Oxusana

Bilməm nədən son zamanlar, bir az təbim olan kimi,
Daxilimdən gileyli bir səda gəlir: “Ox! Usan, a…
bəsdi daha, nə etmisən, yaddaşında qalan kimi,
götür köhnə yazıları, qarşına qoy, oxu…Sana!”

Dünya sağmal inək kimi, sanki deyir, məni əmin,
Pulun, malın çoxalacaq, varsa əgər “dayin”, “əmin”,
Bu həyatda bircə şeydən, nəhayətdə ol ki, əmin,
Qaçammazsan, Fələk özü tuşlayıbsa oxu sana.

İndi sanki bir çoxunun yox bədən üstə ə, səri,
Xalqı salıb yaman günə savadsızlığın əsəri,
Deyirsən ki, yoxdu yazan indi babat bir əsəri,
Heç olmasa, Nizamini, Füzulini oxusana!

Qəlbim incə, dilim zəhər, dostlar içrə bu cür “Ad”am,
Ürəyim soz okeanı, vardır “Təcnis” adlı adam,
Şeirimə nəzər salıb, ay gözəl rəy yazan adam,
Nolar, dünya dağılmaz ki, bircə bəndin oxusan, a…

Adətdir ovçuya demək…Uğurlu olsun ovun, a,
Bilmirəm ki, necə yazım, oxucu qəlbi ovuna,
Çingizəm, var söz silahım, çıxmışam şərin ovuna,
Heç olmasa, yanımda dur, atdığım hər oxu sana!



Çingiz Kürdəmirli.
www.kafiye.net