ƏSL MƏHƏBBƏT

Dikilir səmaya gözlər hər axşam,
Göydən üstümüzə ulduzlar yağır.
Mələklər yandırıb milyonlarla şam,
Salır önümüzə nurlardan cığır.

Uçur başımızda sevgi mələyi,
Dörd bir yanımıza salıb izləri.
Alıb ağuşuna, üzərimizdən,
Önləmək istəyir yaman gözləri.

Başımız üstündə bəxt ulduzumuz,
Parlayıb sevgiylə baxır göz-gözə.
Bir zaman utanıb gizlənən ay da
Sevgiylə öpücük göndərir bizə.

Sayrışan ulduzlar verib əl-ələ,
Oynayıb, sevinclə yallı gedirlər.
Sevgi mələkləri, səcdə eyləyib,
Bizimçün Tanrıya dua edirlər.

Toxuyub əynimə bəyaz gəlinlik,
Buludlar, başıma salır ağ örpək.
Tutub qollarımdan endirir yerə,
Ata ocağından çıxan gəlin tək.

İyirmi beş illik o saf eşqimizdən,
Ulduzlar başıma çələng bağlayır.
Bizi qovuşduran mələklər gülür,
Şeytanlar onlara , baxıb ağlayır.

Hər kəsə beləcə göstərdi dünya,
Xeyirin şərdən öncə doğulduğunu.
Sevgimiz dünyaya sübut eylədi,
Əsil məhəbbətin var olduğunu.



Müəllif.M.Duyğulu.
26.01.2020.
www.kafiye.net