XƏYALLARIN ƏSİRİ.(povest) 2.


Həmişəki qaydada özünə yüngül şam yeməyi hazırladı. Həvəssiz də olsa, bir-iki qaşıq yeyib, boşqabı əli ilə kənara çəkdi.Çox sevdiyi məşhur bir filmdən tənha qadının monoloqunu xatırladı:”İş, ev…Ev, iş…səhər yerimdən qalxıb kofe dəmləyirəm, ona görə yox ki, istəyirəm, ona görə ki, belə lazımdır…”.Gülümsədi.Sən demə, bütün tənha qadınların taleyi oxşarmış.Həyat onlar üçün sadəcə nələrinsə könülsüz icrasından ibarətdir, istədi, istəmədi…
Masanın üzərindəki jurnalı da həvəssiz vərəqlədi, televizordakı kanalları da bir neçə dövrə vuraraq dəyişdi, sonda söndürməyi qərara aldı.Həyatındakı gündəlik axşam sükutlarından qurtulmaq üçün çıxış yolunu erkən yatmaqda görürdü. Tənbəl- tənbəl çarpayısına yaxınlaşdı.Anasının şəklinə bir də baxıb işığı söndürdü.
Yuxusu da gəlmirdi.Yerində bir neçə dəfə o tərəf- bu tərəfə çevrildi.Havası da çatmırdı sanki. Qalxıb yenidən işığı yandırdı,nəfəsiyi açdı…Gözü yenə anasının şəklinə sataşdı.”Həmişəki kimi haqlısan ana…, – düşündü, – illərimi bada verib oturmuşam.Nə ailəm var, nə də başımı qatan balalarım.Qohumların, dost- tanışın da başı özünə qarışıb.Mənsə…mənsə tənhayam…çünki öz prinsiplərim var.Həyata baxışım fərqlidir.Ömür-gün yoldaşımı öz düşüncələrimə uyğun şəkildə görmək istəyirəm.Neyləyim ana…başqa cür ola bilmirəm.Xəyalımda qurduğum həyatı vurub uçura bilmirəm, ona xilaf çıxa bilmirəm.Məgər…məgər bu, günahmı?, – gözləri doldu, -görürsən, sən də susursan…Çünki sən də mənim haqlı olduğumu bilirsən.”
Yenidən işığı söndürüb yatağına uzandı.Yuxulamağa çalışdı.
Hər səhər hava işıqlaşanda ürəyi dinclik tapır, gecənin üzücü sükutundan qurtulub rahatlayırdı sanki.
Həmişəki kimi otağına əl gəzdirib yuyundu.Səhər yeməyini yeyib, evdən çıxmağa hazırlaşdı.Özündən biixtiyar saata baxdı.Dünənki vaxt idi.Hə, telefonu dünən bu vaxt zəng çalmışdı…Amma…indi…indi susurdu.
Fikirləri özündən qovub, çantasını götürdü.Bir divardakı şəklə, bir telefona baxdı.Divar saatı isə tıqqıltısıyla ona zamanı xatırladırdı.
İş yerinə vaxtında çatdı.Həmişəki kimi başı yenə xəstələrə qarışdı.Günün sonuna kimi fasiləsiz işlədi.İş saatı bitdikdə hamı kimi özünü evə tələsirmiş kimi göstərsə də, əslində məhkum olduğu axşam sükutuna heç də can atmırdı.Amma qəlbində oyanan kişik bir qığılcım onu nəyəsə ümidləndirməyə başlamışdı.
Bu axşam həmişəkindən fərqli olaraq nə isə gözləyirdi…Məchul bir hissiyyat vardı daxilində.Telefonsa…susurdu.Vücuduna üşütmə gəldi. Anasından qalmış yun şala bürünüb, divana oturdu.
Qəfil zəng sakitliyi pozdu.Sona diksinib yerindən dikəldi.Zəng yenə çalındı.Bir də…bir də…Qız ehtiyatla dəstəyi qaldırdı:
-Alo!, – səsinin titrədiyini özü də hiss etdi.
-Alo!, – həmin səs idi.
-Eşidirəm.
-Narahat etmədim ki?
-Y…yoox.
