XƏYALLARIN ƏSİRİ.(povest) 1.



Sona ayaqqabılarını tələsik geyinib, çantasını götürdü.Mənzilə nəzər salıb evdən çıxırdı ki, telefon zəng çaldı.Əhəmiyyət verməyib getmək istədi, lakin fasiləsiz çalınan zəng ona sanki “ Getmə, ayaq saxla!” deyirdi.Qız duruxdu.” Görəsən səhər tezdən kim ola? Xeyirdirmi?”.
Anasının ölümündən sonra qəfil zənglərdən qorxurdu.Nə isə pis xəbər eşitmək xofu vardı.Bir il ötməsinə baxmayaraq bu hissi özündən kənarlaşdıra bilmirdi.
Telefon isə susmurdu ki, susmurdu…
Nə etməli? İşə geciksəydi üzü danlanacaqdı, nigaran da getmək istəmirdi. Hər halda, səhər tezdən edilən zəng səbəbsiz deyildi.
Tərəddüd içində geri dönüb dəstəyi qaldırdı:
-Alo.
-Alo, alo ana! Eşidirsən məni ana? Eşidirsənmi? Cavab ver!,- naməlum kişi səsi idi.
-Alo, bir dəqiqə!
-Nə bir dəqiqə! Məni eşidirsənmi? Düzünü de, halın çox pisdirmi?
-Alo! Məni dinləyin!
-Hə? Kimsiz? Anama nəsə oldu? Düzünü deyin! Ana! Ana!
-Sakit olun, siz səhv düşmüsünüz! Özünüzü ələ alın!
-Hə? Necə? Necə yəni səhv…
-Bəli, səhv düşmüsünüz.Burada sizin ananız yaşamır.
-Ola bilməz! Nə danışırsınız!Mən öz mənzilimin nömrəsini yığmışam! Siz kimsiniz?Cavab verin!
-Kimliyimin əhəmiyyəti yoxdur! Bura mənim mənzilimdir .Dedim ki, səhv düşmüsünüz!
-Necə?, – səs bir qədər yavaşıdı, – nömrəni səhv salmışammı?
-Bəli! Məni də işimdən- gücümdən etdiniz.Sizə görə üzüm danlanacaq.
-Bağışlayın siz Allahımız! , – səs bir az da sakitləşdi, – bu, hansı nömrədir ki?
-Siz hansı nömrəni yığırdınız?
Naməlum səs nömrəni söyləyəndə Sonaya hər şey aydın oldu.Gülümsədi:
-Hə dedim axı, səhv düşmüsünüz..Beşin əvəzinə altını yığmısınız.
-Bağışlayın, sizdən dönə-dönə üzr istəyirəm. Başımı itirmişəm vallah!Nə etdiyimi özüm də bilmirəm! Bağışlayın!
-Eyb etməz.Olan işdir. Sakitləşin, ananıza yenidən zəng vurun.Ümid edək ki, hər şey yaxşı olacaq.
-H…hə…bəli.Təki elə olsun. Anam mənim dünyamdır! Ona bir şey olsa, yaşamaram bu həyatda!Bağışlayın…bağışlayın…
-Sağ olun.
-Sağ olun.Üzrlü hesab edin.
Sona dəstəyi yerinə qoyub, dəhlizdəki kətilə əyləşdi.Sanki bir aləmdən qopub başqa birinə düşdü.
Anasının xəstə yatdığı günləri xatırladı…Həmin günlər həyatının ən acı günləri idi.Tibb işçisi olduğundan vəziyyətin nə qədər kritik olduğunu yaxşı anlayırdı.Anasının günbəgün solan çöhrəsi ömür budağından düşməyə hazırlaşan sonuncu yarpağa bənzəyirdi.Dərdinin dərmanı isə yox idi.Öz acızliyinə özünün də acığı tuturdu.Ananın vəziyyəti isə gün- gündən pisləşirdi…
Əl telefonuna gələn zəng onu fikirdən ayırdı.Cəld çantasını açıb telefonu götürdü:
-Bəli.
-Sona xanım, – xadimənin səsi idi, – hardasınız? Salamatçılıqdırmı?
-H…hə…narahat olma, evdəyəm.
-Evdəsiniz? Niyə? Nə olub?
-Ciddi bir şey olmayıb, gəlirəm.
-Bilirsiz, -xadimə astadan danışmağa çalışdı, – Əfruz xanım əsəbiləşib.Xasiyyətinə bələdsiniz də, gecikən adamlardan xoşu gəlmir.
