KƏPƏNƏYİMSƏN

Sən elə incəsən, elə gözəlsən,
Çəmənəm, çiçəyəm kəpənəyimsən!
Sevgidən əzəlsən, eşqdən əzəlsən,
Ruhuma geydiyim nur köynəyimsən.

Bu həyat, bu ömür sənlə başlamış,
Sən demə öncəsi fənaya getmiş.
Qəlbimdə, könlümdə bir eşq qışlamış,
Səninlə oyanmış, çiləsi bitmiş!

Bahara dönübdü ömrün payızı,
Kəpənək- kəpənək sevgi uçurur.
Gözləmir qarşıdan gələn bu yazı,
Budağı göz- gözdü, puçur- puçurdu.

İçimdə bir sevda vaxtsız oyanıb,
Nə edim, vədəsiz zamanı seçib.
Taleyim al- əlvan rəngə boyanıb,
Rəngini kəpənək könlündən içib!



Təvəkkül Goruslu. 2020
www.kafiye.net