XƏYALLARIN ƏSİRİ.(povest) 5



Cümə günü işdən çıxıb üst geyimləri satılan mağazaya üz tutdu.Bir- birindən gözəl,rəngarəng , dəbli paltoları maraqla gözdən keçirdi.Qara paltolardan biri diqqətini cəlb etdi.Satıcı qız onun niyyətini anlayıb gülümsədi:
-Gənc , gözəl xanımsınız , – dedi, – bəlkə başqa bir rəngdə nəyəsə baxasınız?Modellərimiz çoxdur.Ehtiyac varsa, kömək edə bilərəm.
-H…hə, mümkünsə…edin.
-Baxın bunlar son modellərdir, – deyib satıcı qız ön cərgədəki bütün paltoları bir- bir asılqandan çıxardı, – buyurun geyinin, rənginizə və yaşınıza uyğun gələnini seçək.
Sona təklif olunan paltoları bir- bir geyinir,güzgünün qarşısında gülümsəyərək özünə baxırdı.Qəribədir, bu illərdə o heç zaman əlvan, xoş rəngli geyim almamışdı.Sanki boz və qara rənglərdən savayı başqa bir rəng tanımırdı.
Nəhayət son dəbə uyğun, xoş rəngli bir paltonu ürəklə seçdi.Bu geyim ona həqiqətən də çox fərqli bir görkəm verirdi.
Evə dönərkən yaxınlıqdakı gözəllik salonuna da baş çəkməyi qərara aldı.Oradakı qızlardan da müxtəlif məsləhətlər alıb, bazar günü səhər saçlarını qaydaya salmağı qərarlaşdırdı.
Özündəki ruh yüksəkliyi, qeyri- adi əhval-ruhiyyə həyat eşqini anbaan artırırdı.Qız səbəbini özü də anlamadan həyata başqa tərəfdən baxmağa başlamışdı.Az əvvəl mənasız yaşadığı həyat indi onu hansısa tellərlə özünə bağlayırdı, yaşamaq həvəsini artırırdı.İndi külək də mülayim idi, buludlar da gülümsəyirdi, quşlar da başqa cür ötürdü…
Axşamlar yenə telefonu zəng çalırdı.Yenə Tahirin səsi ürəyini yerindən qoparırdı.Yenə xoş hisslərlə yuxuya gedir, səhər gümrah halda yuxudan oyanırdı.
Bazar günü yetişdi.Sona çox həyəcanlı idi.Bu yaşına qədər bir dəfə də olsun bir insanla görüşə getməyən, kəlmə kəsməyən qız indi tanımadığı, bilmədiyi biri ilə …Özü də yaşının bu çağında…
Saata baxdı.Gözəllik salonuna yazıldığı vaxt yetişirdi, getmək lazım idi.
Salonda onu çox gözlətmədilər.Bir neçə saatın ərzində onu əsl xanım kimi bəzəyib- düzədilər.Əvvəlki görkəmindən iz- soraq da qalmadı.İndi o, tamam fərqli bir xanım idi.
Vaxt yetişirdi.Evə dönüb hazırlaşmaq lazım idi.Ürəyi həyəcanla vururdu.Özü – özünə bir həqiqəti də etiraf etməkdən çəkinirdi;bəli, o, Tahirdə xoş təəssürat yaratmaq istəyirdi.O ecazkar,qətiyyətli səsin sahibini özünə cəlb etmək istəyirdi.Ona bağlandığı gözögörünməz tellərlə onu da özünə bağlamaq keçirdi könlündən…
Saat bir.Metrodan çıxıb ətrafa göz gəzdirdi.İnsanlar həmişəki tələskənliklə metronun girişinə və çıxışına doğru axışırdı.Diqqəti cəlb edəcək heç bir şey yox idi.Həyat öz axarında idi.
Bir qədər uzağa göz gəzdirdi.İrigövdəli bir ağacın altında hündürboy, enlikürək, yaraşıqlı bir kişi əlində gözəl bir gül dəstəsi var –gəl edir, ətrafa boylanırdı.
Sonanın gözləri güldü.Zənnində yanılmamışdı.Hə, yəqin ki…yox, dəqiq bu, o idi! Bu, Tahir idi!.
Addımlarını yeyinlətdi.Qarşıdan gələn minik avtomobillərinə də məhəl qoymadan yolu tez- tələsik keçdi.Gülümsəyərək həmin ağaca tərəf addımlamağa başladı.