-Bu, yenə mənəm, – araya sükut çökdü, – bağışlayın…bəlkə də…
-Ananız necədir?
-İndi yaxşıdır.Dərmanlar bir müddət kömək edir, amma sonra hər şey yenidən başlayır.
-Anlayıram sizi.Mən də anamın xəstəliyi qarşısında aciz idim.Bu, həyatın ən çətin imtahanıdır məncə.
-Elədir.Həyatından artıq sevdiyin inasanın göz görə- görə…
-Bəli.Sizi yaxşı başa düşürüəm. Amma yenə də özünüzü ələ almağa çalışın.
-Çalışıram. Başqa əlacım da yoxdur.Həyatda çox şeylərlə barışdığım kimi, bununla da barışmağa məcburam.
-Elə mən də…
-Bizi deyəsən eyni dərdlər haqlayıb.Bəlkə də…elə o səbəbdən…
-Nə? O səbəbdən nə?
-Necə deyim…sanki kimsə zəng vurmağa məcbur edir məni.Sanki…həsrətində olduğum bir səsdir bu səs…
-E…, – Sona özünü itirdi, – hansı səs?
-İndi eşitdiyim səs.Tanımadığım, üzünü görmədiyim bir insanın məlhəm səsi…Sözlərimdən inciməyin xahiş edirəm.Bu səs indi mənim yeganə təsəllimə çevrilib.
Sona nə deyəcəyini bilmədi.Necə deyəydi ki, o da illərlə xəyalında yaşatdığı bir səslə rastlaşmışdı.Onun da bu səsə ehtiyacı vardı.
-Bəlkə də sizə narahatlıq yaşadıram, – səs yenidən dilləndi, – amma xahiş edirəm, bu təskinliyi mənə çox görməyin.
-E…, – qız udqundu, – nə deyim vallah.
-Narahat edirəmsə, bir də zəng vurmaram.
Sonanın gözü yenə divardakı şəklə sataşdı.
-Y…yox…narahat etmirsiniz, – özünü sanki bu sözləri deməyə məcbur etdi.
-Sevindirdiniz məni.Hətta deyərdim ki, şərəf verdiniz.Amma biz heç adlarımızı da bilmirik.Gəlin, məndən başlayaq.
-Başlayaq.
-Adım Tahirdir.Babamın adıdır.
-Adım Sonadır.Nənəmin adıdır.
Hər ikisi güldü.
-Qəribə oxşarlıqlardır, deyilmi?, – Tahir hələ də gülməyə davam edirdi, – Açığı , adımdan heç xoşum gəlmir.
-Elə mənim də.
-Niyə ki? Sona gözəl addır. Ata- babalarımız gözəlləri məhz belə adlandırıblar.
-Nə bilim. Əslində…elə bir gözəlliyim də yoxdur.
-Adətən gözəl qadınlar belə deyirlər.Yaraşıqsızlar isə onu heç vaxt etiraf etmirlər.
-Yaraşıqsız qadın yoxdur məncə.
-Niyə ki var.Bütün varlıqların yaraşıqlısı da var, yaraşıqsızı da.Yaraşıqlılar özlərinə arxayın olduqları üçün çox zaman həmin ifadəni çox rahat işlədirlər.
-Psixoloqsunuz demək.
-Yox. Çox sadə bir peşə sahibiyəm.Bax, sizin peşəniz daha maraqlıdır.Həm də gərəklidir.
-Gərəklidir…hə, başqalarına…
-Bəs özünüzə?
-Özümə…özümə isə…özümə isə qənim kəsilmişəm.
-Elə niyə?
-Bilmirəm.Yəqin ki, bu belədir.
-Maraqlıdır.Hərdən bu fikir mənim də ağlıma gəlir.Nə isə…Qəmgin notlara köklənməyək.
-Hə.
-Axşamlar sizə…e…sənə zəng vurmağa etiraz etmirsən ki…Sona?
-E…e…nə deyim…zəng vurun…vur…Tahir…, – anasının şəklinə baxdı.İndi şəkildəki gözlər gülümsəyirdi sanki.
-Səni çox yormayım Sona.Gecən xeyrə qalsın.
-Xeyirə qarşı, – Sonanın səsi titrədi.
-Sabah yenə zəng vurummu?
-Vurun…vur…



ARDI VAR.



Govher Rustamova
www.kafiye.net