-Hə, bilirəm, – Sona gülümsədi, – narahat olma ,taksi ilə gələcəyəm, – saatına baxdı, – uzağı on beş dəqiqəyə ordayam.
-Yaxşı, tez gəlin.
Sona evə bir də nəzər salıb qapıdan çıxdı.Pillələri tələsik düşüb , qarşısına çıxan ilk taksini saxladı.
Nədənsə həmişəkindən fərqli olaraq yol ona rahat görünürdü, hətta mənzil başına çatmaq belə istəmirdi.Beləcə uzaq bir yol getmək keçirdi könlündən…sakit, uzaq bir yol…
-Buyurun, çatdıq xanım!, – sürücünün səsi eşidildi.
Sona yuxudan ayılmış kimi ətrafa baxdı. Bəli, maşın işlədiyi klinikanın qarşısında idi.
Gediş haqqını ödəyib maşından düşdü.Rastına ilk çıxan xadimə oldu:
-Salam Sona xanım. Narahat oldum sizə görə, – səsini yavaşıtdı, – Əfruz xanım bir söz desə ürəyinizə salmayın. Əsəbidir nəsə.
-Narahat olma, – Sona gülümsədi, – Bir söz deməz.
Əfruz xanım həqiqətən də əsəbi görünürdü.Sonanın gəlişinə qaşlarını qaldırıb, gözlərini süzdü:
-Xeyirdirmi Sona ? Bu nə vaxtın gəlməyidir?Məsuliyyətsizliyinin sonu olacaq, ya yox?
Sona bir söz deməyib paltosunu çıxardı.Ütülü, qar kimi dümağ xalatını geyinib masasına yaxınlaşdı.Yerinə əyləşib stolun üstündəki sənədləri gözdən keçirməyə başladı.
-Belə hallar təkrarlansa, baş həkimə hesabat verməli olacağam!, – Əfruz xanım yenidən kükrədi, – bura adlı- sanlı klinikadır.Nüfuzuna xələl gətirəcək heç bir hərəkətə göz yummaq olmaz.
-Hesabat vermək sizin hüququnuzdur, – Sona təmkinini pozmadı, – bunu sizə heç kim qadağan edə bilməz, – başını qaldırıb həkimin düz gözlərinə baxdı, – insani hisslər isə…ayrı-ayrı fərdlərə məxsusdur.Onların hesabatı daha ağır olur…
Son cümlə Əfruzu yaman tutdu.Qaşlarını düyünləyib, acıqla üst dodağını dişlədi.
Gün ərzində klinikaya gələnlərin sayı çox olsa da, Sona yorulmamışdı.Xəstələrin hər birini eyni mehribanlıqla qarşılayıb, yola salırdı.
İş gününün sonuna yaxın idi. Klinikada yalnız tibbi personal qalmışdı.Sona xəstəlik tarixçələrini bir də gözdən keçirib həkimə təhvil verdi.
Əfruz onun bacarıqlı kadr olduğunu yaxşı bilirdi.Hətta xəstələrin ondan çox Sonaya müraciət etmələri, Sonanı daha çox sevmələri də diqqətindən yayınmırdı.
Qış olsa da, hava mülayım idi.Sona dayanacağa qədər piyada getməyi qərara aldı.Sakit, tələsmədən , ciyər dolusu hava ala- ala addımlayırdı.Əslində tələsən yeri də yox idi.Anasından sonra ev onu çox sıxırdı.Hara baxırdısa onun surətini görürdü.Ara-sıra qulaqlarına onun səsi də gəlirdi:” Bax, təksən Sona!Gördünmü ,mən deyən oldu.Başımı yerə qoydum, qaldın tək- tənha…mən burda necə rahat yatım, hə? Necə arxayın uyuyum? Bundan sonra necə olacaqsan?”.
Fikir-xəyal içində avtobusa necə minib- düşdüyünün də fərqində deyidi.Yeknəsək həyat tərzi get-gedə hər şeyə marağını söndürürdü.
