Xəyalların əsiri.(povest) 3



Sona sanki yuxudaydı.Öz davranışına özü də məəttəl qalmışdı.
Dəstəyi asıb yenidən divana əyləşdi. Özünə sualları çox idi.Heç birinə də doğru- dürüst cavab tapa bilmirdi.
Gecəni həmişəkindən fərqli olaraq rahat yatdı, hətta səhər zəngli saatın səsinə oyanmaq da istəmədi.Yaxşı əhval- ruhiyyədə özünə çay dəmlədi, iştahla səhər yeməyini yeyib evdən çıxdı.
Klinikada yenə qızğın iş günü idi.Xəstələrin sayı çox olsa da, həkimlər də, tibb bacıları da səbrlə, təmkinlə onların hər birini qəbul edib dinləyir, müayinə edir,lazımi müalicələri təyin edirdilər.
Günün ikinci yarısı idi.Otağın qapısı qəflətən taybatay açıldı.Dəhlizdəki xəstələrin ciddi etirazına baxmayaraq, içəri hirsindən gözü hədəqəsindən çıxmış , üst- başı səliqəsiz,siqaret qoxan bir kişi daxil oldu.Düz Əfruz xanıma tərəf irəliləyərək əl- qolunu ölçməyə başladı:
-Siz burda nə işlə məşğulsuz?, – əsəbindən dodağını çeynədi, – buranın bir yiyəsi- sahibi var, ya yox?
-Sakit olun, vətəndaş, – Əfruz təmkinini pozmadı, – bura ciddi klinikadır.Özünüzü ələ alın və növbənizi gözləyin.
-Növbənizi gözləyin!, – kişi həkimi yamsıladı, – elə ancaq onu bilirsiniz!, – dil- dodağı əsdi, – sizin klinikada hava udmaq da pulludur.Qapıdan içəri keçəni anadan olmağına peşiman edirsiz!Qiymətləriniz…
-Sakit olun, – Əfruz qaşlarını çatdı, – qiymətləri biz müəyyən etmirik.İşimiz müalicə etməkdən ibarətdir.. Sizi narahat edən suallarla müdiriyyət məşğul olur. Xahiş edirəm, vaxtımızı almayın, xəstələrimiz çoxdur.
-Xəstələriniz çoxdur?, – kişi kükrədi, – biz kimik bəs?Bura sağlam adam gəlsə, vərəmləyib çıxar!Üzünü hara tutursansa, qiymət…qiymət…bəs o pulu olmayan neyləsin, hə? Sizdən soruşuram!Yıxılıb ölsün?Xəstəni adam yerinə qoymursunuz!Yalnız öz mənfəətinizi düşünürsünüz!İnsanların taleyi maraqlı deyil sizə!
-Həkim hər yerdə həkimdir, – Əfruz gərginlik keçirməsinə baxmayaraq, astadan dilləndi, – gücünüz, imkanınız haraya çatırsa, oraya da müraciət edin, – ayağa qalxdı, – indi isə otağı tərk edib növbənizi gözləyin, əks halda mühafizə xidmətinə müraciət etməli olacağam.
-Edin! Haraya, kimə istəyirsiniz müraciət edin! Mən heç kimdən qorxmuram!Eşidirsiniz, qorxmuram!
Düymənin basılması ilə mühafizəçilərin otağa gəlişi bir oldu. Kişini, çığır-bağırına məhəl qoymadan qoluna girib otaqdan uzaqlaşdırdılar.Hay- küy dəhlizdə də bir qədər davam etdikdən sonra ara yenidən sakitləşdi.
Lakin Əfruzun əsəbilik keçirməsi açıq- aydın hiss olunurdu.Pasientlərlə xoş davranmağa çalışsa da,səsinin ahəngi daxili sarsıntısını büruzə verirdi.
Sonanın da kefi pozulmuşdu.Xəstələrin hər hansı səbəbdənsə, yerli- yersiz iradları ürəyini göynədirdi.Bəzən onlara haqq qazandırırdı, bəzən qınayırdı da…
İşdən çıxıb, adəti üzrə tələsmədən dayanacağa doğru yeridi.Yolüstü , gözü heç vaxt diqqətini cəlb etməyən mağazalara sataşdı.Onları sanki ilk dəfə görürdü.Diqqətini cəmləyib, vitrindəki manikenlərin əyninə geyindirilmiş libaslara baxdı.Yanından keçən iki qadının danışığını eşitdi:
-Gəl, dediyim mağaza budur.Ən gözəl, zövqlü geyimlərimi həmişə buradan alıram.Qiymətləri də münasib olur.Tanış satıcı demişdi ki, yaxın günlərdə təzə mal alacaqlar. Keçək içəri, bəlkə özümüzə uyğun nəsə oldu.
Digər qadın da razılaşıb başı ilə deyilənləri təsdiq etdi.Hər ikisi qol- qola girib mağaya daxil oldu.Sona dayanıb onların ardınca baxdı.Son zamanlar nə vaxt geyim mağazasında olduğunu xatırlamağa çalışdı.Bir o qadınların geyiminə, bir də özünün əyin- başına baxdı.Müqayisəyə gəlməyəcək bir təzad gördü.Həyatdan küskünlüyünün daha bir acı təzahürü ilə üzləşdi.
