HƏSƏD. 106 ( roman) son.



Sevil Azadın sevgisinə tam əmin olduğundan, indi özünü dünyanın ən xoşbəxt adamı hesab edirdi.Heç nəyə zərrə qədər də olsa şübhəsi qalmamışdı.Belə bir vəziyyətdə onu yalnız həqiqi məhəbbətlə sevən insan duyub başa düşə bilərdi.
Azadla sağollaşıb binanın girəcəyinə keçdi.Tələsik liftin düyməsini basıb gözləməyə başladı.Hər şeyi Arzuya danışmaqdan ötrü çox tələsir, səbrsizlənirdi.
Onu sevinclə qarşılayan bacısı elə qapının ağzındaca :
-Hə, Sevil, – dedi, – vaxtında gəlmisən, -sənə maraqlı xəbərlərim var.
-Elə mənim də, – Sevil xəfif gülümsədi.
-Təki br-birinizə elə xoş xəbərlər deyəsiniz balalarım, – Zəhra mətbəxdən onların səsinə səs verdi, – Keçin, keçin otağa, mən də əlimdəki işimi bitirim, gəlirəm.
Qızlar mehribanlıqla qucaqlaşıb otağa keçdilər.Sevil çantasını əlindən yerə qoyub müəmmalı bir təbəssümlə bacısına baxdı.Arzu onun üzündəki ifadədən məmnunluğunu hiss edib hər şeyin qaydasında olduğunu anladı.
-Sən əl- üzünü yuyub rahatlan, amma qulağın məndə olsun , – dedi.
Sevil razılaşıb əyin- başını dəyişdi, təmiz məhrəba götürüb otaqdan çıxdı.Şırıltı ilə axan sudan əl- üzünə çəkmək istəyirdi ki, yenidən bacısının səsi eşidildi:
-Hə, əvvəla onu deyim ki…, – Arzu onu intizarda saxlamaq istədi, – onu deyim ki….
-Ay qız, uşağın ürəyini çəkmə, işdən gəlir, yorğundur, keç mətləbə, – əllərini qurulayan Zəhra Arzunu dümsüklədi, – tez sevindir bacını.
-Yaxşı, – Arzu razılaşdı, – üzünü qurulayan Sevilin əlindən məhrəbanı alıb asılqandan asdı, – evimizin təmiri tam başa çatıb.
-Doğrudan?, – Sevilin gözləri parıldadı, – hardan bildin?
-Çingizlə gedib baxdıq.İnan, bacı evi görsən tanımazsan.Hər tərəf adamın üzünə gülür.Çox böyük zövqlə təmir olunub.Baxdıqca doymaq olmur.Qaldı çılçıraq, pərdələr və mebel məsələsi…onu da yaxın günlərdə həll edəcəyik.Çingiz deyir ki, onları özü də alıb yerləşdirə bilərdi, amma mənsiz etmək istəmir.Bazar günü birlikdə gedib evimiz üçün avadanlıqlar seçərik, yaxşımı?
-Yaxşı, – Sevil gülümsədi, – heç inana bilmirəm ki, o mənzil nəhayət ki…
-İnanmaq lazımdır, – Zəhra masanın üzərinə səliqəli süfrə saldı, – Allah deyir, niyyətin hara, mənzilin də ora, – şam yeməyi üçün hazırlıq görməyə başladı.
Anasının mətbəxə keçməyindən istifadə edən Azru:
-Hə, – dedi, – başqa bir xəbərim də var. Nübarla bağlı.
-Nübarla bağlı?,- qız duruxdu.
-Hə, – Arzu pıçıldadı, – yadındadır, demişdim sənə…bir dəfə onu yaraşıqlı bir oğlanla gömüşdüm…mmm…, – fikrə getdi, – adı yadımda qalmayıb.
-Zaur.
-Hə, Zaur.
-Aha.
-Evimizə baxıb çıxanda həyətimizdəki mağazaya da baş çəkmək istədim.Qəribsəmişəm sanki…
-Hə, mən də bacı.Harda olursan ol, adam doğma ocağını, doğma simaları istəyir.
-Elədir.Mən də nələrisə almaq bəhanəsilə Çingizdən icazə alıb, mağazaya girdim.Satıcılar məni görüb çox sevindilər, səni, anamı soruşdular.Birdən qoluma kimsə toxundu.Dönüb baxanda kimi görsəm yaxşıdır?
– Nübarı, – Sevil astadan dilləndi.
-Hə.Bir az da gözəlləşib.Mənimlə çox mehriban görüşdü, hal- əhval tutdu…bilirsən, mənə elə gəlir ki, o, sənə qarşı kin saxlamır.İncikliyi olsa da, unutmağa çalışır.Nübar doğrudan da əsilzadə qızdır,- sözünə ara verdi, – Allah xoşbəxt eləsin, deyəsən xeyir işə hazırlaşırlar.
-Eləmi?
-Hə, – Arzu, – anasının mətbəxdən gətirdiklərini alıb süfrəyə düzdü, – Həmin o Zaurla yaxın günlərdə nişanlanacaqlar.Utana- utana da olsa , özü dedi mənə.