Birdən çaşıb qaldı.Yaraşıqlı kişi qəflətən əks istiqamətə çevrilərək sevinclə yeridi, ona yaxınlaşan xanımla nəvazişlə görüşüb əlindəki gül dəstəsini ona verdi.Qadın da çox məmnun görünürdü.Çiçək dəstəsini gülümsəyərək qəbul edib, məhəbbətlə köksünə sıxdı.Çox keçmədi ki, birlikdə oradan uzaqlaşdılar…
Sona düşüdüyü vəziyyətdən az da olsa narahatlıq hissi keçirdi.Xəyalının bu dəfəki həmləsi də ona kiçik bir məyusluq yaşatdı.Özünü tolpayıb yenidən ətrafına baxdı.Diqqətini cəlb edəcək bir şey yox idi.
Telefonuna zəng gəldi.Cəld telefonu açdı:
-Alo!.
-Sona.Mən burdayam Sona.
-Harda?-, qız tələsik soruşdu.
-Sənin yaxınlığında.Düz bir saatdır ki, burada dayanıb səni gözləyirəm.Sənsə…məni heç…
-Hardasan axı?, – qız səbrsizləndi.
-Dedim ki, yaxınlığında.
Sona heç kimə, heç nəyə məhəl qoymadan ətrafına baxdı.Yaxınlığında nə geyimli-keçimli,yaraşıqlı kişi vardı, nə də gül dəstəsi.
-Yəqin ki…məni kiminləsə səhv salırsan. Burada heç kim yoxdur.
-Heç nəyi səhv salmıram, – kişi acı gülümsədi, – mən səni görən kimi tanıdım.Bildim ki, Sona budur.Əsl sona.
-E…gəl tapmaca tapmayaq, -qız bir qədər ötkəm cavab verdi, – ya özünü tanıt, ya da…
-Yaxşı, yaxşı, – kişi yenidən güldü, – hirslənmə.Dedim axı, yaxınlığındayam.Sağa bax, hə… yaşıl skamyada oturan mənəm.
Qızın qaşları çatıldı.Bayaqdan arxası ona tərəf oturmuş, parkın bağbanı zənn etdiyi kişi gülümsəyərək ona tərəf gəlirdi.
Yaxınlaşdıqca da…kimisə xatırladırdı.Hə…bu, o idi.
Qızın boğazı qurudu.Tərəddüdlə qarşıdan gələn kişiyə baxdı.Yox, yanılmamışdı, bu, həqiqətən də o idi!Bir neçə gün əvvəl klinikadan hay- küy qaldırıb Əfruzun qanını qaraldan həmin kişi.
-Hə, xoş gördük Sona.
“Aman Allah! Həmin səsdir!”, – qız ani olaraq fikrindən keçirdi.
-Bu da mən, Tahir.Hər şey gözlədiyim kimi, Sona əsl sona imiş.Gözəl, yaraşıqlı…
-E…, – qız nə deyəcəyini bilmədi, – lap yaxşı Tahir.Artıq tanış olduq.” Hə, bu odur…həmin səliqəsiz , yaxasıaçıq gödəkçə, həmin köynək…həmin çəkmələr…”, – bilirsiniz…e, bilirsən…
-Bilirəm, – Tahir sınayıcı nəzərlə ona baxdı, – mənimlə bir stəkan çay içməyə etiraz etməyəcəksən.
-Mmmm,nə deyim vallah, – Sona düşdüyü anlaşılmaz vəziyyətdən çıxmaq üçün yollar axtarır, buraya gəldiyinə görə özünə möhkəm acığı tuturdu.
-Burada yaxınlıqda rahat bir yerdə əyləşib söhbət edə bilərikmi?
-Məncə…məncə…elə burda da …
-Olar.Mübahisə etmirəm.Elə isə, gəl dənizkənarı bulvar tərəfə gedək.Həm söhbət edib yaxından tanış olarıq, həm də təmiz hava udarıq.
Əslində Sonanın onunla yanaşı getmək, nə barədəsə söhbət etmək arzusu yox idi.Bu insan onun üçün ümumiyyətlə maraqlı deyildi.Nə etməli? Xəyalında yaşatdığı obrazın tam əksi olan biri ilə nə danışacaqdı?Yenə xəyal qırıqlığı…Yenə xəyal…
-Sona, – Tahir dilləndi, – gəl daha yaxından tanış olaq.Adımı bilirsən, – gülümsədi.Otuz beş yaşım var.Ailəli deyiləm, elə bir fikrim də olmayıb.