Özündən asılı olmadan qadınların ardınca həmin mağazaya daxıl oldu.Satıcının münasibətindən həqiqətən də o qadınlarla yaxınlıqları hiss olunurdu. Qız onlara növbənöv, çeşidbəçeşid geyimlər təklif edirdi.Sona bu mənzərəni seyr etdikcə, həyatdan nə qədər geri qaldığını, mənasız, maraqsız bir ömür sürdüyünü düşünür,öz halına acıyırdı.Kifayət qədər qazancı olduğu halda özünü həyatın ən adi zövqlərindən belə niyə məhrum etmişdi görəsən?
Qadınları yola salıb yenidən müştərilərin xidmətində dayanan satıcı qıza yaxınlaşdı.Yeni geyimlərdən seçməkdə ona yardım etməsini xahiş etdi.
Qız nəzakətlə onun yaşına, ölçüsünə uyğun gələn bir neçə geyimi təklif etdi.Sona onların hər birini geyinib güzgünün önünə keçdikcə, özünü tanımırdı.İlahi, libas insanı necə dəyişərmiş!İndi ona güzgüdən tamam başqa bir Sona baxırdı.
-Bəyənirsinizmi?, – satıcı qız gülümsədi, – bu geyimə yaraşıqlı dikdaban ayaqqabı, münasib çanta və uyğun saç düzümü də əlavə olunsa, olarsınız model.
Sona nə deyəcəyini bilmədi.Güzgüdə bir də özünə baxdı.O , həqiqətən də yaraşıqlı imiş…
-İstəsəniz, sizə yardımçı ola bilərəm, – satıcı qız onu fikirdən ayırdı.
-Bəli…, – Sona cavab verdi, – mümkünsə, olun.Mən…mən…” Mən özümü həyatdan o qədər təcrid etmişəm ki, zövqlü geyimin də nə olduğunu unutmuşam” demək keçdi könlündən.Susdu…
-Elə isə, qonşu şöbəyə keçək, qızlarımız geyiminizə uygun nə lazımdırsa, tapıb verəcəklər.
Elə də oldu. Çox qısa bir müddətdə güzgü qarşısında sözün əsl mənasında şahzadə xanım dayanmışdı.
-Saçlarınızı da məncə, – satıcı qız mehribanlıqla dilləndi, – yığmaq lazım deyil. Çiyinlərinizə tökülsə lap gözəl olar.Rəngini də dəyişmək olar.
Beləcə Sona aldığı geyim əşyalarını götürüb,çox yüksək əhval- ruhiyyə ilə mağazadan çıxdı.Daxilində bir toy- büsat vardı sanki.Həyat donduğu yerdən hərəkətə gəlməyə başlamışdı.Elə bil kimsə qulaqlarına “ Həyat davam edir, Sona, – pıçıldayırdı, – hissiyyata qapılma.Gözəlliyinə gözəllik qat, həyatdan zövq almağı bacar.Boş xəyalların əsirinə çevrilmə, qayna- qarış, həyata gülümsə.”.
Evə çatanda artıq hava qaralmışdı.Şam yeməklərindən çox vaxt imtina edən Sona bu gün nədənsə aclıq hiss edirdi.Hətta könlündən , mövcudluğunu çoxdan unutduğu radionun düyməsini basıb musiqi dinləmək də keçdi. Sanki evinin, otaqlarının da işığı artmışdı..
Telefon zəng çaldı:
-Alo!
-Axşamın xeyir.
-Axşamınız…
-Sona, – məchul səs onun sözünü kəsdi, – gəl rəsmiyyəti aradan qaldıraq.
-Yaxşı, – qız pörtdü.
-Bilirsən nə düşünürəm?
-Nə?
-Bizim münasibətlərimiz hardasa…gizlənpaç oyununa oxşayır.Danışırıq, dərdləşirik, amma kiminlə ? Bax bunu bilmirik.Bəlkə…bir-birimizi daha yaxından tanıyaq?
-Yaxından, yəni necə?, – qızın ürəyi əsdi.
-Mənim bir təklifim var.Bəlkə…qarşıdakı istirahət günündə bir kafedə əyləşib söhbət edək? Üz- üzə, öz gözə…
-Buna ehtiyac varmı?, – qız özünü itirdi.
-Məncə…var.Həm yaxından tanış olarıq, həm də anamın müalicəsi ilə bağlı bəzi məsləhətlər verərsən.Olarmı?
-Nə deyim…mən..mən…, – gözü divardakı şəklə sataşdı, – mən…
-Bu, adi tanışlıq olacaq əzizim, narahat olma. İki insanın adi tanışlığı.Hə…nə deyirsən?
-Mən …heç vaxt….
-Sona, səni heç kim, heç nəyə məcbur etmir.Biz sadəcə tanış olacağıq.Bir dost kimi.Bilirəm, hiss edirəm…buna hər ikimizin ehtiyacı var.
-Bir söz deyə bilmərəm, – Sona iradəsini topladı, – ananızın vəziyyəti necədir? Mən indi də sizə…sənə yardımçı ola bilərəm.Məsləhət, kömək lazımdırsa…
-Demək razılaşdıq.Bu bazar tanışlığımız baş tutacaq.iki gündən sonra.Səbrim çatmasa da, dözmək məcburiyyətindəyəm.
-E…E…Bilirsiz,..bilirsən…
-Danışdıq.İndi isə dincəl.Gecən xeyrə qalsın.
-Xeyrə qarşı, – qız zorla dilləndi.


ARDI VAR.



Govher Rüstamova
www.kafiye.net