş veribmiş.Atam yenidən maşını iş yerinə sürüb, – siqaretin tüstüsünü əli ilə qovdu, – qəza gec də olsa aradan qaldırılıb.Anam bağ yerində tək olduğundan atam çox həyəcanlanırmış.Bunu sonradan iş yoldaşları danışdı.O səbəbdən də …maşını çox böyük sürətlə sürürmüş…O vaxt kənd yolları indiki kimi deyildi, demək olar ki, işıqlandırılmırdı.Kələ- kötür də ki, öz yerində, – gözlərini qıyıb yenidən dənizə baxdı, – sən demə ..qarşıdan gələn maşın da sürətlə hərəkət edirmiş…İçində də ata, ana, iki azyaşlı uşaq…
-Sonra…., – Sonanın gözlərində yaş gilələndi, – sonra nə oldu?
-Sonra…, – Tahir acı-acı gülümsədi, – sonra…ağır yol qəzası baş verdi…Atamla Mahir, o biri maşının sürücüsü, iki körpə …təkcə o biri maşındakı qadın sağ qalıbmış.Onu da ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.
-Maşın nə rəngdə olub?, – Sona yanağına süzülən yaşı sildi, – qarşı tərəfdən gələni deyirəm.
-Məncə…tünd zoğalı, dəqiq bilmirəm.
-Nömrəsini də bilmirsən?
-Yox…nəyimə lazım idi ki?, – söhbətə ara verdi, – deyilənə görə onların da evində bir qız uşağı olubmuş.Biçarə…Bilirsən, – Sonaya tərəf döndü, – hərdən…ürəyimdən o qızı axtarıb tapmaq da keçib.Ən azından dərdinə şərik olmaq üçün.Amma ürək etməmişəm.Mənim ürəyim bu yükü çəkə bilmirsə, o biçarə necə dözür görəsən?
-Bu hadisə nə zaman baş verib?, – Sona özünü topladı.Ayı, ili dəqiq bilirsənmi?
-Onu unutmaq olar?O tarix…neçə insanın həyatına qəsd edib!
Tahir qəzanın tarixini söyləyəndə dünya Sonanın başına hərləndi! Aman Allah!Həmin il, həmin ay, həmin gün,həmin saat!
Bu necə olur? Qız dəhşətli yuxu görürdümü? Yox, yox…ola bilməz! Bu mümkün deyil!
-Anam uzun illər atamla qardaşımın itkisinə inanmırdı.” İndi qapı döyüləcək, gələcəklər!”, – deyirdi.Açığını deyim ki, mənim də gözüm indiyə kimi qapıdadır.
Sona yerindən qalxıb gəzişmək istədi, qalxa bilmədi.Gözləri qaralır, bədəni uçunurdu.
-Anam bu hadisədən sonra dərd üstündən dərd tapdı, – Tahir davam etdi, – həkimdən, iynələrdən, dava- dərmandan başımız ayılmır.Mən tikinti şirkətində işləyirəm, qazancım pis deyil.Hər nəyim varsa, ona qurban etməyə hazıram, təki yaşasın.Bu yaxınlarda özəl klinikaların birinə üz tutdum.Deyilənə görə oranın həkimləri daha güclüdürlər.Bir həkimin adını da verdilər mənə.Əfruz xanım, – gülümsədi, – klinika deyil, pul tələsidir!Qapıdan içəri keçəni soyub- talamaqla məşguldurlar.Düzdür….mən də bir az hövsələsizlik etdim…bunu sonradan anladım.Amma neyləyim…anam əldən gedir axı!Hərçənd ki, həkimin günahı yox idi…
-Hansı klinikadır?
Ad tanış idi.Söhbət Sonanın işlədiyi klinikadan gedirdi.
-Ananın diaqnozu nədir?, – Sona güclə özünü topladı.
-Anamın dərdi birdir ki?
-Gəl belə edək, – qız bacardığı qədər sakit görünməyə çalışdı, – sabah səhər ananı yenidən həmin klinikaya gətir.
-Yox! Bu mümkün deyil! Məni oradan mühafizə xidmətinin işçiləri vasitəsilə kənarlaşdırıblar.
-Eybi yox.Sən mən deyəni dinlə. Səhər ananı yenə oraya gətir.Söz verirsənmi?
-Xeyri yoxdur.
-Bilmək olmaz.Sən dediyimə əməl etsən, bəlkə də xeyri olar.
-Mən…o həkimin üzünə necə baxım?Həm də ki…maaşımıza hələ bir neçə gün var.
-Tahir, – Sona güclə də olsa yerindən qalxdı, – sabah saat on tamamda həmin klinikanın qarşısında olun, yaxşımı?
-Yaxşı, – Tahir tərəddüdlə də olsa, razılaşdı, – amma…
-“Amma”sız.Anaya yardım lazımdırsa, olunmalıdır, – üzünə kədər çökdü, – öz anama yardım edə bilmədim….heç olmasa…
-Yox, mən buna razı olmaram!, – Tahir yenidən etiraz etdi, – sən məni düz anlamadın.Mən sədəqə istəmirəm!
-Bu, sədəqə deyil!, – Sona onun qəmli gözlərinə baxdı, – bu bir insanlıq borcudur!
-İnsanlıq!, – Tahir üzünü kənara çevirdi.
-Nə isə…, – Sona saatına baxdı, – söz ver ki, sabah səhər deyilən vaxtda həmin klinikaya gələcəksən.

Söz!, – Tahir könülsüz razılaşdı, – bilmirəm heç…bunları sənə niyə danışırdım axı…, – əlini əsəbiliklə cod saçlarına çəkdi.
-Yaxşı ki, danışdın, – Sona astadan cavab verdi.Bu söhbət bundan sonra bəlkə də nələrisə dəyişə bilər.
-Nələri dəyişəcək?, – Tahir köks ötürdü, – olan olub, keçən keçib…Bağışla məni Sona.Sənə istəmədiyim halda kədərli anlar yaşatdım.Bağışla məni. Bir də təkrar olunmaz, söz verirəm.Bundan belə əhvalını poza biləcək heç nəyə yol verməyəcəyəm.


ARDI VAR.


Govher Rustamova
www.kafiye.net