“ Otuz beş?, – qız çaşbaş qaldı, – ola bilməz!
-Anamla bir yerdə yaşayıram, bunu da bilirsən.Ciddi xəstəliyindən də xəbərin var.
-Hə, bilirəm.
Bulvarın girişinə çatdılar.Günorta saatları olduğundan demək olar ki, kimsə gözə dəymirdi.
-Mənim həyatımın qəribə tarixçəsi var, – Tahir sözünə davam etdi, – amma səni yükləmək istəmirəm.
-Anlayıram.
-Sən xoşbəxt bir həyat sürmüş insansan yəqin ki…məni anlamazsan.Amma neyləmək olar, həyat həmişə, hamının üzünə gülmür.
Sona eşitdiklərinə etiraz edib, “ Yox, mən həyatın amansız sınaqlarına tuş gəlmiş biriyəm” demək istəsə də…fikrindən döndü, heç bir cavab vermədi.
Sahil boyu yanaşı addımlamağa başladılar.Heç biri danışmırdı.Arabir başlarını qaldırıb qayğısız uçuşan qağayılara baxırdılar.
Sona indi yalnız bir şey barədə düşünürdü…Tez evə dönüb özü ilə tənha qalmaq, xəyalları ilə çarpışmaq,olanları bir daha xatırlamamaq.
-Mən həyat hekayəmi heç kimə danışmıram, Sona, – Tahir sükutu pozdu, – amma…daxilimdə səninlə bölüşmək istəyim var…bir dost kimi, doğma insan kimi…bilmirəm, bu hisslər hardandır, deyə bilmərəm, amma bu belədir.Məncə, insanın həyatda ürək qızdırdığı kimsəsi olmalıdır.Yoxsa…yoxsa həyat mənasını itirər, eynən mənim üçün itmiş kimi…
-Mənim də anam xəstə yatan zamanlarda eynən belə hisslər keçirirdim, – Sona ona təskinlik verməyə çalışdı.
-Təbii ki, – Tahir razılaşdı, – amma anamı da düçar edən səbəblər var ki…onlarla barışmıram, – əsəbi halda siqaret çıxarıb yandırdı, – kimsəyə zərrə qədər də olsa, pisliyimiz dəyməmişdi.Lakin…
-Sakit ol, – Sona onun titrəyən əllərinə baxdı.” Əslində heç bizim də kimsə ilə işimiz yox idi”, – demək istədi.
-Mən hərbi qulluğumu başa vurub evə qayıdırdım, – ahir söhbətə başladı, -Sevincimdən yerə- göyə sığmırdım.Ata-anamı, – udqundu, – kiçik qardaşımı bağrıma basıb öpəcəyim günü səbrsizliklə gözləyirdim, – acı güldü, – günləri sayırdım.
-Sonra nə oldu ki?

-Təxliyyə olundum.Evdəkilərdən qayıdacağım günü qəsdən gizlədirdim…hədiyyə etmək istəyirdim onlara, – Tahirin dodaqları əsdi, – taleyin hədiyyəsi isə…çox amansız oldu.Sevincək məhəlləmizə daxil olanda təəccübdən donub qaldım.Qapımızın ağzında iri bir mağar qurulmuşdu.İnsan əlindən iynə atsan yerə düşməzdi…Ürəyimi qorxu hissi bürüdü.Daxilimdən nəsə xoşagəlməz bir dalğa keçdi.Nə edəcəyimi bilmədim.Özümü ələ alıb qonşumuz Salman kişiyə yaxınlaşdım. Məni görcək…bağrına basıb hönkür-hönkür ağladı, “keç bala, evə keç “, – dedi.Ayaqlarım sanki odun parçası idi.Nə qədər çalışırdımsa, yeriyə bilmirdim.Yay günü olduğundan pəncərələr açıq idi. Anamın ah- naləsi bütün məhəlləni başına almışdı, – dönüb Sonaya baxdı.
Qızın rəngi sapsarı saralmışdı, bayaqkı adam deyildi.Məlul-məlul onun üzünə baxırdı.Göz yaşlarını saxlamaqdan ötrü dodaqlarını çeynəyir, yumruğunu sıxırdı.



ARDI VAR.


Govher Rustamova
www.kafiye.net