-Xoşbəxt olsun, – Zəhra yeməyi çəkib süfrəyə qoydu, – hamının balası xoşbəxt osun, mənimkilər də onların içində, – birlikdə süfrəyə əyləşdilər, – Nübar çox yaxşı ailənin qızıdır.Heyf bura köçüb gələndən sonra onunla əlaqəniz kəsilib.Eybi yox, bir şey qalmayıb, yenidən birlikdə olarsız.
-Hə…, – Sevil ağzındakı tikəni zorla uddu.
-Anasından nə əcəb, – Zəhra əlini yeməyə uzatdı, – bu tezliklə qızı nişanlayır?
-Çingiz gözləyirdi deyə, söhbəti çox uzada bilmədim, – Arzu sakit cavab verdi, – tezliklə deyəndə ki…hələ toy etmək fikirləri yoxdur. Anası da bu izdivaca razılıq vermirmiş.Başa düşmək olar, hələ oxuyub təhsil almalıdırlar, oğlanın hərbi xidmət məsələsi var.
-Hə də, – Zəhra başı ilə təsdiqlədi, – onu deyirəm də.
-Oğlan evi birtəhər onu yola gətirib, – Arzu gülümsədi, – hələlik bir üzük taxılacaq ki, gənclər sərbəst olsunlar.Ətrafdan çəkinməsinlər.Gərək ki, bu bazar kiçik də olsa, nişan mərasimi olacaq.
-Nə gözəl! Təki bütün qapılara xeyir işlər nəsib olsun!, – Zəhra ikinci yeməyi süfrəyə vermək üçün ayağa qalxdı.
Arzu gözucu bacısına baxdı:
-Səni də soruşdu.
-Məni?
-Hə, – Arzu astadan cavab verdi, – o, səni həqiqətən çox istəyir, Sevil.Məncə…nə yolla olursa olsun, onun qəlbinə yenidən yol tapmalısan.Əməllərinlə özünə inamı yenidən bərpa etməlisən. Bilirəm, bu, asan olmayacaq…amma cəhd etməyə dəyər.Ən əsası, bacı…incimə sözlərimdən…içindəki həsəd hissini boğ.Sənin bütün bəlalarının başında o həsəd durur! Qov onu! Birdəfəlik məhv et! O zaman həyat başqalaşacaq.
-Hə, – Zəhra buğlanan yeməyi həvəslə ortaya qoydu, – balalarımın sevimli yeməyi! Nuş olsun!
Qızlar söhbətə ara verib analarının hazırladığı ləziz yeməyi iştahla yedilər.
Mətbəxi birlikdə sahmana salıb, öz otaqlarına çəkildılər.Arzu bacısını qucaqladı:
-Hə, indi danış görüm, səndə nə xəbər var.
-Məndə…, – Sevil də onu qucaqladı, – məndə də yaxşı xəbər var.
-Aha…, – Arzu yerini rahatladı, – danış görək.
Sevil Azadla arasında olan söhbəti bacısına danışdı.Arzu onu diqqətlə dinləyirdi və getdikcə də Azadın səmimiliyinə inanmağa başlayırdı:
-Bax, görürsənmi bacı, – dedi, – əsl sevgi də var, səmimiyyət də.İnam da var, etibar da.Qəlbinin qapılarını qapama.Onları qəbul etmək üçün aç, aç qapıları…qorxma.Onu da bil ki, bu hisslər yalnız saf ürəklərə, təmiz qəlblərə mehman olur. Həsəddən, paxıllıqdan, kin- küdurətdən uzaq yerlərdə məskən salır.
Mən indi həyata başqa cür baxıram, bacı, – Sevil kövrəldi, – saf məhəbbət mənim gözlərimi açdı.Həyata münasibətimi dəyişdi.Hər şey gözlərimdə başqalaşdı.Mən heç kimə…heç kimə həsəd aparmıram!İnan səmimiyyətimə! Çünki…özüm xoşbəxtəm!Azadın sevgisi ruhuma elə bir qida verdi ki, yaşamaq həvəsim birə- beş artdı.Bütün ağrı-acılarımı unutdum!Sanki…sanki kürəyim vüqarlı, əzəmətli bir dağa söykəndi.Həyatda elə bir insan tanımıram ki, məndən xoşbəxt ola! Həsəd aparmağa ehtiyac yoxdur, bacı.O həsəd illərlə içimi yedi, həyatımı bataqlığa çevirdi, yaxınlarımın gözündə hörmətdən saldı… Və…hələ nələr ola bilərdi, Allah bilir…Saflıq, təmizlik qarşısında isə duruş gətirə bilmədi! Məhv oldu.Yerini sevgiyə, məhəbbətə verdi.İndi mən tamam başqa düşüncələrlə yaşayıram.
-Sənə görə çox rahat oldum, bacı, – Arzunun gözləri doldu, – daxilimə bir sakitlik gəldi, – əminəm, tam əminəm ki, bundan sonrakı həyatını gözəl təməl üzərində quracaqsan.Daxili aləmində yalnız xoş hisslər yaşadacaqsan.Bax, o zaman anamız rahat nəfəs alacaq! Atamızın ruhu dinclik tapacaq!Xoşbəxt ol bacım! Qoy həyat hər zaman üzünə gülsün!Nə olursa-olsun, haqq- ədaləti, səmimiyyəti, dürüstlüyü əldən vermə.Doğru-dürüst yaşamağın özü ən böyük səadətdir!


SON.

Govher Rustamova
www.kafiye.net