İtmiş xatirələr!

Sökülən o evlərdə,
Xatirələr sökülür,
Uçur kərpiclər kimi,
Bir-bir yerə tökülür,

Çilik-çilik olur bax,
Pəncərə şüşəsi tək,
Yanır o xəyallar da,
Çıraq pərvanəsi tək!

Alışan xəyalların,
Qanadları qırılır,
Puç olan xatirənin,
Məhkəməsi qurulur!

Sökülən divarlarda,
Körpəliyim sökülür,
Gözlərim bulud olur,
Yerə leysan tökülür!

Bükülür qollarımız,
Çarpazlanır sinədə,
O bəxtəvər günlərə,
Biz dönürük yenə də!

O divarlar şahidi,
Xoşbəxt günlərimizin,
Gah yıxılan,gah duran,
Haray-ünlərimizin!

Orda uşaqlığımız,
Gəncliyimiz ötüşüb,
Ata-analı çağlar,
Yenə yadıma düşüb!

Sökülən divarlarda,
Xatirələr sökülür,
Düşür o günlər yada,
Gözdən yaşım tökülür!

Sökülən o evlərin,
Yerində ev ucalır,
Uçan xatirələrlə,
Körpə qəlbim qocalır!

Qayıdıb axtarsa da,
Tapa bilməyir axı,
Nəydi deyin Solmazın,
Axı nəydi günahı?


Solmaz Şirvanlı
17-02-2020
www.kafiye.net