YARI ZARAFAT YARI GERÇƏK

SEVGİ BAŞLAYANDA

Əziz yarım, vəfadarım,
Gəl ol mənim ilk baharım.
Sənsiz nəfəs də almaram,
Mənim olsan qocalmaram.
Viran olar könül sənsiz,
Bülbül yaşamaz çəmənsiz.
Eşqimə olmaz yalanım,
Gəl başına mən dolanım.
Qoyma sızlaya bu yaram,
Bir ömürlük sənlə varam.
Sənin üçün bu dünyada,
Edərəm canımı fəda.

QOVUŞANDA

Əziz yarım canım mənim,
Həm gülmsən həm çəmənim.
Qurban ollam gözlərinə,
Şirin-şirin sözlərinə.
Olmusan evimin nuru,
Tanrı bunu özün qoru.
Sənlə olub evim təmiz,
Hələ süfrəm daha ləziz.
Könlündə olmasın qəhər,
Deyə, içərəm bil zəhər.
Acını şərbət bilərəm,
Öl desən vallah ölərəm.
Dur əzizim məni dinlə,
Çox xoşbəxtəm mən səninlə.

SEVGİ AZALANDA

Canım mənim yemək gətir,
Acam tez özünü yetir.
Yeriyirsən yaman asta,
Qadın gərək ola usta.
Yerində ola hər işi,
Cəldliyə edə vərdişi.
Bu nə tozdu masa üstə?
Ya pintisən ya da xəstə.
Mətbəxdə qab da qalmayıb,
Qadınlığın heç olmayıb.
Köynəyimdə qalıb ləkə,
Ürək lazım bunu çəkə.
Yeməyin də yoxdu dadı,
Haram olsun arvad adı.

BİTƏNDƏ

Ay qız səs ver de hardasan,
Elə bil ki, məzardasan.
Çağıranda tez cavab ver,
Elə qaç ki, titrəsin yer.
Bu gün evə gəlməyəcəm,
Dostlarla yemək yeyəcəm.
Bilməm çəkər neçə saat,
Gec gələcəm sən yıxıl yat.
Cavab ver də yekəlmisən?
Müftə yeyib kökəlmisən.
Bir özünə eylə nəzər,
Səni necə sevsin bu ər?
Zəhirmardı üzündəki,
Hər gün bir az artır çəki.
Əllərin də cadar-cadar,
Danışmağa etmə vadar.
Mən gedirəm salamat qal,
Yatağımı salonda sal.
Gələndə rahat uyuyum,
Yanında da olsun suyum.
Hə bir sözüm qaldı yenə,
İtil get dədən evinə.

SAF VƏ ƏBƏDİ SEVGİ QOCALANA QƏDƏR.

Yadındadırmı əzizim,
Saf sevgimiz vardı bizim.
O vaxt bir az cavan idik,
Necə keçdi yaş, bilmədik.
Yaşadıq biz sevə-sevə,
Səadət çilədik evə.
Sədaqətli olum deyə,
Gözüm baxmadı kimsəyə.
Budur indi qocalmışıq,
Fələkdən bir bac almışıq.
Nə oğul var indi nə qız,
Elə bizə qalmışıq biz.
Hər bir ili bərabərcə,
Çalışmışıq gündüz gecə.
Gözəl yeməklərin vardı,
Ağzımdan getməyib dadı.
Düşdükcə o, illər yada,
Deyirəm ki, bu dünyada,
Nə yaxşı ki, hələ varsan,
Mənim üçün sən cavansan.
Bax bu gün də elə şadıq,
Çünki bərabər yaşadıq.
Tut əlimi indi bərk-bərk,
Elə bərabər də ölək.



Müəllif. Metanet Duyğulu.
15.05.2019.
www.kafiye.net