XƏYALLARIN ƏSİRİ.(povest) 4



Vücudundan gizli bir üşütmə keçdi.Yenidən şala bürünüb divana əyləşdi.Dizlərini qucaqladı.”Bax, insana yaxınları, doğmaları belə bir məqamda lazım olur, – düşündü, – beləcə bir küncə çəkilib tənha qalanda ən adi sualların qarşıında belə aciz olursan.”, – başını dizinə söykədi.
Hamı kimi adi ailəsi vardı.Atası Eldar zavodda çilingər işləyir, anası Zibeydə dərzilik edirdi..Pis dolanmırdılar.Bacısı da vardı, qardaşı da…Və…ağlına da gəlməzdi ki,taleyində illər sonra bax beləcə tək- tənha yaşamaq qədər acı bir pay var.Həyat onları amansız sınağa çəkmişdi.
Gecəsini- gündüzünə qatan Eldar Bakıətrafı kəndlərin birində bağ evi almışdı.Yayın cırhacırına tabı olmadığından ən böyük arzusu ailəsini bağ evinə köçürmək idi.Demək olar ki, hər şey hazır idi, bəzi xırda- para işlər qalmışdı.Zibeydə də, qızları da köçmək üçün hazırlıq görürdülər.
Sona Ali məktəbin qəbul imtahanlarına hazırlaşdığından günün çox hissəsini otağında keçirirdi. Var qüvvəsi ilə çalışırdı.Həkim olmaq istəyirdi.
Axşamdan qərara alınmışdı ki,səhər köçlə bərabər Zibeydə və uşaqları da bağa getsinlər.Avadanlıqları yerbəyer edib, evi sahmana salsınlar. Qəbul imtahanları yaxınlaşdığından Sonanı bu işdən azad etmişdilər.Zibeydə:
-Qoy öyrəndiklərini yaxşı-yaxşı təkrarlasın, – demişdi, – imtahana az qalıb, ona dinclik, sakitlik lazımdır.
Bu təklif Sonanın da ürəyindən olmuşdu.Ailəni yola saldıqdan sonra yenidən dəftər- kitaba qurşanıb, öyrəndiklərini dönə-dönə təkrarlayırdı.
Günün ikinci yarısından sonra Eldar da işdən icazə alıb bağa yollanmışdı.Bağ evini tam qaydaya saldıqdan sonra, axşam şəhər evinə dönəcək, həftənin sonu isə hamılıqla oraya köçəcəkdilər.
Anasının hazırlayıb qoyduğu nahar yeməyini yeyib yenidən dərslərinə başı qarışan Sona havanın necə qaraldığını belə hiss etməmişdi.Qız yorğunluğunu dəf etmək üçün qonaq otağına keçib televizoru yandırdı.Bir qab meyvə yuyub masanın üzərinə qoydu.Divanda yerini rahatlayıb sərin meyvələrdən yeməyə başladı.Birdən gözü saata sataşdı. Qaşları çatıldı.Artıq gec idi…” Bəs…bəs bunlardan nə əcəb?, – düşündü, – məni tək qoyub bu vaxta qalmazdılar…”.Tələsik atasının əl telefonuna zəng vurdu.Cavab gəlmədi.Həyəcanla anasının nömrəsini yığdı, cavab verən olmadı.
Yerindən qalxıb otaqda gəzişdi.Eyvana çıxıb yola baxdı.Sakitlik idi.Sükut onu birdən- birə darıxdırmağa başladı, hətta vahimələndirdi də…Qız sanki nə isə xoşagəlməz bir hadisə ilə üzləşəcəyinin qorxusunu yaşayırdı.Ürəyi çox narahat idi.Hərdən də özünə təsəlli üçün” Bağ yeridir, yəqin ki, iş çoxdur, başları qarışıb, indilərdə gələrlər”,- desə də, daxilində başqa hiss vardı.Ata-anasının xasiyyətinə yaxşı bələd olduğundan bilirdi ki, onlar qızlarını gecənin bu saatında tək- tənha qoymazdılar…Nə olmuşdu bəs?Telefonlar niyə susurdu?Gün ərzində onunla niyə əlaqə saxlamamışdılar?…Getdikcə suallar da, həyəcan da artırdı.Nə edəydi? Gecənin bu vaxtı haraya, kimə üz tutaydı?.
Yenidən pəncərədən boylanıb yola baxdı.Əlində imkan olsaydı, o səssiz- səmirsiz yola “ Nə olar, ata- anamı, bacı- qardaşımı sağ-salamat evimizə yetir”, – deyərdi.Yolun da sükutunda bir hüzn vardı…
Otağa keçdi.Televizorun səsini artırıb başını qatmağa çalışdı.Lakin…telefonuna gələn qəfil zəng …hər şeyi alt- üst etdi.Aldığı xəbər bütün vücudunu silkələdi.Yox…ola bilməzdi, bu ola bilməzdi…Gözləri televiziya ekranına sataşdı.Orada da eyni xəbər verilirdi;şəhər istiqamətində irəliləyən minik maşını ağır yol qəzası keçirmiş, sürücü və iki azyaşlı uşaq dünyasını dəyişmış, sürücünün həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Sonanın həmin gecə yaşadıqları həyatı boyu yadından çıxmayacaq.Göz qırpımında məhv olmuş ailəsinin yerini heç nə doldurmayacaq.Həmin gün onun həyatına çalın-çarpaz qalın qara xətt çəkildi.
Anası uzun müalicədən sonra həyata qayıtsa da, bir- birinin ardından sağalmaz dərdlərə düçar oldu.
Bir neçə il sonra anasının təkidi ilə yenidən Ali məktəbə sənəd verən Sona müsabiqədən keçə bilmədi.Lakin inadında
qəti idi. Tibbi savad almalı, anasını ölümün pəncəsindən xilas etməli idi.Bütün sarsıntılara və çətinliklərə baxmadan bu istəyinin ardınca əzmlə gedirdi. Nəhayət Tibb texnikumuna daxil oldu.Var qüvvəsi ilə həm oxuyur, həm də anasının qulluğunda dururdu.
Yaxın qohumlarının köməyi ilə xəstəxanaların birinə işə də düzəlmişdi.Biliyi, bacarığı ilə qısa müddətdə hamının hörmətini qazanan bu qız öz şəxsi həyatını isə tamam unutmuşdu.Həyat onun üçün yalnız işindən və anasından ibarət idi.Bu, Zibeydəni çox narahat edirdi. Ömrünün az qaldığını dərk etdiyindən qızının halına acıyırdı.Onun taleyinə heyfsilənirdi.
Sona isə dediyindən dönmürdü.Onun özünə məxsus aləmi , öz xəyal dünyası vardı.Oraya heç kim daxil ola bilməzdi.Beləcə…xəyalların ağuşunda əsirə çevrilmişdi Sona ; xəyallarının əsirinə.
İndi nə baş verirdi bəs? Təsadüfi bir zəng ona nə vəd edirdi?Bu insan hardan çıxmışdı rastına?Niyə səsinin sehrinə salmışdı onu?Və…onu öz xəyal dünyasından ayırmağa necə müvəffəq olurdu?Fikrinə, düşüncələrinə necə hakim kəsilirdi?
“İki gün qalıb”, – özlüyündə təkrar etdi.Bu görüş nəyi dəyişəcəkdi görəsən?.
Fikirlər onu yorurdu.İşığı söndürüb çarpayısına uzandı.Çox keçmədi ki, yuxuya getdi.



ARDI VAR.



Gövher Rustemova
www.kafiye.net