Mənzilin qapısını açıb, işıqları yandırdı.Gözü divardakı çərçivədən ona baxan şəklə sataşdı. Anasının şəklinə…Ana indi ona başqa cür baxırdı sanki…
Ayaqqabılarını soyunub sakitcə otağa keçdi.Divana əyləşib yenə şəklə baxdı.Ananın mehriban gözlərindən kədər oxunurdu:” Sona, özünü düşün, mənim balam! Yaşın ötür.Nə vaxta qədər tənha qalacaqsan? Gələcək həyatın üçün çalış.İnsana isti ocaq, etibarlı həyat yoldaşı, övlad lazımdır. Həmişə gənc, gözəl olmayacaqsan.Bunları niyə anlamaq istəmirsən axı? Sağlığımda dinləmirdin məni…Həyatdan narahat köçdüm…heç olmasa…heç olmasa, indi eşit məni barı…Qızım, nə qədər gec deyil, həyatını qur.Sonra peşiman olacaqsan!Bax, qohumda, dost- tanışda nə qədər istəyənlərin vardı.Heç birinə məhəl qoymadın.” Mən yalnız xəyalımdakı insanla ailə quracağam!” dedin.Hanı? Hanı xəyalındakı adam, hə? Ömür boyu onumu gözləyəcəksən? Xəyalla yaşamaqmı olar? Özün də hiss etmədən əsirə çevrilmisən…xəyallarının əsirinə…”.
Telefon zənginə diksindi.Bircə anda ananın səsi də, surəti də yoxa çıxdı.
-Alo!.
-Alo! Salam.Bu, yenə mənəm.Narahat etmədim ki?
-Kimdir?,- Sona səhərki səsi tanısa da, özünü etinasız göstərməyə çalışdı.
-Bağışlayın, səhər sizə narahatlıq yaşatdım.Zəng vurdum ki…
-Hə, yadıma düşdü.
-Səhər anamın vəziyyəti yaxşı deyildi.Tez- tez təzyiqi qalxlr.Həm də uzun illərdir ki, şəkər xəstəsidir.Böyrəkləri demək olar ki, tam sıradan çıxıb.
-Anlayıram.
-Səhər işə yenicə çatmışdım ki, qonşu qadın əl telefonuma zəng vurdu.Özümü itirdim.Anama nəsə olduğunu zənn etdim.Çaşbaş qalıb öz evimin əvəzinə sizin nömrəni yığdım…
Olur…həyatda hər şey olur. İndi ananızın vəziyyəti necədir?
-Şükür, hələ ki, yaxşıdır.Anamı canımdan çox sevirəm.Həyat mənim üçün sanki ondan ibarətdir.Əlimdən gələni edirəm, lakin xəstəlik öz işini görür.Belə vaxtlatda çox üzülürəm.
-Sizi anlayıram.
Sona az qala “ Özüm də o hissləri yaşamışam” demək istəyirdi ki, fikrindən döndü.
-Məni anlamaq üçün gərək yaşadıqlarımı yaşayasan…, – səs qəhərləndi.Nə isə…başınızı ağrıtmayım…
Sona səsdən ayrılacağı məqamı hiss edib daxıli bir həyəcan keçirdi. Necə deyəydi ki, yox, başımı ağrıtmırsınız.Əksinə, sizi dinləmək xoşdur.Danışın…Qız səsin sehrinə düşmüşdümü?Bu, nə idi? Niyə ayrılmaq istəmirdi o səsdən?Üzünü görmədiyi bir insanın surətini canlandırırdı o səs…Elə bir surəti ki, qız onu illər boyu xəyalında yaşadırdı.Və…o xəyalına da sadiq qalıb tənhalığına hökm vermişdi.
-Qonşuluqdakı qadın anamın yaxın rəfiqəsidir, – səs yenidən dilləndi, – mən işdə olduğum müddətdə anamın yanında olur.Ona arxayınam.
-Bilirsiniz, mən tibb bacısıyam, – Sona ürəkləndi, – ananıza tibbi hər hansı yardım lazım olsa, sizə kömək edə bilərəm.
-Doğrudanmı?,-səsin ahəngi dəyişdi, – nə xoş təsadüf! Əslində təsadüfi heç nə yoxdur.Bu, yəqin ki…zərurətdir.
-Bəlkə də.
-Adınızı bilməsəm də…hər halda çox xoş oldu.Sağ olun, salamat qalın.
-Sağ olun. Ananıza şəfalar diləyirəm.
-Minnətdaram.Sağ olun.
Sona yenə tək qaldı.Amma daxilində qəribə bir hiss vardı.Sanki qaranlıq bir otaqda , hansısa bir küncdə zəif bir şam yanmağa başlamışdı…



ARDI VAR.



Govher Rustamova
www.kafiye.net